Hazırda siyasi düşüncələrdə belə bir mülahizə var ki, siyasət elm olmaqla bərabər, həm də bir sənətdir. Siyasətin alimləri və sənətkarları var. Bunlar o kəslərdir ki, bəşər cəmiyyətinin inkişaf qanunlarını dərindən öyrənmiş və öz siyasi fəaliyyətlərini həmin qanunlara uyğun qurmuşlar.
Tarixi təcrübə göstərir ki, siyasəti elm kimi öyrənmək sosial-iqtisadi inkişafının tempinin zəifləməsinə, durğunluğun baş verməsinə, cəmiyyətin deqredasiyasına gətirib çıxarır. Siyasət sənətdir. Bu o deməkdir ki, o, sosial proseslərin subyektiv tərəfi ilə məşğul olur. Həyat göstərir ki, siyasi subyektlərin, fərdlərin və birliklərin hərəkətlərini qabaqcadan heç də həmişə başa düşmək olmur. Siyasətçinin bacarığı da məhz bundadır ki, konkret siyasi məqsədə nail olmaq üçün fərdin, sosial ümumiliyin, sosial-siyasi institutun potensial imkanlarını maksimum nəzərə alsın. Özünün nəzəri biliklərindən, məntiqi təfəkküründən, lazım gəldikdə təxəyyül və intuisiyasından istifadə etsin, cəsarət və fantaziya nümayiş etdirə bilsin. Siyasətçinin əsil qabiliyyəti siyasi məqsədlərin, metodların və vasitələrin optimal nisbətini təyin edə bilməsindədir.
Siyasətçi bir sıra mühüm xüsusiyyətlərlə xarakterizə olunur. Hazırda bunların ən mühümlərindən biri siyasi tolerantlıq hesab olunur. Tolerant sözü latıncadan tərcümədə "dözümlü, təmkinli" deməkdir. Elə siyasi tolerantlıq da başqalarının siyasi baxışlarına, ideoloji görüşlərinə, konsepsiyalarına dözümlü və təmkinli yanaşmaq deməkdir. Bu dözüm bəzən susmaq, bəzən də əsil natiqlik məharəti və dərin düşüncə hesabına ortaya qoyulur. Ayrıca siyasi xadimin həyat və fəaliyyətində tolerantlıq öz təzahürünü siyasi rəqiblərinin fikirlərinə qulaq asmaq qabiliyyətində, həmin fikirlərə verdiyi reaksiyada və qarşılıqlı olaraq səsləndirdiyi fikirlərdə özünü göstərir.
Azərbaycan cəmiyyətində siyasi tolerantlıq mədəniyyətinin ümümi səviyyəsinə diqqət yetirsək və bu mənada son 4-5 ilə nəzər salsaq cəmiyyətimizdə siyasi mədəniyyətin səviyyəsinin heç də ürəkaçan olmadığını asanca görə bilərik. 2003-cü ildə keçirilən preziden seçkiləri ilə bağlı hadisələr buna əyani sübutdur. Ümumiyyətlə belə bir həqiqət qəbul edilməlidir ki, mövqe baxımından Azərbaycanda hazırki beynəlxalq müstəvidə olan siyasi çəkişmələr və təhlükə dolu hadisələrələ bağlı müəyyən neytral mövqe tutmaq çox çətindir. Bu məsələlərdə neytrallığı yalnız yüksək siyasi tolerantlıq mədəniyyətinə və vərdişlərinə yiyələnməklə təmin etmək olar. Yuxarıda qeyd olunan bu nəzəri-fəlsəfi fikirlərin praktik təsdiqini müstəqil Azərbaycanın ən gənc prezidenti İlham Əliyevin uğurlu siyasətində görə bilərik. Aparılan bu məqsədyönlü və peşəkar siyasətdə "daxili" və "xarici" olmaqla iki qol ayırmaq olar. Hər bir qol ayrı-ayrılıqda özünəməxsus keyfiyyətləri və təkrarsızlığı ilə seçilir.
Prezidentimiz cənab İlham Əliyevin daxili siyasətdə göstərdiyi ən böyük siyasi tolerantlıq müxalifət və iqtidar arasında olan dialoqdadır. Bu dialoq bir növ fikirlərin, təfəkkürlərin sərbəst güləşidir. Açığı desək bu mübarizədə müxalifətin istənilən vasitəyə əl atdığı göz qabağındadır. Bunlardan ən qabarıq görünəni isə ifrat siyasi populizimdir. Mövcud ədəbiyyatda populizim kütlələr içərisində heç bir əsası olmayan vədlər, demaqoq şüarlar hesabına şöhrət qazanmaq fəaliyyəti kimi mənalandırılır. Əslində elə populizmin özü hər bir siyasi partiyanın fəaliyyətinin ayrılmaz komponentidir. Çünki elmi cəhətdən və potensiallar nəzərə alınaraq verilən vədlər hər hansı siyasi partiyanın işinə yaraya bilər.
Prezident seçkiləri ərəfəsində aparılan təbliğat kompaniyasında "mən hakimiyyətə gələrəmsə, maaşları 10 dəfə artıracağam" kimi fikirlər səsləndirən hazırki müxalifət partiyalarının bəzi liderləri əslində xalqda özlərinə qarşı inamsızlıq hissi yaratdılar. Halbuki ölkənin iqtisadi durumunu yaxşı bilən Lider belə məsuliyyətsiz vədlər verməzdi.
Azərbaycan xalqının xoşbəxtliyindən Heydər Əliyev siyasi məktəbinin prinsiplərindən layiqincə bəhrələnmiş Cənab prezidentimiz İlham Əliyev hay-küylü populizimdən uzaq, insanların şüuruna və psixologiyasına yatan sadə ifadələrə üstünlük verən siyasətçidir. İspan filosofu Orteqa-i Qassed haqlı olaraq deyir ki, siyasi hakimiyyət ictimai rəyin dəstəyindən məhrumdursa, o bir partiya kimi də mövcud deyil. Ancaq bizim müxalifət liderləri populist və demaqoji hərəkətlərə yol verərək seçkilərdə yalnız qohum-əqrabalarının səsini qazandılar. Çünki artıq kütlə deyil xalq mövcuddur, ağı qaradan seçməyə qadir olan Azərbaycan xalqı.
Tolerantıq öz dünyagörüşünü genişləndirməkdə ən əlverişli bir tənqidi dialoqdur. Böyük rus mədəniyyətşünası M.Baxtinin fikrilə razılaşsaq, həqiqətən də insan şüurunda dialoqa güclü meyl olduğunu görə bilərik. Bu dialoq isə mədəniyyət doqmaları daxilində olanda daha effektli və gözəl olur. Cənab prezidentimizin nitqinə diqqət yetirək. Seçki ərəfəsində müxalif namizədlər hətta dövlətçiliyimiz əlehinə pafoslu fikirlər səsləndirirdilər. Prezidentimiz İlham Əliyev isə öz çıxışlarında sakit tərzdə sadəcə bunları demişdir: "Azərbaycanda müxalifət Azərbaycan dövləti ilə mübarizə aparmamalıdır. Azərbaycanın imicinə zərbələr vurmamalıdır." Bu və bir çox belə faktlarla Cənab Prezidentimizin ölkədaxili siyasətdə tutduğu yüksək siyasi tolerant mövqeni bir sıra siyasətçilərə nümunə göstərmək olar.
Prezidentimizin apardığı uğurlu xarici siyasətdə də siyasi tolerantlıq mədəniyyətinin izlərini asanlıqla görmək olar. Azərbaycanın qlobal müstəvidə strateji mövqeyi çox əlverişli olduğundan belə bir vəziyyətdə təhlükəsizliyin və neytrallığın təmin edilməsi üçün çox diqqətli və dərindən düşünülmüş siyasət aparmaq lazımdır. Həm qonşu dövlətlərlə münasibətlər tənzimlənməli, həm də strateji müttəfiqlərlə və üzv olduğumuz Beynəlxalq Təşkilatlarla olan qarşılıqlı anlaşmalar hər an yerli-yerində olmalıdır. Mövcud şəraitdə bütün bunları etmək siyasətçidən yüksək zəka, öncəgörmə qabiliyyəti və intellekt tələb edir. Həqiqətən də biz xoşbəxt xalqıq ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulan balanslaşdırılmış siyasət cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Hazırda dünyamız qlobal problemlər və təhlükələrlə üz-üzədir. Son dövrlər regionumuzda baş verən hadisələr də göz qabağındadır. Azərbaycan xalqını bu təhlükələrdən hifz etmək isə cənab Prezidentimizin üzərinə düşür. Son vaxtlarda bir çox ölkələrin müharibə meydanəna çevrilməsinin əsas səbəblərindən biri, bəlkə də, birincisi ölkə liderlərinin verdiyi bəyanatlar, beynəlxalq şəbəkəyə ünvanlanmış nitqlərdir. Bəzilərində isə əsas səbəb ölkə başçılarının müstəqil siyasət apara bilməməsidir. Ancaq xalqının hər bir nümayəndəsini düşünən prezidentimiz istənilən sözündə ölkə vətəndaşlarının taleyini göz önünə gətirir. Prezidentimiz müsahibələrinin birində bunu çox səmimi şəkildə qeyd edir: "Biz Azərbaycanda səmimi siyasət yeridirik. Başqa sözlə siyasətimizdə heç bir ikimənalılıq yoxdur-həm rəsmi görüşlərdə, həm bəyanatlarımızda, həm qəbul etdiyimiz qərarlarda biz daim ictimayət üçün, həm də xarici tərəfdaşlarımız üçün düzgün, açıq siyasət yeridirik." Bu sözlər artıq İlham Əliyevin xarici siyastdə tolerantlığının ən gözəl sübutudur.
Biz onu da bilməliyik ki, siyasətdə tolerantlıq mədəniyyəti başqa ölkə və təşkilatlara yox məhz bizim özümüzə lazımdır. Siyasi tolerantlıq bir tərəfdən dözümlülük, dinləmək mədəniyyətini, digər tərəfdən isə səsləndirilən fikirlərə, ortaya qoyulan mövqelərə və verilən suallara münasibəti özündə ehtiva edir.
Qətərin "Əl-Cəzirə" televiziyasının əməkdaşı prezidentimizə son vaxtlar İran-ABŞ arasında yaranmış problemə münasibət bildirməyi xahiş edir və prezidentimiz deyir: "Ümumiyyətlə regional miqyasda qonşunun təhlükəsizliyi sənin təhlükəsizliyin deməkdir. Bizim yanaşmamız məhz belədir. Dünyanın istənilən digər ölkəsi kimi, İranın da öz atom energetikasını inkişaf etdirmək hüququ var. Burada qanuna zidd bir şey yoxdur. Əgər bu müəyyən təşkilatlarda və ölkədə narahatlıq doğurursa, bu məsələni nizama salmaq lazımdır. … Lakin hər bir dövlətin suveren hüququ da mütləq həyata keçirilməlidir." Jurnalistin Azərbaycanın neft kəmərlərinin Rusiyadan yan keçməsinin adı çəkilən dövlətdə narazıçılıq yaratmasıyla bağlı sualı da cavabını çox gözəl və siyasi tolerantlıq çərçivəsində tapdı: "O ki qaldı boru kəmərinə, siz də təkrar etdiniz ki, o, Rusiyadan yan keçir. Mən bu tezislə razı deyiləm, çünki biz "yan keçən" boru kəməri çəkməmişik. Biz Aralıq dənizinə boru kəməri tikmişik. Əgər Aralıq dənizinə boru kəmərini Rusiya ərazisilə çəkmək mümkün olsaydı və bu iqtisadi cəhətdən sərfəli olsaydı, biz bunu edərdik…" Bütün bu riskli və təhlükə doğura bilən suallara məntiqli, səlist və neytral olan cavablar dolğun düşüncənin məhsuludur. Bu isə beynəlxalq aləmdə biz Azərbaycanlıların fəxridir. Biz də bir Azərbaycan gənci olaraq Prezidentimizin bu siyasi manevrlərindən fəxr duyuruq və hər bir sözündən örnək götürürük. Hər an onun siyasi yolunu davam və inkişaf etdirməkçün özümüzü hazırlayırıq.
Sərraf Hüseynov,
YAP Gənclər Birliyinin ofisinin rəhbəri
yap.org.az