PDF Oxu

Siyasət

  • 15

İlham Əliyev: “Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı ən təhlükəsiz şəhərlərindən biridir”

İlham Əliyev: “Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı ən təhlükəsiz şəhərlərindən biridir”

Azərbaycan polisinin yaranmasının 95 illiyi münasibətilə Polis Akademiyasında mərasim keçirilib

Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə - iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib. Polis Akademiyasına gələn dövlətimizin başçısına daxili işlər naziri, general-polkovnik Ramil Usubov raport verdi. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Akademiyanın baş meydanında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu. Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, daxili işlər orqanlarının inkişafı daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına öz töhfəsini vermişdir. Ümummilli Liderin bu istiqamətdəki əvəzsiz xidmətlərini daxili işlər orqanlarının əməkdaşları daim ehtiramla yad edirlər. Daxili işlər Nazirliyinin Polis Akademiyasında yeni inşa olunmuş Heydər Əliyev Mərkəzində yaradılan şərait Ulu Öndərin mənalı həyatının və eləcə də müasir Azərbaycan tarixinin zəngin bir dövrünün öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Hakimiyyətə qayıdışı ilə ölkənin geosiyasi imkanlarını düzgün qiymətləndirən Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxmışdır. Ümummilli lider Heydər Əliyevin dünyada cərəyan edən proseslərə müdrik yanaşması ölkəmizin nüfuzunu artırmışdır. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində Azərbaycanın gələcək inkişafının təməli qoyulmuşdur.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yaradılan Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Liderinin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanlar yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı materialların toplanması və kataloqlaşdırılmasından, Heydər Əliyevin irsinə dair Polis Akademiyasında aparılan araşdırmaların təbliğindən, bu istiqamətdə plan və proqramların hazırlanmasından, onların maddi-texniki təminatı üçün tədbirlərin görülməsindən ibarətdir.

Heydər Əliyev Mərkəzinin ən müasir üslubda inşa olunmuş üçmərtəbəli binasında dahi rəhbərin büstü qoyulmuşdur. Mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyatının və çoxşaxəli ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlər yaradılmışdır. Birinci stenddə Ulu Öndərin uşaqlıq, tələbəlik və gənclik dövrünün fotoşəkilləri yer almışdır. Sonrakı stend isə ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətinə həsr olunmuşdur. Burada, həmçinin dahi şəxsiyyətin 1970-ci illərdə ölkəmizə rəhbərliyinin ayrı-ayrı məqamları fotolar və sənədlər vasitəsilə əks olunur. Mərkəzdə Ulu Öndərin Moskvada işlədiyi 1980-ci illərdəki fəaliyyəti haqqında da geniş məlumat əldə etmək mümkündür. Buradakı fotostendlərdə, həmçinin ümummilli lider Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Naxçıvandakı fəaliyyətindən də bəhs olunur.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Mərkəzdə yaradılan iki ayrı guşədə Ulu Öndərə aid fərmanlar, diplomlar və digər müxtəlif sənədlər sərgilənir. Mərkəzdə yaradılan növbəti stendlər görkəmli şəxsiyyətin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrü əhatə edir. Ulu öndər Heydər Əliyev daxili işlər orqanlarına və onun əməkdaşlarına həmişə xüsusi qayğı ilə yanaşmışdır. Mərkəzdə Ümummilli Liderin hakimiyyətə qayıdışını əks etdirən fotoşəkillər də yerləşdirilmişdir. Ulu Öndərin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin daxili işlər orqanlarının müxtəlif tədbirlərində iştirakından bəhs edən fotoşəkillər isə xüsusi stenddə toplanmışdır. Azərbaycanın dövlət rəmzləri və polisin fərqlənmə nişanları üçün ayrıca guşə yaradılmışdır. Mərkəzin müxtəlif hissələrində ümummilli lider Heydər Əliyevin daxili işlər orqanları və polis haqqında dediyi müdrik kəlamların yazıldığı lövhələr, videogörüntüləri əks etdirən monitorlar yerləşdirilmişdir.

Mərkəzin üçüncü mərtəbəsi Akademiya heyətinin asudə vaxtının daha da səmərəli keçirilməsi üçün nəzərdə tutulmuşdur. Buradakı fotostudiyada ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotomaterialların toplanması, tədqiqi və çapı həyata keçirilir. Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə fotostudiyada çəkilən və toplanan şəkillərdən gələcəkdə müdavim və dinləyicilər Polis Akademiyasında keçirilən dərslərdə, slayd müsabiqələrində, treninq və konfranslarda istifadə edə bilərlər.

Şahmat dərnəyi otağında da hər cür şərait yaradılmışdır. Mərkəzdə fikir mübadilələrinin aparılması, virtual dərslərin keçirilməsi üçün sinif, eləcə də yeni texnologiya əsasında ingilis dilinin tədris olunduğu funksional kompyuterlərdən ibarət xarici dil mərkəzi də fəaliyyət göstərir. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi mərkəzi də fəaliyyət göstərəcəkdir. Dahi şəxsiyyətin "Polis əməkdaşı bilikli, öz sahəsində yüksək təhsilə, yaxşı təcrübəyə malik olmalıdır" kəlamı rəhbər tutularaq müdavimlərin mütaliə tələblərinin ödənilməsi və intellektual səviyyələrinin artırılması məqsədilə elektron kitabxana da yaradılmışdır. Kitabxanada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə və Polis Akademiyasının profilinə aid olan elektron kitablar yerləşdirilmişdir.

Mərkəzin birinci mərtəbəsi isə müxtəlif tədbirlərin və konfransların keçirilməsi üçün akt zalından, eləcə də istirahət guşələrindən ibarətdir. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşdü, Polis Günü münasibətilə təbriklərini çatdırdı. Prezident, Ali Baş Komandan İlham Əliyev tədbirdə nitq söylədi. Prezident İlham Əliyev öz nitqində qeyd etdi ki, ulu öndər Heydər Əliyev polis orqanlarının formalaşmasında xüsusi rol oynamışdır. Məhz onun rəhbərliyi ilə Azərbaycanda müasir polis orqanları yaranmışdır: "1993-cü ilə qədərki vəziyyəti biz yaxşı xatırlayırıq, siz də xatırlayırsınız. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya ölkəyə çox böyük zərbə vurmuşdur. O vaxt - bütövlükdə 1991-1993-cü illərdə Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi, Azərbaycanda sabitlik pozulmuşdu, daxili çəkişmələr baş verirdi və bu çəkişmələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı.

Tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi. İş burasındadır ki, Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbərliyi, onlar özləri anarxiyanın, özbaşınalığın inkişafında və ya tüğyan etməsində əsas rol oynamışlar. O vaxt daxili işlər orqanlarının rəhbərləri faktiki olaraq ölkədə kriminogen vəziyyət yaratmışdılar. Polis orqanları, xüsusilə nazir və onun müavinləri özləri quldurluqla məşğul idilər. O illər hamımızın yaxşı yadındadır - özbaşınalıq, reket, qanunsuz hərəkətlər faktiki olaraq cəmiyyətdə polisə qarşı münasibəti, hörməti sıfıra endirmişdi. Belə ağır vəziyyətdə Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə gələndə əlbəttə ki, bütün başqa sahələrlə bərabər, polis orqanlarının müasir səviyyədə formalaşmasına çox böyük təkan vermişdir. Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi - bütün bu məsələlər ölkəmizin ümumi inkişafına çox müsbət təsir göstərmişdir."

Prezident qeyd edib ki, o vaxt Azərbaycanda sabitlik pozulmuşdu, iqtisadi tənəzzül müşahidə olunurdu, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı, Azərbaycana investisiyalar gəlmirdi, iqtisadi inkişaf ümumiyyətlə dayanmışdı. Sənaye sahəsində isə tənəzzül elə idi ki, bütün sənaye müəssisələri demək olar ki, iflic vəziyyətə düşmüşdü:

"Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Bu gün biz dünyanın müxtəlif bölgələrində hökm sürən prosesləri izləyərkən bir daha görürük ki, sabitlik pozulduqda bütün başqa məsələlər də öz həllini tapa bilməz. Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Ona görə sabitliyin bərpa edilməsi o illərdə ən başlıca vəzifə idi. Ulu Öndərin qətiyyəti, müdrikliyi, xalqın ona olan inamı və polis orqanlarının fəaliyyəti bu sabitliyi yarada bildi və artıq 20 ildir ki, Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. İyirmi ildir ki, biz uğurlu inkişaf yolu ilə gedirik və bu sabitlik, bir daha demək istəyirəm ki, bütün inkişafın təməlində dayanan amildir.

Biz əlbəttə ki, gələcək planlarımızı da bəyan etmişik və planlarımız çox açıqdır. Azərbaycan bundan sonra da inkişaf etməlidir. Azərbaycanda çox böyük quruculuq işləri aparılır. Sosial məsələlər öz həllini tapır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci dövlət yoxdur. Əsas nailiyyətimiz ondan ibarətdir ki, biz Ulu Öndərin qoyduğu yola sadiqik. Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin davam etdirilməsi bizim gələcək uğurlarımızı da şərtləndirir.

Əlbəttə ki, Azərbaycan bu gün dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bizim təşəbbüslərimiz artıq dünya miqyasında öz böyük əhəmiyyətini göstərməkdədir. O ki qaldı daxili vəziyyətə, Azərbaycanda daxili vəziyyət çox sabitdir, müsbətdir. Bütün iqtisadi layihələr uğurla icra edilir. İqtisadiyyatımız artır. İqtisadiyyatın bütün sahələri inkişafdadır. Cəmiyyətdə çox müsbət ovqat, ab-hava vardır. Azərbaycana gələn yüksək səviyyəli qonaqlar mənimlə görüşlər əsnasında bunu daim vurğulayırlar. Əlbəttə ki, Bakının gözəlliyi, Azərbaycanın inkişafı onlara çox böyük təsir göstərir. Ancaq eyni zamanda, vurğulayırlar ki, cəmiyyətdə çox gözəl ab-hava vardır. İnsanların rahat yaşamaları, səhər, axşam, gecə vaxtlarında ictimai yerlərdə ailələri ilə rahat gəzintiyə çıxmaları - bütün bunlar bizim üçün artıq bir reallıqdır.

Amma bir çox ölkələrdə vəziyyət tam başqadır. İndi biz görürük ki, müxtəlif bölgələrdə, müxtəlif qitələrdə qarşıdurmalar, etirazlar, daxili çəkişmələr böyük fəlakətlərə gətirib çıxarır. İnsanların böyük əksəriyyəti vəziyyətdən narazıdırlar. Bəzi ölkələrdə hər üç-dörd ildən bir dəyişən hakimiyyət də bax, bu narazılığın əlamətidir. İnsanlar ümid etmək istəyirlər ki, yeni hakimiyyət onların hansısa problemlərinin həlli ilə məşğul olacaqdır. Ancaq vaxt keçir və insanlar məyus olurlar. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində, vətəndaşlarda gələcəyə çox böyük inam vardır. Bütün rəy sorğuları onu göstərir ki, Azərbaycan vətəndaşları gələcəkdə onları daha da gözəl şəraitin, gözəl həyatın gözlədiyinə inanırlar."

Prezident qeyd edib ki, bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət cəmiyyətin, ümumiyyətlə inkişaf səviyyəsini göstərir: "Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır. Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm.

Biz müstəqillik yolu ilə gedəcəyik. Bu gün müstəqil Azərbaycan region üçün sabitləşdirici bir amildir. Biz sabitləşdirici rol oynayırıq və əlbəttə ki, heç bir qüvvə bizi müstəqil siyasətdən döndərə bilməz. Daxili vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur. Xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Yəni, budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain, - onlara heç qüvvə də deyə bilmərəm, - ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra. Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi çox açıq-aydın görür. Görür ki, kim ölkəni hara aparır və kim ölkəni hara aparmaq istəyir. Artıq Azərbaycan 20 ildən çoxdur ki, müstəqil dövlətdir. Bundan böyük xoşbəxtlik ola bilməz. Nəyin bahasına olursa-olsun müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik."

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edərək bildirib ki, daxili işlər orqanlarının tarixində ən mühüm mərhələ dahi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur. Ulu Öndərin strateji uzaqgörənliyi və böyük vətənpərvərliyi sayəsində milisin peşəkarlıq və bilik səviyyəsinin yüksəlməsinə nail olunub:

"Şəxsi heyətin milli dövlətçilik ideologiyası ruhunda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə polis və sonralar isə Daxili Qoşun hissələri idi. Bu döyüşlərdə 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucalmış, 1710 nəfər xəsarət almışdır. Göstərdikləri şücaətə və fədakarlığa görə 68 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Onu da məruzə edim ki, cənab Prezident, ötən 20 ildə cinayətkarlıqla mübarizə zamanı 91 polis əməkdaşı həlak olmuş, 2221 nəfər yaralanmışdır.

Tarixi faktdır ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış mürəkkəb vəziyyət, torpaqlarımızın işğalı və separatizm şəraitində siyasi-iqtisadi böhranın dərinləşməsi, respublikaya rəhbərlik edən şəxslərin səriştəsizliyi, qanunsuz silahlı dəstələrin və cinayətkar qrupların vətəndaşların azad və təhlükəsiz yaşamaq hüququnu pozması Azərbaycanı daxildən parçalayır, onun bir dövlət kimi mövcudluğunu sual altında qoyurdu.

Belə ağır vəziyyətdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda siyasi rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev daxili sabitliyi təmin etməklə ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi.

Həmin illərdə müstəqilliyimizin taleyi daxili sabitlikdən bilavasitə asılı idi. Həyati vacib bu sahədə daxili işlər orqanlarının mühüm rolunu nəzərə alan Ulu Öndər milli maraqlara uyğun olaraq fəaliyyətimizin başlıca istiqamətlərini müəyyən etdi. Polisin sıraları səriştəsiz, təsadüfi şəxslərdən təmizləndi. Peşəkar kadrların irəli çəkilməsi ilə xalqa və dövlətə xidmət prinsipi təmin olundu. Ümummilli Liderin şəxsi rəhbərliyi altında hərtərəfli islahatlara başlanıldı.

Bu gün Azərbaycan haqqında danışılanda fəxr edə biləcəyimiz çox uğurlar vardır. İstisnasız olaraq, onların hamısının əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti durur. Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu barədə demişdir: "Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Dövlət quruculuğu prosesi müvəffəqiyyətlə aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır". Həqiqətən də dövlətçiliyin ən böyük məktəbi olan Heydər Əliyev məktəbini keçdiyimiz ilk on ilin yekunları ondan əvvəlki tarixin heç bir dövrü ilə müqayisə edilə bilməz. Həmin illərdə cəmiyyətin istənilən sahəsində olduğu kimi, daxili işlər orqanlarını formalaşdıran da, möhkəmləndirən də məhz ulu öndər Heydər Əliyev olmuşdur.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizin hər bir kollektivə gəlişiniz orada çalışan bütün əməkdaşlara yeni ruh, yeni qüvvə verir. Daha yaxşı işləmək stimulu, xoşbəxt gələcəyə dərin inam yaradır. Hər zaman olduğu kimi, bizə, bu gün də bayram sevinci, bayram əhval-ruhiyyəsi bəxş etdiniz. Biz xalqımızın qəlbən sevdiyi, dünya liderləri arasında sayılıb-seçilən Prezidentimizlə fəxr edirik." Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər