PDF Oxu

Siyasət

  • 24

Leyla xanım Əliyeva gənclərin liderinə çevrilib

Leyla xanım Əliyeva gənclərin liderinə çevrilib

Müstəqil dövlətimizin verdiyi imkaların nəticəsi olaraq Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Belə ki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri, xidməti vardır. Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın müxtəlif bölgələrindən eşidilir. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycanlı Gənclər təşkilatının sədri, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın bir gənc, ölkəmizi təmsil edən nümayəndə olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi yeri, rolu vardır. Belə ki, genişmiqyaslı layihələrlə çıxış edərək, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Leyla xanım Əliyeva Azərbaycanın imicini saxlamaq, Vətənimizi ləyaqətlə təmsil etmək məqsədilə layihələr reallaşdırır.

Bu gün Leyla Əliyevanın sədri olduğu RAGT Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər təşkilatlarından birinə çevrilib. Təşkilatın ətrafına toplaşan gənclər vahid məqsədlər naminə həmrəydir. Milliyyətindən, yaşından, dini etiqadından və başqa fərqlərdən asılı olmayaraq, RAGT-də hamıya yer var. Özünün böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olmuşdur.

RAGT-ın nüfuzu ilbəil artır, onun üzvlərinin sayı çoxalır, həll edilən və müzakirə olunan məsələlərin əhatə dairəsi genişlənir. Təşkilatın 70-dən artıq regional bölməsi vardır. Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan gənclik qrupları yaradılıb. Gənclər mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər, konfranslar təşkil edir, humanitar və xeyriyyə layihələrində fəal iştirak edirlər. Belə ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Gəncləri bir ideya ətrafında birləşdirməyə çalışan və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Leyla Əliyeva çıxışlarının birində belə deyir: "Xaricdə yaşayan Azərbaycan gəncləri bu münaqişə haqqında həqiqəti dünya birliyinə çatdırmalı və Vətənimizi, dilimizi, mədəniyyətimizi, ənənələrimizi heç vaxt unutmamalıyıq. Mən inanıram ki, əgər biz - Rusiyada yaşayan Azərbaycan gəncləri həmişə əlbir olsaq, bir-birimizi eşitsək, bir-birimizə kömək etsək, bir-birimizə məhəbbətlə yanaşsaq, onda istənilən çətinlikləri dəf edə biləcəyik və həmişə üzüağ, alnıaçıq olacağıq."

Bir təşkilat olaraq RAGT Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA-nın da əsasını qoyub. Əsas məqsəd ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükə haqda gənclərin məlumatlandırılmasıdır. IDEA-nı fərqləndirən cəhət bu problemə çox kreativ yanaşma oldu. İDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür. Leyla xanım Əliyeva müsahibələrinin birində belə deyir: "İndi ekologiya və ətraf mühitin qorunması barədə hamı danışır. Bizim təşəbbüs isə dəb xatirinə deyildir, bu, nə isə real və hiss olunan işlər görmək istəyidir. Mənim fikrimcə, bugünkü gəncləri bir məsələ narahat etməlidir: Sabah biz necə dünyada yaşayacağıq?! Bizi nələr gözləyir, ekoloji problemlərin nə kimi nəticələri ola bilər?! Biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub saxlanmasına birgə töhfə verməliyik".

İDEA qlobal gənclik ekoloji kampaniyasına başladı. İDEA kampaniyası artıq bir sıra ekoloji təşkilatlar tərəfindən dəstəklənmişdir. İDEA xətti ilə həyata keçirilən tədbirlərdə gənclərin və tələbələrin demək olar ki, bütün iri təşkilatları iştirak edir. Bu, təşkilatın "Bir planet - bir gələcək" devizini bir daha təsdiq edir. Bundan əlavə, İDEA Azərbaycanda "Böyük Qafqaz beşliyi" deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən edib. Bunlar ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiridir. İDEA-nın növbəti illər üçün geniş planları vardır.

RAGT sağlamlığa və sağlam həyat tərzinə böyük diqqət ayırır. Artıq bir neçə ildir keçirilən "Qanın milləti yoxdur" aksiyası çərçivəsində qurumun könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan verirlər. Bu aksiya təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. RAGT, həmçinin "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" aksiyası da təşkil edir. Bu aksiya çərçivəsində bütün arzu edənlər pulsuz müayinə olunurlar. Qurumun Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS üzrə birgə proqramı olan UNAIDS-lə müştərək layihəsi çərçivəsində RAGT-ın fəalları universitet və məktəblərdə QİÇS-ə dair maarifləndirmə işləri aparır, narkotiklərin, tütünün zərərindən söz açır, habelə müvafiq leksiyalarla regionları dolaşırlar. Bütün bunlarla yanaşı, RAGT ətraf mühitin qorunması məsələsinə də böyük diqqət yetirir və beynəlxalq İDEA hərəkatının bütün layihələrini dəstəkləyir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı görülən işlər nəticəsini verib. Leyla xanım Əliyevanının həyata keçirdiyi genişmiqyaslı layihələr Azərbaycan diasporunun fəaliyyətində əhəmiyyətli rol oynayır.

Leyla Əliyeva Azərbaycanı sülhsevər, tolerant bir ölkə olaraq da dünya ictimaiyyətinə təqdimində əhəmiyyətli layihələri gerçəkləşdirir. Azərbaycan həmişə müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkə olub. Azərbaycan həmişə öz tolerantlığı ilə tanınıb. Burada qədimdən müxtəlif millətlərin, din və mədəniyyətlərin nümayəndələri böyük bir ailə kimi yaşayıb. Bu gün də Azərbaycanda çoxlu sayda millətlərin nümayəndələri yaşayır. Leyla xanımın dediyi kimi, küçələrdə müxtəlif dillərdə danışıqlar eşitmək mümkündür. Məscid, katolik və pravoslav kilsələri, həmçinin yəhudi sinaqoqu ilə yanaşı fəaliyyət göstərir. Bütün insanlar bir böyük ailə kimi sülh və birlik şəraitində yaşayır. Fikrimcə, bu, xüsusilə müasir dünyada çox qiymətlidir. Azərbaycanda Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, MDU-nun filialı fəaliyyət göstərir. Məhz Cənubi Qafqazda ən böyük rus diasporu Azərbaycandadır.

Leyla xanım geniş, şaxəli fəaliyyətində İslam Əməkdaşlıq Təşkilatının mədəniyyətlərarası dialoq üzrə gənclər forumunun baş əlaqələndiricisi kimi həmin təşkilatın üzvləri olan ölkələrin gəncləri ilə sıx birləşdirmək məqsədi güdən müxtəlif təşəbbüslərlə çıxış edir. Gənclər Forumunun baş əlaqələndiricisi kimi 2007-ci ildən fəaliyyətə başlayaraq bu illər ərzində forumun strukturunu möhkəmlətməklə bərabər, bir sıra iri tədbirlər və çoxsaylı layihələr həyata keçirməyə nail olub. Azərbaycan gəncləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında coğrafi əhatəsinə görə ən fəal gənclərdir. Belə gənclərin dünyaya təqdiminə Leyla xanımın rolu və fəaliyyəti danılmazdır. Leyla xanım ölkəmizin hüdudlarından kənarda Azərbaycanın imicinin formalaşması məsələsinə düşünülmüş, məqsədli şəkildə yanaşır. Bu deyilənlərdən belə qənaətə gəlmək mümkndür ki, Leyla xanım Əliyeva şaxəli fəaliyyəti, məqsədli əməlləri ilə gənclərin liderinə çevrilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər