Milli Məclisin bu gün keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun ikinci oxunuşda müzakirəyə çıxarılıb.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, layihə Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olub. Onun sözlərinə görə, yeni qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır.
Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Həmçinin, yoxlamaların elektron uçotu aparılmalıdır.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunduqdan sonra spiker Oqtay Əsədovun təklifi ilə üçüncü oxunuşda da səsə qoyularaq qəbul edilib.
yap.org.az