Prezident İlham Əliyev Şirvan şəhərinə səfər edib
İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov abidənin ətrafında görülmüş abadlıq işləri barədə Azərbaycan Prezidentinə məlumat verdi.
İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvana səfəri çərçivəsində "Cənub" Elektrik Stansiyasının açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, Ümummilli Liderin stansiyanın həyətindəki abidəsi önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev avtobusla stansiyanın ərazisini gəzdi.
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, son illərdə Azərbaycanda elektroenergetika sisteminin inkişafı ilə bağlı mühüm tədbirlər icra olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilmiş, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilmişdir. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılmışdır. Bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılmışdır ki, bu da ölkədə enerji sisteminin müasir tələblər səviyyəsində inkişafına təkan verir. Bütün bunlarla yanaşı, indi mövcud elektrik stansiyalarının modernləşdirilməsi prosesi vüsət almışdır. 2007-ci il dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan "Cənub" Elektrik Stansiyasında həyata keçirilən işlər də bunun bariz nümunəsidir. Bütün tikinti-quraşdırma və sazlama işləri respublikada ilk dəfə olaraq layihənin baş podratçısı yerli "Azenco" şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın ümumi ərazisi 20 hektardır. Tikintisində 800 nəfərin çalışdığı elektrik stansiyası fəaliyyətə başladıqdan sonra burada 215 nəfər daimi işlə təmin ediləcəkdir. Ərazidə olan köhnə yaşayış yerlərinin əvəzinə beşmərtəbəli 60 mənzilli bina, ikimərtəbəli mehmanxana, üçmərtəbəli qonaq evi, 14 fin evi və yeməkxana tikilmişdir. Stansiyanın ərazisində yaşıllaşdırma işləri aparılmış, 30 min ağac, 60 mindən çox müxtəlif gül kolu əkilmişdir. Ərazidə 61 min kvadratmetr sahədə beton yol salınmışdır. Hazırda əhalinin tələbatı nəzərə alınaraq ötürücü və paylayıcı şəbəkələrin genişləndirilməsi istiqamətində atılan addımlara, bu məsələdə ekoloji təhlükəsizliyin diqqət mərkəzində saxlanmasına xüsusi əhəmiyyət verilir. Bu prinsip "Cənub" Elektrik Stansiyasının fəaliyyətində də başlıca meyara çevrilmişdir. Bu mühüm amili şərtləndirən digər məsələ indi Azərbaycanda bərpa olunan və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi diqqətin göstərilməsidir. Bununla bağlı artıq konkret tədbirlər həyata keçirilir və bu da ölkəmizin elektroenergetika infrastrukturunun daha da möhkəmləndirilməsinə xidmət edir. "Cənub" Elektrik Stansiyası isə böyük regional infrastruktur layihəsi olmaqla ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verəcəkdir.
Ölkənin cənub bölgəsində 50 il əvvəl istismara verilmiş "Şirvan" Elektrik Stansiyası istismar müddətini iki dəfə başa vurduğuna görə Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Şirvan şəhərində "Cənub" Elektrik Stansiyası inşa edilmişdir. Stansiyanın gücü 780 meqavatdır. Prezident İlham Əliyev "Sahil" nasos stansiyasında oldu. Bildirildi ki, nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 80 min kubmetr olan üç qaz kompressoru quraşdırılmış, Kür çayı üzərində diametri iki min millimetr olan iki kollektorlu 4 nasosdan ibarət 3 kilometr uzunluğunda su soyuducu sistem yaradılmışdır. Burada 2 köməkçi işəsalma və qızdırıcı qazan quraşdırılmışdır. Stansiyada hər birinin məhsuldarlığı saatda 100 ton olan iki qurğudan ibarət sutəmizləmə sistemi də fəaliyyət göstərir. "Sahil" nasos stansiyasında quraşdırılan avadanlıq ən müasir tələblərə cavab verir.
Dövlətimizin başçısı "GİS" tipli qapalı 330/220/110 kilovoltluq yarımstansiyanın fəaliyyəti ilə də maraqlandı. Burada xidmətə ehtiyacı olmayan qazla izolə edilmiş üç qapalı yarımstansiyada hər birinin gücü 180 meqavolt amper olan 6 yüksəldici transformator, hər birinin gücü 250 meqavolt amper olan 4 sistem transformatoru və hər birinin gücü 25 meqavolt amper olan 4 xüsusi sərfiyyat transformatoru quraşdırılmışdır. Yarımstansiyada ümumi uzunluğu 50 kilometr olan 330, 220 və 110 kilovoltluq kabel və hava xətləri, həmçinin uzunluğu 130 kilometr olan 220 kilovoltluq iki dövrəli "Cənub Elektrik Stansiyası - Böyük Şor Yarımstansiyası" hava xətti çəkilmişdir.
Qeyd edildi ki, 110 kilovoltluq xətlər Sumqayıt Texnologiyalar Parkının istehsalıdır. Ümumilikdə, stansiyada Sumqayıt Texnologiyalar Parkının istehsalı olan 150 kilometr uzunluğunda 6 və 0,4 kilovoltluq güc, həmçinin min kilometrdən çox siqnal və ölçü kabelləri çəkilmişdir. Stansiyanın baş korpusunda ən müasir avadanlıq quraşdırılmışdır. Burada hər birinin gücü 128 meqavat olan 4 qaz turbini, hər birinin gücü 135 meqavat olan 2 buxar turbini, hər birinin məhsuldarlığı saatda 186 ton olan 4 qazan-utilizator və hər birinin gücü 160 meqavolt amper olan 6 generator və digər zəruri avadanlıq qoyulmuşdur. Baş korpusda 1,5 milyon kubmetrdən çox torpaq işləri görülmüşdür. Burada dəmir-beton məmulatın həcmi 82 min kubmetrdir. "Cənub" Elektrik Stansiyasının faydalı iş əmsalı 52 faiz, bir kilovat/saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı isə 237 qramdır. Müqayisə üçün deyək ki, əvvəlki "Şirvan" Elektrik Stansiyasında bu göstəricilər müvafiq olaraq 26 faiz və 460 qram təşkil edirdi. Digər analoji stansiyalardan fərqli olaraq burada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə etmək imkanı vardır. Stansiyanın fəaliyyəti yüksək keyfiyyətli olmaqla yanaşı, həm də qənaətcilliyi ilə seçilir. Bu nəhəng infrastruktur qurğusunun fəaliyyətə başlaması ilə ildə 780 milyon kubmetr qaza və 650 min ton mazuta qənaət etmək mümkündür. Stansiya ildə 6 milyard kilovat/saat elektrik enerjisi istehsal etməyə imkan verəcəkdir. Mütəxəssislərin hesablamalarına görə, stansiya öz dəyərini maksimum 4 ilə tam ödəyəcəkdir. Azərbaycan Prezidentinə məlumat verildi ki, sutəmizləyici stansiya da ən müasir avadanlıqla təchiz edilmişdir. Stansiyanın Kür çayından götürülən xam su məhsuldarlığı saatda 430 kubmetrdir.
Bildirildi ki, stansiyaya lazım olan əsas avadanlıq dünyanın 70-ə yaxın aparıcı şirkətindən alınmışdır. Bununla yanaşı, bir çox zəruri avadanlıq, o cümlədən metal konstruksiyalar, körpülü kranlar, borular, mazut çənləri və digər avadanlıq yerli "Azenco" şirkəti tərəfindən hazırlanmışdır. Prezident İlham Əliyev stansiyanın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, bu mərkəzdə stansiyanın idarə olunması, müşahidə kameraları ilə qurğunun ərazisinə nəzarət həyata keçirilir. Stansiyanın bütün avadanlığının qoşulub-açılması da buradan idarə olunur.
Dövlətimizin başçısı "Cənub" Elektrik Stansiyasını işə saldı. Sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısı Şirvan-Muğan qrup su kəmərinin texniki göstəricilərini və Şirvan şəhərinin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış oldu. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Şirvan şəhərinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan verilir. Bu sistemin istismar müddəti çoxdan başa çatmışdır. Şəhər əhalisinin bir hissəsi Kür çayının qismən təmizlənmiş suyu ilə günaşırı olmaqla 12 saatlıq rejimlə təchiz edilir.
Mövcud sutəmizləyici qurğunun məhsuldarlığı yeni salınan yaşayış massivini su ilə təchiz etməyə imkan vermir. Artan tələbatı ödəmək üçün yeni mənbə kimi Şirvan-Muğan qrup kəməri seçilmişdir. Rəsmi statistikaya əsasən, hazırda Şirvan şəhərinin əhalisinin sayı 79 min nəfərdir və onların 50 faizə yaxını mərkəzləşdirilmiş içməli su şəbəkəsi ilə təmin olunmuşdur. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şirvan şəhərinin mərkəzləşdirilmiş içməli su şəbəkəsinin uzunluğu 66, kanalizasiya şəbəkəsinin uzunluğu isə cəmi 22 kilometrdir. Şəhərdə çirkab sutəmizləyici qurğu yoxdur və tullantı suları təmizlənmədən Baş Şirvan kollektoruna axıdılır. Dövlətimizin başçısına yeni layihə barədə məlumat verildi. Bildirildi ki, Şirvan-Muğan qrup su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Şirvan şəhərinin içməli sudan əziyyət çəkən Yeni Yaşayış Massivinin problemi həllini tapacaqdır. Yeni Yaşayış Massivini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün magistral kəmər çəkilmiş və daxili şəbəkənin qurulmasına başlanmışdır. Qısa müddətdə iki kilometrdən artıq magistral xəttin inşası, həmçinin 60 kilometr uzunluğunda şəbəkənin 35 kilometrlik hissəsinin tikintisi tamamlanmışdır. İşlərin ilkin nəticəsi olaraq artıq 15 mindən çox sakin Şirvan-Muğan qrup kəməri vasitəsilə 24 saat su ilə təchiz olunur. Daxili şəbəkənin qurulması başa çatdıqdan sonra bu layihədən faydalananların sayı 35 min nəfərə çatacaqdır. Layihəyə uyğun olaraq Yeni Yaşayış Massivində abonentlər əvvəlcədən ödənişli smart tipli sayğaclarla da təmin olunacaqlar. Qeyd olundu ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsi hazırdır. Layihənin Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə uyğun olaraq reallaşdırılması nəzərdə tutulmuşdur. Oğuz-Qəbələ-Bakı kəməri ilə Abşeron yarımadasına saniyədə 5 kubmetr əlavə içməli suyun verilməsi, 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və məhsuldarlığı saniyədə 6 kubmetr təşkil edəcək Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi ilə Abşeron yarımadasında kifayət qədər içməli su ehtiyatı yaranacaqdır. Bu isə Kür su kəmərləri sisteminin imkanlarından istifadə etməklə Kürətrafı şəhər və kəndlərin əhalisinin təmiz və keyfiyyətli su ilə təchiz olunmasına imkan verəcəkdir.
Prezident İlham Əliyevə tikintisi davam edən Şirvan-Muğan qrup su kəməri layihəsi çərçivəsində görülən işlər barədə də məlumat verildi. Stendlərlə tanışlıqdan sonra dövlətimizin başçısı ötən il iyulun 16-da təməli qoyulan Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsini təmin edən qurğunu işə saldı. Sonra Prezident İlham Əliyev kəmərin və şəhərin su şəbəkəsinin inşaatçıları ilə görüşdü, tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Bu kompleksin təməli Prezident İlham Əliyevin 2010-cu ilin aprelində Şirvana səfəri zamanı qoyulmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, ümumi sahəsi 4,5 hektar olan Olimpiya İdman Kompleksinin həyətində geniş abadlıq-quruculuq işləri görülmüşdür. Burada idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılmışdır. Kompleksin binasının foyesində ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi qayğını, sovet və müstəqillik dövrlərində Şirvana səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Burada Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da böyük maraq doğurur. Bildirildi ki, Şirvan Olimpiya İdman Kompleksində 20 otaqdan ibarət 44 yerlik müasir mehmanxana da fəaliyyət göstərəcəkdir. Burada qonaqların və idmançıların qalması, istirahəti üçün hər cür şərait yaradılmışdır. Kompleksdəki yeməkxana da müasir səviyyədədir. Kompleksdə yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə Olimpiya Hərəkatı Muzeyinin, eləcə də Əl Oyunları Sarayının əsaslı təmir və yenidənqurma layihələri barədə məlumat verildi. Dövlətimizin başçısına bildirildi ki, kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və inzibati otaqlar mövcuddur. Burada müasir idman qurğuları ilə təchiz edilmiş trenajor, cüdo, güləş, boks zalları, sauna və bilyard otağı da fəaliyyət göstərəcəkdir. Bu müasir kompleksin idman zalında 980 tamaşaçı yeri vardır. Zalda idmançılar mini futbol, voleybol və basketbol ilə məşğul olacaqlar. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaqdır. Kompleksin ümumi uzunluğu 50 metr olan üzgüçülük hovuzu da müasir səviyyədə yaradılmışdır. İdman qurğusunun həyətində 1020 yerlik futbol stadionu, mini futbol, basketbol meydançası inşa edilmişdir.
Prezident İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirdi. Qeyd edək ki, 1997-ci ildə Azərbaycanda Olimpiya hərəkatında yeni mərhələnin başlanması ilə ölkəmiz dünyanın idman ailəsinə daxil olmuşdur. Bu sahənin sürətli inkişafının təmin edildiyi Azərbaycan artıq beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilmişdir. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmizin idman statusunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu dövrün əsas xarakterik xüsusiyyəti ölkədə geniş maddi-texniki bazaya malik idman infrastrukturunun yaradılması, bu sahənin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, idmançıların sosial problemlərinin həllinə dair daha təsirli tədbirlərin görülməsi idi. İlk növbədə, regionlar da daxil olmaqla bütün ölkə üzrə beynəlxalq standartlara malik yeni, müasir idman qurğularının, Olimpiya İdman komplekslərinin tikilməsinə başlanmış və bu məqsədə yüksək səviyyədə nail olunmuşdur. Bununla da ölkədə yeni idmançı nəslinin yetişməsini, idmanın kütləviliyinin təmin olunmasını qarşıya əsas məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxarmışdır. Azərbaycan atletlərinin Atlanta Yay Olimpiya Oyunlarından başlayan zəfər yolu Sidney, Afina, Pekin və Londonda yüksək nəticələrin qazanılmasına rəvac vermişdir. Beləliklə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olur. Bu məsələdə Prezident İlham Əliyevin göstərdiyi səylər ölkəmizin idman sahəsində yetərincə nüfuz qazanması ilə nəticələnir. İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar isə ölkəmizin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürüdür. Heç şübhəsiz ki, ölkəmiz bu sınaqdan da uğurla çıxacaq və idman dövləti kimi statusunu daha da möhkəmləndirəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 1-də Müdafiə Sənayesi Nazirliyinin "Üfüq" İstehsalat Birliyinin Şirvan "Araz" zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısının Fərmanı ilə 2005-ci ildən fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyi tabeliyindəki müəssisələrdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirməyə başlamışdır. Həmin müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıq alınıb quraşdırılmışdır. İndiyədək nazirliyin müəssisələrində müxtəlif istehsal sahələri yaradılmışdır. Şirvandakı "Araz" zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin yaradılması da Müdafiə Sənayesi Nazirliyinin son illərdəki inkişafını göstərir. Hərbi bazalarda saxlanılan və istifadə olunmayan bütün növ döyüş sursatları istehsalçı tərəfindən verilən zəmanətli saxlanma müddəti bitdikdən sonra yararsız vəziyyətə düşür ki, bu səbəbdən də onların utilizasiya edilməsi zərurəti yaranır. Əksər hallarda sursatlar açıq şəkildə partlatma və yandırma üsulları ilə məhv edilir ki, bu da atmosferi çirkləndirir və ekoloji problemlər yaradır. Bu proses zamanı təhlükəli halların baş verməsi faktları da nəzərə alınarsa utilizasiya işi daha mütərəqqi və təhlükəsizdir. Bu məqsədlə Şirvandakı "Araz" zavodunda döyüş sursatlarının utilizasiya mərkəzi yaradılmışdır. Zavodda, həmçinin döyüş sursatlarının doldurulması mərkəzi də fəaliyyət göstərəcəkdir. Burada müxtəlif çaplı artilleriya minaları presləmə, şnekləmə və aviabombalar əritmə üsulu ilə doldurulacaqdır.
Minalar və aviabombalar partlayıcı maddələrlə doldurulduğu üçün mərkəz xüsusi təhlükəli istehsal sahələri kateqoriyasına aiddir. Burada texniki və yanğın təhlükəsizliyinin təmin edilməsi üçün mövcud normativ sənədlərə uyğun olaraq lazımi tədbirlər görülmüşdür. Atıcı silahlar üçün döyüş sursatlarının istehsalı kompleksinin tamamlanması məqsədi ilə nazirliyin "Araz" zavodundan patronların əsas tərkib hissələrindən biri olan kapsul-alışdırıcıların istehsalı sahəsi də yaradılmışdır. Burada beş növ "Berdan" tipli kapsul-alışdırıcısının istehsalı nəzərdə tutulmuşdur. Dövlətimizin başçısı döyüş sursatlarının utilizasiya mərkəzinin maketi ilə tanış oldu.
Müdafiə sənayesi naziri Yavər Camalov məlumat verdi ki, Polşanın "Yakuş" şirkəti ilə birlikdə yaradılan mərkəzin ümumi sahəsi 12 hektardır. Mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilmiş və mühafizə sipərləri ilə əhatə olunan 24 obyektdən ibarətdir. Buraya utilizasiya proseslərini həyata keçirmək üçün modul tipli 20 konteyner, transformator yarımstansiyası, müxtəlif növ partlayıcı maddələr və utilizasiya məmulatları saxlanılan anbarlar, zərərsizləşdirmə kamerası, kompressor binası, döyüş sursatlarının texniki vəziyyətinin qiymətləndirilməsi sahəsi və s. daxildir. Ali Baş Komandan İlham Əliyev utilizasiya mərkəzinin fəaliyyətini əks etdirən filmə baxdı. Mərkəz müxtəlif çaplı mərmili atəş yığımlarının, artilleriya minalarının, qumbaraların, reaktiv mərmilərin, partladıcıların, siqnal və işıqlandırıcı patronların sökülməsi, tərkib hissələrinə ayrılması, tullayıcı və partladıcı atımların presləmə və əritmə üsulu ilə çıxarılaraq toplanması, yenidən forma dəyişikliyi verilərək qablaşdırılması üçün nəzərdə tutulmuşdur. Prezident İlham Əliyev mərkəzi işə saldı. Qeyd olundu ki, mərkəz alışdırıcı və partladıcıların tərkib hissələrinin zərərsizləşdirilməsi üçün texnologiyaya uyğun avadanlıqla təchiz olunmuşdur. Utilizasiya məqsədilə gətirilən döyüş sursatları tiplərinə və növlərinə görə qruplaşdırılaraq müvəqqəti saxlama anbarlarına yerləşdirilir. Sonra döyüş sursatlarının hər növündən nümunələr götürülərək texniki qiymətləndirmə laboratoriyalarına gətirilir. Xüsusi ayrılan otaqda böyüdücü vasitələrdən istifadə olunmaqla müayinədən keçirilir və ilkin qiymətləndirmə prosesi aparılır. Tipindən və ölçülərindən asılı olaraq utilizasiya prosesi müxtəlif konteynerlərdə bütün texniki təhlükəsizlik qaydaları nəzərə alınmış avadanlıqlarda avtomatik idarəetmə və xüsusi zirehli kameralarda kənardan nəzarət olunmaqla həyata keçirilir.
Ali Baş Komandan utilizasiya prosesini izlədi.
Proses zamanı partlayıcı maddələrin çıxarılmasından sonra alınan materialların təkrar xammal kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. Burada il ərzində 5 min ton müxtəlif döyüş sursatlarının utilizasiyası aparılacaqdır. Layihə üzrə işçilərin sayı 62 nəfərdir. Mərkəzin bütün sahələrində yerli mütəxəssislər çalışacaqlar. Onlar "Yakuş" şirkətinin aparıcı mütəxəssislərinin təşkil etdiyi kurslara cəlb olunmuş və bilavasitə sahələrdə quraşdırılan texnoloji avadanlıq üzərində təcrübə keçmişlər. Utilizasiya sahəsində tullantısız texnologiyalar əsasında ekoloji tələblərə cavab verən təhlükəsiz metodlar tətbiq edilmişdir. Sonra Prezident İlham Əliyev Şirvan "Araz" zavodunun döyüş sursatlarının doldurulması mərkəzinə gəldi. Ali Baş Komandan burada mərkəzin fəaliyyətini əks etdirən filmə baxdı.
Bildirildi ki, mərkəzin ümumi sahəsi 4 min kvadratmetrdir. Burada 60, 82 və 120 millimetrlik minaların gövdələrinin partladıcı maddələrlə doldurulması üçün xüsusi avadanlıq quraşdırılmışdır. Dövlətimizin başçısı mərkəzi işə saldı. İş prosesi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, doldurma mərkəzində 60 millimetr çaplı minaların gövdələrinə trotil maddəsinin presləmə yolu ilə, 82 və 120 millimetr çaplı minaların gövdələrinə isə trotil, trotil-dinitronaftalin partladıcı maddə qarışığının şnekləmə üsulu ilə doldurulması həyata keçirilir. Mərkəz texnologiyaya uyğun tələb olunan istehsal və nəzarət avadanlığı ilə təchiz edilmişdir. İstehsalat sahəsində dörd xətt quraşdırılmışdır. Hazırlıq, köməkçi və doldurma işlərini yerinə yetirmək üçün təhlükəsiz iş şəraitini təmin edən sahələr hazırlanmışdır. Birinci xətdə 60 millimetrlik minanın, ikinci lent şəkilli xətdə 82 və 120 millimetrlik minaların sökülməsi və doldurmaya hazırlanması işlərini aparmaq, üçüncü konveyer xəttində 120 millimetr çaplı mərmilərin, dördüncüdə isə 60 və 82 millimetr çaplı mərmilərin yığılması üçün texnoloji iş sahələri yaradılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, doldurma mərkəzi il ərzində bir növbəli iş rejimində 20 min ədəd 60 millimetr çaplı, 40 min ədəd 82 millimetr çaplı və 40 min ədəd 120 millimetr çaplı mərmilərin doldurulması və yığılmasını təmin edən istehsal gücünə malikdir. "Araz" zavodunun kapsulların hazırlanması sahəsi müxtəlif növ alışdırıcı kapsulların istehsalı üçün nəzərdə tutulmuşdur. Kapsulların doldurulması, dozalaşdırılması, yoxlanılması və qablaşdırılması ən müasir texnoloji avadanlıqla avtomatik rejimdə həyata keçirilir. Mərkəzdə il ərzində birnövbəli iş rejimində 40 milyon kapsul istehsalı nəzərdə tutulmuşdur.
İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvanda telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzinin açılışında iştirak etmişdir. Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 7 il ərzində tabeliyində olan müəssisələri ən müasir texnologiya və avadanlıqla təmin etmək üçün bir sıra işlər həyata keçirmişdir. Onlarla texnoloji avadanlıq, 1500-dən çox müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılmışdır. Nazirliyin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və sənayenin maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün tam gücü ilə fəaliyyət göstərir. Belə istehsalat sahələrindən biri də Şirvan şəhərindəki telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzidir.
Dövlətimizin başçısı mərkəzi işə saldı və istehsal prosesini izlədi. Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan Prezidentinə məlumat verdi ki, burada il ərzində üçnövbəli iş rejimində üç növdə 7 milyon patron istehsalı nəzərdə tutulmuşdur. Mərkəzdə quraşdırılmış 106 dəzgahın yarıdan çoxu Avropa ölkələrində hazırlanmış xüsusi texnoloji avadanlıqdır. Yeni istehsal sahəsində avtomatlaşdırılmış mexaniki emal, ştamplama, termokimyəvi emal, texniki nəzarət, pirotexniki və partlayıcı maddələrin preslənməsi sahələri, yığım xətləri və laboratoriya fəaliyyət göstərir. Burada 264 nəfər ixtisaslı mütəxəssisin işlə təmin olunması nəzərdə tutulmuşdur. İşçilərə xarici mütəxəssislər tərəfindən xüsusi təlimlər keçirilmişdir. Zavoddakı nəzarət-sınaq mərkəzi üçün yeni inzibati bina müəssisədə istehsal olunan xüsusi təyinatlı məmulatların taktiki-texniki xarakteristikalarının, iqlim dəyişmələrinə, nəqliyyat silkələnməsinə dözümlülüyün yoxlanılması üçün nəzərdə tutulmuşdur. Burada atəş sınaqları aparmaq üçün üç sahə yaradılmışdır. Sınaq atışları zamanı müxtəlif ölçülü güllələrin ballistik xüsusiyyətlərinin - təzyiq, sürət və atəşləmə sıxlığının yoxlanılması mümkündür. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Şirvan şəhərindəki Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Azərbaycanın əksər bölgələrində olduğu kimi, Şirvanda da yeni yaradılmış Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bayraq Meydanı Heydər Əliyev prospektində, Şirvan şəhərinin giriş hissəsində yerləşir. Meydanın ümumi ərazisi 1,3 hektar, bayraq dirəyinin hündürlüyü 76 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himninin mətni və dövlət gerbi əks olunmuşdur. Bildirildi ki, meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Burada 6 minə yaxın ağac, müxtəlif növ gül və bəzək kolları əkilmiş, beş min kvadratmetr sahədə çəmənlik salınmış, mərmər plitələr döşənmiş, müasir oturacaqlar qoyulmuş, işıqlandırma sistemi quraşdırılmışdır. Şirvan Bayraq Meydanında şəhər sakinlərinin istirahəti üçün hər cür şərait vardır.
Dövlətimizin başçısı Bayraq Meydanında yaradılmış şəraiti yüksək qiymətləndirdi.