"Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 20 ildə orta hesabla 220-yə bərabər olmaqla, əksər dünya ölkələri ilə müqayisədə faizlə yox, dəfələrlə azdır".Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışında çıxışı zamanı deyib.
R.Usubov bildirib ki, bu dövrdə cinayətlərin illik orta açılması 90 faizdən yuxarı olub, 23 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 82 mindən artıq təqsirləndirilən şəxs tutularaq istintaqa və yaxud da ədalət məhkəməsinə verilib: "Əllərdə qanunsuz saxlanılan 41 min odlu silah yığılıb, onun tətbiqi ilə törədilən cinayətlərin sayı 9 dəfə azalıb. Həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərin nəticəsi olaraq, qeydə alınan hüquqazidd əməllərin yalnız 10 faizə qədəri ağır və xüsusilə ağır cinayətlər olub".
Nazirin sözlərinə görə, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirib: "Ötən 20 ildə cinayətkarlığa qarşı mübarizədə və daxili təhlükəsizliyin qorunmasında nümunəvi xidmətlərinə görə 662 əməkdaşımız dövlət mükafatlarına layiq görülüb".
yap.org.az