İlham Əliyev: "2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq"
Ölkədə aparılan dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın yeni bir modeli - Azərbaycan modeli formalaşıb. Bu modelin fərqləndirici xüsusiyyətini inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir. Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev birinci Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən yeni regional proqramı təsdiq etmişdir. Dövlət başçısı belə bir sənədin hazırlanması barədə hələ 2007-ci ildə - regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının imzalanmasının ildönümünə həsr olunmuş müşavirədə məlumat verərək bildirmişdir ki, qarşıda duran vacib vəzifələrdən biri də məhz Azərbaycanın regionlarında formalaşdırılan infrastrukturun Avropa İttifaqı meyarlarına çatdırılmasıdır.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında digər vacib məqam insan amili ilə şərtlənmiş, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində insan amilinin yüksəlişinə, bölgələrdə mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda inkişaf etməsinə zəmin yaratmışdır.
"Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən dövlət başçısı İlham Əliyev bölgələrdə yaşayan vətəndaşların sosial-infrastruktur baxımından paytaxtla bərabər səviyyədə layiqli həyat tərzinin təmin olunmasına, regional inkişafdakı fərqin doğurduğu mənəvi-psixoloji fəsadların aradan qaldırılmasına çalışmışdır.
Dövlət başçısının praqmatizmə və real əməli siyasətə söykənən siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, Cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" - deyə hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən dövlət başçısı eyni zamanda Nazirlər Kabinetinin müntəzəm olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Dövlət başçısı ötən 10 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Dövlət başçısının qətiyyəti və prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli fəaliyyətini şərtləndirməklə yanaşı, həyata keçirilən islahatların səmərəli nəticələr verməsini də təmin etmişdir.
Həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti Cənab İlham Əliyevin Prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, qiymətlərin tənzimlənməsi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Bu təbəqənin maraqları mütləq nəzərə alınır, hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.
10 İLİN UĞURLU STATİSTİKASI
Son 10 ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) 300 faiz artıb, yoxsulluq 50 faizdən 6 faizə enib, işsizlik 5 faizə qədər azalıb. Ötən müddət ərzində Azərbaycanda 1 milyondan çox iş yeri yaradılıb. Həmçinin, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olunub. Təkcə onu demək kifayətdir ki, 2013-cü ilin ilk 3 ayında qeyri-neft sektorunda müşahidə olunan artım 11 faizdən çoxdur. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. Başqa sözlə, paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı diqqətdə saxlanır. Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, su, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Prezident İlham Əliyev dəfələrlə çıxışı zamanı həyata keçirilən sosial-iqtisadi, infrastruktur layihələrin davam etdiriləcəyini və Azərbaycanın yüksək inkişaf edən dövlətlər sırasında olacağını vurğulamışdır.
Beləliklə, bu gün Azərbaycanda iqtisadi islahatlar uğurla davam etdirilir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, islahatlar artıq gözəl nəticələrə gətirib çıxarır: "Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. İqtisadi sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Buna görə, baxmayaraq ki, bu gün hələ də bəzi ölkələrdə böhran öz acı nəticələrini göstərməkdədir, Azərbaycanda nə böhranın ən qızğın çağında, nə də indi maliyyə və iqtisadi böhranın heç bir əlaməti yoxdur".
RƏFİQƏ KAMALQIZI