Bakı Ali Neft Məktəbi (BANM) ilə Fransa Neft İnstitutu (IFP School) arasında "Anlaşma Memorandumu" imzalanmışdır
Dünən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Bakıda rəsmi səfərdə olan Fransa Neft İnstitunun (İFP) rektoru Filip Pinşon və Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye Bakı Ali Neft Məktəbində olmuşlar. BANM rektoru E. Qasımov qonağa, dəvətini qəbul edib Bakıya səfər etdiyinə görə öz minnətdarlığını bildirmiş, onu ölkəmizdə və ali məktəbdə görməkdən məmnunluğunu ifadə etmişdir.
Tədbirdə çıxış edən E.Qasımov Azərbaycanın keçdiyi inkişaf yolundan danışaraq, bildirmişdir ki, müstəqillik əldə etdiyimizdən cəmi 21 il ötməsinə baxmayaraq, ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edərək, regionun aparıcı dövlətinə və dünya dövlətləri üçün əhəmiyyətli müttəfiqə çevrilmişdir. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu layihələrdən və islahatlardan danışan rektor bildirmişdir ki, ölkə başçısı Cənab İlham Əliyevin ən başlıca diqqət verdiyi sahələrdən biri də məhz təhsil sahəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirməliyik" şüarı da məhz bu sahəyə verilən diqqətin göstəricisidir.
Azərbaycana və Bakı Ali Neft Məktəbinə dəvət olunduğundan məmnunluğunu ifadə edən Fransa Neft İnstitunun (İFP) rektoru Filip Pinşon qeyd etmişdir ki, qloballaşan dünyada inkişafın əsas vasitələrindən biri müasir təhsil sistəminə və beynəlxalq təcrübəyə yiyələnməkdir. O, Fransa təhsil sisteminin dünya təhsil sistemindəki rolundan və əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, Fransa Neft İnstitutu (İFP) olaraq Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etməyə və təcrübələrini paylaşmağa hər zaman hazırdır.
Tədbirdə iştirak edən Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye qeyd etmişdir ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə olunmasını təqdirəlayiq hal olduğunu vurğulayan səfir bildirmişdir ki, Fransa Neft İnstitutu ilə Bakı Ali Neft Məktəbi arasında imzalanan bu protokol Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında günü-gündən inkişaf edən münasibətlərin göstəricisidir və səfirlik olaraq bu münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün hər cür dəstəyə hazırdırlar.
Daha sonra, Bakı Ali Neft Məktəbinin rektoru E. Qasımov və Fransa Neft İnstitunun rektoru Filip Pinşon arasında tələbə və müəllimlərin mübadiləsi, tədris proqramlarının inkişafı, birgə tədqiqatlar və elmi məqalələrin mümkün mübadiləsi, seminarların, konfransların və digər tədbirlərin təşkilində qarşılıqlı yardım, akademik nəşr materiallarının və digər informasiyaların mübadiləsi, müəyyən edilmiş inkişaf sahələri üzrə təlim layihələri çərçivəsində əməkdaşlıq, o cümlədən, diplomlu və diplomsuz kurslar üzrə əməkdaşlıq imkanları sahəsində "Anlaşma Memorandumu" imzalanmışdır.
Nəzakət