"ATƏT-in Minsk qrupunun həmsədrləri bölgəyə mütəmadi olaraq səfər etməlidirlər. Əgər onların dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, deməli həmin təşkilat da bunu tanımalıdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) xarici əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev ATƏT PA-nın İstanbulda keçirilən yay sessiyasına və orada müzakirə olunan məsələlərə, eləcə də bütün bunların fonundan Avropa dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində baxışına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfinin qarşısına tələblər qoyulmalıdır ki, Azərbaycan torpaqlarından çıxarılsınlar: "Əgər qarşı tərəf buna məhəl qoymasa, dərhal işğalçı ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır. Amma nədənsə ATƏT-in Minsk qrupu bunu etmir. Bu mənada hesab edirəm ki, əgər onlar Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin apardığı siyasəti qəbul edirlərsə, buna da əməl etməlidirlər".
ABŞ Konqresmenlərinin prezident İlham Əliyevlə görüşünə və onların ölkəmizə maraq göstərmələrinə də toxunan deputat sözlərinə əlavə edib ki, konqresmenlərin Azərbaycana gəlişinin özü bir tarixi hadisədir: "Belə ki, onlar burada ölkəmizin inkişafını görür, Azərbaycanın apardığı siyasətlə yaxından tanış olur buna müsbət yanaşırlar. Bütün bunların fonunda həmin konqresmenlər də bu istiqamətdə müəyyən addımlar atmalıdırlar. Onlar öz konqresmenlərindən tələb etməlidirlər ki, biz Azərbaycanın bütövlüyünü tanıyırıq. Nəzərə alsaq ki, ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür, onda bunu daha aydın başa düşmək olar".
sia.az