"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyəti əməkçilərin sağlamlığının qorunması və mühafizəsi baxımından özünün mövcud imkanlarından obyektiv səbəblərdən tam olaraq istifadə edə bilmir. 1989-cu ildən etibarən respublikanın düşdüyü ağır müharibə vəziyyəti, sanatoriya, pansionat və kurortlarımızdan da yan keçməmişdir. "Şuşa", "İstisu" sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalmışdır". Bu fikirləri yap.org.az saytına AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.
S.Mehbalıyev bildirib ki, Azərbaycan Həmkarlar İttifaqlarının "Kurort" Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan artıq ziyan dəymişdir. Onun sözlərinə görə, Cəmiyyətin xidmətində olan müxtəlif profilli sanatoriyaların çarpayı fondunun 80 faizində 7000-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Hazırda çarpayı fondunun yalnız 20%-i sanatoriya-kurort müalicəsi üçün istifadə edilir.
"Lakin biz inanırıq ki, tezliklə torpaqlarımız erməni təcavüzkarlarından azad olunacaq və Dağlıq Qarabağ problemi öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə keçirilən möhtəşəm və təntənəli hərbi parad bir daha göstərdi ki, bu missiyanı həyata keçirə bilən nizami ordumuz vardır. Zabit və əsgərlərimiz tükənməz vətənpərvərlik hissi və yüksək döyüş hazırlığı ilə seçilir. Ali Baş Komandan İlham Əliyevin qarşısından inamlı addımlarla keçən igid döyüşçülərimiz ordu quruculuğu sahəsində əldə olunan inkişafı və ölkəmizin hərbi qüdrətini əyani nümayiş etdirdilər. İnanırıq ki, güclü Azərbaycanın güclü ordusu qələbəmizi təmin edəcəkdir"- deyə, AHİK sədri vurğulayıb.
yap.org.az