"Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət sosial sahədə qazanılan nailiyyətləri şərtləndirən əsas amillərdən biridir". Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, ildən-ilə ölkəmizdə əhalinin rifah halı daha da yüksəlməkdədir. Onun sözlərinə görə, Azərbaycanda insanların əməkhaqlarının və təqaüdlərinin ardıcıl olaraq artırılması buna əyani sübutdur.
"Sosial siyasətin ən üstün cəhətlərindən biri də ölkəmizdə yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işlərdir. Məlumdur ki, bu məsələ ilə bağlı müvafiq dövlət proqramları həyata keçirilir. Azərbaycanda yoxsulluğun aradan qaldırılması ilə bağlı ilk dövlət proqramı Ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı digər sərəncamla-"Azərbaycan Respublikasında yoxsulluğun (2008-2015-ci illər) aradan qaldırılması və davamlı inkişaf üzrə Dövlət Proqramı" qəbul olundu. Məhz həmin dövlət proqramının qəbul olunması və icrası nəticəsində ölkənin ümumi sosial-iqtisadi inkişafı fonunda Azərbaycanda yoxsulluq 2001-ci ildəki 49 faiz həddindən 5 faizə qədər enib. Bu yöndə tədbirlərin gələcəkdə də həyata keçirilməsi dövlətin diqqət mərkəzindədir"-deyə, komitə üzvü qeyd edib.
yap.org.az