"TAP layihəsi ilə bağlı müvafiq qərarların qəbul olunması Azərbaycanın enerji siyasətinin uğurudur. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin məntiqi nəticəsidir". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bu razılaşma iqtisadi xarakter daşıyır. Onun sözlərinə görə, razılaşma iqtisadi xarakter daşısa da, özünə siyasi dəstək də qazanıb.
"Məlum olduğu kimi Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Bu layihə ölkəmizin enerji təhlükəsizliyi sistemində rolunu daha da artıracaq. Eyni zamanda, layihə Azərbaycanın beynəlxalq müstəvidə siyasi mövqelərini də gücləndirəcək. Ulu öndər Heydər Əliyev Azərbaycanda neft strategiyasının müəllifidir. Prezidentimiz cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Hesab edirəm ki, TAP layihəsi Ulu öndərimizin müəllifi olduğu neft strategiyasının davamıdır. Ümumiyyətlə, bu layihə və onun şərtləri Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
yap.org.az