İyulun 2-də daxili işlər orqanlarının əməkdaşlarının peşə bayramı idi
1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqlarının qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Fətəli xan Xoyskinin başçılığı ilə hökumət təşkil edilir və o, eyni zamanda, cümhuriyyətin ilk daxili işlər nazirliyi kimi fəaliyyət göstərir. 1918-ci il iyunun 24-də AXC milli hökuməti "Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçular haqqında" özünün 178 saylı qərarını verir. Həmin qərara uyğun olaraq iyulun 2-də Gəncədə ilk polis orqanları təsis edilir, onların kadr və məvacib məsələlərinə baxılır. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyi təmin edən orqan idi. Həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanıb, yüksək bilik və peşə hazırlığı əldə edib, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanıb, təşkilati cəhətdən möhkəmlənib. Bu gün də Azərbaycan polisi Müstəqil Azərbaycan dövlətində cinayətkarlıqla mübarizədə asayişin qorunmasında mühüm nailiyyətlər əldə edib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında bildirib ki, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə, 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 266-dan 236-ya enib. Hesabat dövründə bütün subyektlər üzrə qeydə alınmış 21,897 cinayətin 94%-i və ya 20,675-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Onların 88%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12%-ni ağır və xüsusilə ağır növlər təşkil edib. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 379, o cümlədən, 81 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. Dünən Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı bildirib ki, ölkədə son 18 ildə əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlərin sayı 11 dəfə azalıb. Axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, 6 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. R.Usubov bildirib ki, hər il qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədərini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Əhalinin 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, o cümlədən, qəsdən adam öldürmə və ona cəhdlər, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar və s. əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.
Nazir Prezident İlham Əliyevin kadrların hazırlanması işinə hər zaman xüsusi önəm verdiyini bildirib və dövlət başçısının gənc kadrların hazırlanması prosesini əsas amillərdən biri kimi vurğuladığını xatırladıb. Qeyd olunub ki, xarici dövlətlərin hüquq-mühafizə strukturları ilə əməkdaşlıq çərçivəsində hər il onlarla gənc Türkiyənin Polis və Hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 58 faizdən 90 faizə, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33 faizdən 76 faizə yüksəlib.
"Biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik"
Azərbaycan polisinin peşə bayramı Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə təsis olunub. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gördüyü möhtəşəm işlərin miqyası, o cümlədən, daxili işlər orqanlarının formalaşmasında və inkişafındakı rolu son dərəcə böyük və əvəzsizdir.
Xüsusi qeyd etmək lazımdır ki, məhz Ulu Öndərimizin müdrik və uzaqgörən rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər, aparılan quruculuq işləri və hərtərəfli islahatlar Daxili İşlər Nazirliyi sistemində də xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin möhkəm əsasını qoydu. İmzaladığı fərman və sərəncamlar, göstərdiyi qayğı daxili işlər orqanlarının inkişafında mühüm əhəmiyyət kəsb etməklə bərabər, həm də idarəetmədə keyfiyyətcə yeni prinsiplərin və təkmilləşmələrin tətbiqini sürətləndirib.
Ümummilli Lider Heydər Əliyev 2003-cü il iyulun 1-də daxili işlər orqanlarının şəxsi heyətinə müraciətində demişdi: "Dövlətimizin güclənməsi, demokratiyanın inkişafı, qanunun aliliyinin təmin edilməsi sahəsində biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik". Bu tövsiyəyə uyğun olaraq, nazirliyin qarşısında duran ən əsas vəzifələrdən biri böyük çətinliklər və gərgin səylər hesabına qazanılmış müsbət mövqeləri əldən verməmək, uğurlardan arxayınlaşmamaq, onları qoruyub saxlamaq və daha da artırmaqdır. Bunun üçün polisin kifayət qədər qüvvəsi, potensialı, kadr ehtiyatı var.
Prezident İlham Əliyev daxili işlər orqanlarına daim böyük önəm verir
Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra DİN-in inkişafı sürətlənib, şəxsi heyətin peşəkarlıq səviyyəsi artırılıb, onların sosial müdafiəsini, yaşayış və iş şəraitini, struktur qurumların maddi-texniki bazasını köklü surətdə yaxşılaşdırılıb.
Ötən dövrdə nazirliyin Polis Akademiyasında ən yüksək tələblər səviyyəsində tədris və məişət korpusları, xüsusi təchiz olunmuş auditoriyalar, idman kompleksi, sıra meydanları və s. istifadəyə verilib. Akademiyada ixtisaslı polis kadrlarının hazırlanması üçün hər cür şərait yaradılıb.
Şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları artırılıb, habelə, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təminində mühüm əhəmiyyət kəsb edən xeyli sayda avadanlıq, avtomobil, xüsusi texnika və vasitələr alınıb. Nazirliyin bir çox struktur qurumları üçün lazımi şəraiti olan yeni inzibati binaların inşası və təchizatı da həyata keçirilib.
R.HÜSEYNOVA