PDF Oxu

Siyasət

  • 25

Meksikada ingilisdilli “The News” qəzetində “Azərbaycan elçisi Respublika Gününü qeyd edir” başlıqlı məqalə dərc olunmuşdur

Meksikada ingilisdilli “The News” qəzetində “Azərbaycan elçisi Respublika Gününü qeyd edir” başlıqlı məqalə dərc olunmuşdur

Meksikada ingilis dilində nəşr edilən "The News" qəzetində "Azərbaycan elçisi Respublika Gününü qeyd edir" başlıqlı məqalə dərc olunmuşdur.

Məqalədə müsəlman dünyasında ilk demokratik parlamentin əsasını qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 95-ci ildönümü ilə əlaqədar Mexiko şəhərinin Hərbi Dəniz Qüvvələri Klubunda keçirilmiş qəbulda Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun çıxışından bəhs edilir.

Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə səfir İlqar Muxtarova istinadla bildirilir ki, Azərbaycanda respublikanın yaradılması böyük tarixi hadisə idi. Çünki əsrlər boyu müstəqillik və azadlıq arzusunda olan Azərbaycan xalqı artıq buna nail olmuşdur. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması müsəlman dünyasında respublika quruluşunun yayılması üçün təkan rolu oynamışdır. AXC-nin yaranması demokratiyanın yeni modellərinin, o cümlədən universal seçki hüququnun, incəsənətin təşəkkül tapmasına və universitetlərin yaranmasına səbəb olmuşdu. Lakin iki il sonra çətin mübarizə şəraitində qurulmuş Qafqaz ölkəsinin azadlığı dağıldı və Azərbaycan Sovet Sosialist Respublikası adı altında SSRİ-nin tərkib hissəsi oldu. 1920-ci ilin aprel ayında bolşevik işğalından əvvəl cəmi 23 ay ərzində mövcud olmasına baxmayaraq, AXC ölkənin ərazi bütövlüyünü bərpa etməyə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmağa və demokratik təsisatların, o cümlədən parlament və çoxpartiyalı hökumətin yaradılmasına nail olmuşdur.

Məqalədə ilk Azərbaycan Respublikasının digər mühüm nailiyyətləri kimi, savadsızlıq və işsizliyin kəskin şəkildə azaldılması, habelə yoxsulluğun aradan qaldırılması da xüsusi qeyd edilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin keçmiş Sovet dövründə hakimiyyətə gəlişi ilə ölkəmizin intensiv şəkildə sənayeləşərək inkişaf etdiyinin qeyd olunduğu məqalədə, həmçinin bildirilir ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan sonradan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında azad bazar iqtisadiyyatı ilə inkişaf yoluna qədəm qoymuşdur və bu gün bir dövlət kimi qlobal arenada daim irəli gedir.

Azərbaycanın bu gün dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanındığı, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi, habelə İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının və Qoşulmama Hərəkatının fəal üzvü olduğu, eləcə də bir çox digər beynəlxalq forum və beynəlxalq layihələrdə əhəmiyyətli rolundan bəhs edilir.

Məqalənin sonunda Azərbaycan hökuməti tərəfindən beş il bundan əvvəl Latın Amerikasında ilk olaraq Meksikada, daha sonra isə Argentinada səfirliklərin açıldığı qeyd edilir.

AzərTAc

Digər xəbərlər