"Cənubi Koreya 4 dəfə Mərkəzi Asiya ölkələri ilə birgə seminar keçirib. Bu tədbirlərin hər birində də iki ölkə və regionun əməkdaşlıq məsələləri müzakirə olunub". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov "5-ci Koreya – Mərkəzi Asiya beynəlxalq seminarı"nda iştirakı zamanı deyib.Mərkəz direktorunun sözlərinə görə, ötən il Koreyanın beynəlxalq iqtisadi münasibətlər institutu ilə əməkdaşlıq etməyə başlayandan sonra onlar bu formatı genişləndirərək Azərbaycan, Cənubi Koreya və Mərkəzi Asiya formatında müzakirələrin aparılmasını məqsədəuyğun hesab ediblər: "Bu ilin yaz aylarında Azərbaycanda Dünya İqtisadi Forumu keçirilib. Bu, daha çox Avropadan Azərbaycana baxış idi. Bu gün isə biz Azərbaycan, Mərkəzi Asiya və Cənubi Koreya kontekstində bu münasibətlərin təhlilinə yer verəcəyik. Çox maraqlı təqdimatlar olacaq. Bütün Mərkəzi Asiya ölkələrindən dövlət qurumları yanında fəaliyyət göstərən İqtisadi beyin mərkəzlərinin nümayəndələri buraya toplaşıb. Onlar öz ölkələrinin iqtisadi inkişafı və gələcəyə baxışlarını təqdim edəcəklər. Eyni zamanda, Azərbaycan bu istiqamətdə öz fəaliyyətini nümayiş etdirəcək. Digər tərəfdən burada biz müştərək layihələr haqqında da düşünürük".
sia.az