İyulun 4-də Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov YAP Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turunun iştirakçıları və region gəncləri ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, əvvəlcə "Yay məktəbi"nin iştirakçıları Masallıda olduqları müddətdə həyata keçirdikləri layihələri və gördüyü işləri əks etdirən slaydşou nümayiş etdiriblər.
Sonra görüşdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində partiyanın Sədri, dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyir.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində ölkəmizdə həyatımızın bütün sahələrində qazanılmış uğurları dövlətimizin başçısının məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qiymətləndirən YAP Sədrinin müavini respublikamızın yeniləşdiyini və müasirləşdiyini bildirib.
"10 illik təcrübəyə əsaslanan xalqımız qarşıdakı 5 ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarının davam etdirilməsinə inanır" – deyə Əli Əhmədov əlavə edib.
Qarşıdakı prezident seçkilərində öz sıralarında 600 min nəfərdən artıq siyasi həmfikri birləşdirən YAP-ın qarşısında duran vəzifələrdən ətraflı söhbət açan Əli Əhmədov seçki kampaniyasında hər bir gəncin fəal təbliğatçı olmasının vacibliyini diqqətə çatdırıb: "Hər dəfə seçki kampaniyası dövründə cəmiyyətdə müxtəlif qabarmalar yaranır. Müxtəlif maraqlı dairələr bu dövrdə fəallaşır, əldə olunmuş nailiyyətlərə kölgə salmağa çalışırlar. Azərbaycan reallıqlarının təhrif olunmasının qarşısının alınmasında gənclər xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bu işdə gənclərin gücündən səmərəli istifadə olunmalıdır. Onlar seçki kampaniyasında mövcud olan bütün resurslardan istifadə etməklə seçkilərin yüksək səviyyədə keçirilməsinə töhfələrini verməlidirlər".
Görüşdə çıxış edən gənclər bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərilə əlaqədar bildiriblər ki, onlar qarşıdan gələn prezident seçkilərində də yekdilliklə dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Daha sonra YAP Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turunda iştirak edən, bu il magistraturaya daxil olan və hərbi xidmətə getməyə hazırlaşan gənclərə xeyir-dua verilib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulanıb.
Qeyd edək ki, iyulun 1-dən Masallıda olan YAP-ın 50 gənc fəalı rayonun Tarix-Diyarşünaslıq Muzeyində, Heydər Əliyev Muzeyində, yeni inşa olunmuş Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasında, Bayraq meydanında olub, bir müddət öncə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun iştirakı ilə açılışı olmuş "Ağsaqqallar Klubu"nda "nəsillərin görüşü"ndə iştirak edib.
"Yay məktəbi"nin iştirakçıları həmçinin, Masallı Olimpiya-İdman Kompleksində olub və Masallı rayon təşkilatının gənc fəalları ilə futbol üzrə yoldaşlıq görüşü keçirib. Güclü rəqabət şəraitində keçən oyunda dostluq qalib gəlib (4:4).
Bununla yanaşı, gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə müxtəlif növ ictimai-siyasi layihələrin təqdimatı olub və intellektual yarışlar keçirilib.
Xatırladaq ki, gənclərin intellektual səviyyəsinin daha da yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil edilməsi baxımından əhəmiyyətli layihə olan, gənclər üçün təcrübə və bilik mənbəyi hesab edilən YAP Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turu iyulun 6-dək davam edəcək.
sia.az