Masallıda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, "Yay məktəbi"nin açılışında çıxış edən YAP-ın məsul əməkdaşı Rafael Gülməmmədov gənclərə uğurlu istirahət və fəallıq arzu etmişdir. Bildirmişdir ki, burada Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər ünsiyyət qurur, fikir və təcrübə mübadiləsi aparırlar.
Sonra YAP GB-nin fəalları Zəkiyyə Musayeva, Lamiyə Cəlilova, Ramil Vəlibəyov, Həlimə Tağıyeva və digərləri "Yay məktəbi"ndə təqdim edəcəkləri müxtəlif layihələr haqqında məlumat vermişlər.
Daha sonra komandalar yaradılmışdır.
YAP Gənclər Birliyinin gənc siyasətçiləri üçün "Yay məktəbi"ndə gənclərin seçkiyə hazırlığı, "foundrising" təlimi təşkil olunacaq, "Dövlət gənclər siyasəti" mövzusunda seminar keçiriləcəkdir.
Burada respublikamızın müxtəlif bölgələrindən iştirak edən 50 gənc iyulun 6-dək bacarıqlarını nümayiş etdirəcək, ayrı-ayrı proqram və layihələrin işlənilməsi təcrübəsini mənimsəyəcəklər.
AzərTAc