Bu ilin sentyabrında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi və dünyanın bir sıra ən nüfuzlu qurumları olan Roma Klubu, Madrid Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Çatman Evi, Rokfeller Fondu, Misirin İsgəndəriyyə Kitabxanası, ABŞ-ın Konqres Kitabxanası, Sülh və Mədəniyyət Fondu, Con Hopkins, Stənford universitetləri nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, görüşün məqsədi dünyada böyük ehtiyac duyulan mədəniyyətlərarası və dinlərarası dialoqun qurulması üçün yeni bir hərəkatın başlanmasına təkan verən birgə fəaliyyət mexanizminin qurulmasıdır.
Bu toplantı UNESCO-nun sabiq baş direktoru Federiko Mayor Saraqosa, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Seragəldin və Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın moderatorluğu ilə keçiriləcəkdir.
Toplantıda, həmçinin Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov, səfir Valter Füst kimi nüfuzlu ekspertlərin iştirakı nəzərdə tutulmuşdur.
Bu layihə ilə əlaqədar iyulda BMT baş katibinin xüsusi müşaviri xanım Nafis Sadikin rəhbərliyi ilə xüsusi toplantı keçiriləcəkdir.
yap.org.az