PDF Oxu

Siyasət

  • 19

Yetişən gəncliyimiz və mənəviyyat

Yetişən gəncliyimiz və mənəviyyat

Ulu öndərimiz Heydər Əliyev öz uzun və ibrət dolu həyat yolu ilə bizə bir çox nümunələr qoyub gedmişdir. Yəni ümummilli lider nəinki respublikamızın müstəqilliyinin bərpası və bərkiməsi müstəvisində öz boynuna düşən vəzifəni kamil şəkildə yerinə yetirmişdir, habelə özündən sonra gələcək nəsillərə vətənə xidmət və parlaq gələcəyə aparan dəqiq yolları qoyub haqq dünyasına köçmüşdür.

Biz ümummilli liderin gənclərin mənəviyyatına aid olan fikirləri ilə daha yaxından tanış olub öyrənməliyik. Ulu öndərimiz Heydər Əliyev hesab edirdi ki, əqidəsi və mənəviyyatı olmayan gənclik ölkəni məhvə sürükləyə bilər. Buna görə çıxışları zamanı dəfələrlə vurğulayırdı ki, biz mədəni-mənəvi irsimizi daha dərindən öyrənməli və qiymətləndirməliyik. Prezident olduğu zamanda isə özünün gəbul etdiyi inkişaf programlarında gənclərin mənəvi və intelektual inkişafına çox böyük önəm verirdi.

Mənəviyyat isə müasir zamanda bir çoxlarının zənn etdiyi kimi sırf qərb etiketinin qaydalarını bilməklə qurtarmır. Ümumiyyətlə biz Qərb mədəniyyətinə integrasiya ideyasına o qədər aludə olduq ki, yüz illərlə formalaşan və özümüzə məxsus olan Şərq, İslam mədəniyyətini unutduq. Təbii ki, biz müasir dünyanın insanı olmalıyıq, amma bir Britaniyalı hər şeydən əvvəl inglis və xristiyan, bir Fransalı hər şeydən əvvəl bir fransız və Avropalı olduğunu bilirsə, biz də hər şeydən əvvəl bir Azərbaycanlı və müsəlman olduğumuzu qəti bilməliyik. Burada söhbət əsla milliyyətçilikdən və ya dini fanatizmdən getmir, söhbət bizim bir xalq kimi, bir mədəniyyət daşıyıcıları kimi dünyada həll olub aradan getməyimizdən gedir.

Saysız-hesabsız çəkilən filmlərdən, kliplərdən, ümümdünya xəbər şirkətlərindən tutmuş bütün populyar və söz sahibi olan KİV-lərə qədər bu gün Qərbin əlində cəmləşmişdir. Və biz də bütün digər dünya xalqları kimi evimizdə oturub peyk antenaları ilə bütün günü ancaq birtəfərli təbliğat maşınına yem oluruq. Bu düzgün ideologiyanın seçilməsi baxımından çox çətin zamanda hər birimizin insani vəzifəsi geniş araşdırma aparmaqdır. Ələxsus bu daha çox gənclərə aiddir. Hər hansı bir mədəniyyəti kor-koranə təbliğ etməzdən əvvəl öz mədəniyyətimizi araşdıraq. Nə üçün Qərb mədəniyyəti bütün ideoloji təbliğat vasitələri ilə İslam mədəniyyətini və İslam dinini aradan aparmaq üçün bu qədər zəhmət çəkir?

Allah islam peyğəmbərini bütün ilahi peyğəmbərlərin missiyasını bitirmək vəzifəsi ilə şərəfləndirmişdir. Bu din insanın yaradılış mahiyyətini açıqlayır və insanın hədəfinin "insan" kimi yaşamaqda olduğunu bildirir. Belə ki, Qurani Kərimin bir ayəsində Allah Təala buyurur: "Biz insanı kəramətli yaratdıq". Yəni Allah Kərimdir, insanı da özünə uyğun olaraq kəramətli yaradıb. Bizim dinimiz ali əxlaqi keyfiyyətləri, dinlər arası tolerantlığı və bütün müsbət xislətləri birləşdirən bir ümumbəşəri mədəniyyət olabiləcək bir əqidədir. Müasir dünya bunu başa düşüb qəbul etməyənə qədər bütün globallaşma səyləri uğursuzluğa məhkumdur.

Bizim gənclərimiz Heydər Əliyevin azərbaycançılıq məfkürəsini dərindən mənimsəməlidirlər. Belə ki, ümummilli lider dəfələrlə çıxışları zamanı vurğulamışdır ki, bir insan vətəninə, xalqına, yaşadığı cəmiyyətə faydalı olması üçün fəaliyyət sahəsindən asılı olmayaraq mənəviyyatlı olmalıdır. Təbii ki, mənəviyyat sözünü ancaq dini mənada anlamaq düzgün olmazdı. Mənəviyat anlayışı hər bir sahəyə görə dəyişir. Misal üçün bir siyasətçinin mənəviyyatlı olması o deməkdir ki, onun üçün şəxsi mənafeyindən əvvəl dövlətin mənafeyi, ailəsinin güzəranından əvvəl xalqın güzəranı vacibdir. Heydər Əliyev siyasi mənəviyyatın ən bariz nümunəsidir, 1987-ci ilin oktyabr ayında zorla SSRİ rəhbərliyindən uzaqlaşdırılıb təqaüdə göndəriləndə onun Moskvada ailəsi ilə birlikdə yaşadığı mənzildən başqa heç nəyi yox idi, o mənzil də partiyaya məxsus idi və yüksək rütbəli məmurların yalnız istifadəsinə verilirdi. Belə ki, ümummilli liderin Azərbaycana qayıdandan sonra özünə məxsus olan bir mənzili də yox idi və o yaxın qohumlarının evində yaşamağa başlayır.

Müasir dünya globallaşma bəhanəsi altında müstəqil ölkələri demokratiya quruculuğu pərdəsi ilə istila etməyə çalışan, əslində öz ölkələrində demokratiyadan çox uzaq olan bəzi dövlətlərin meydanına çevrilmişdir. Bu ölkələr global güclərə və regional güclərə bölünüblər. Bizim kimi sahəsi və əhalisinin sayı çox olmayan dövlətlərin bu oyunda aparıcı rola sahib olması mümkün deyil. Amma Heydər Əliyevin dahiyanə yaratdığı balanslaşdırılmış xarici siyasət kursunun cənab prezident İlham Əliyevin mükəmməl tətbiqi nəticəsində biz öz regionumuzda belə bir gücə çevrilmişik ki, heç bir layihə bizim iştirakimız olmadan reallaşa bilməz. Bu bizim bir dövlət kimi gücümüzün sübutudur. Lakin gənclərimizdə siyasi proseslərə qarşı laqeydlik və anlaşılmazlıq var. Türkiyəli qardaşlarımızın gözəl bir sözü var "Vətən sağ olsun". Bu ideologiya bizim də aramızda yayılsa idi nə gözəl olardı. Onda nə bizim radikal müxalifətimiz respublikamızı hər fürsət düşəndə avropalı himayədarları qarşısında rüsvay etməyə çalışmazdı, nə də ki cavanlarımız sosial şəbəkələrdə bütün kreativliyini iqtidara qarşı yönəltməzdi. Bu barədə Heydər Əliyev çıxışlarının birində buyurmuşdu : "Müxalifət düzgün hərəkət etməlidir, qanun çərçivəsində hərəkət etməlidir, iqtidara qarşı düşmənçilik nümayiş etdirməməlidir və düşmənçilik fikrində olmamalıdır. Müxalifət iqtidarı tənqid edə bilər, etməlidir, iqtidarın səhvlərini göstərməlidir, iqtidarın fikrindən fərqli olan öz fikrini bildirməlidir, - bunlar təbii haldır. Ancaq düşmənçilik etməməlidir". Biz başa düşməliyik ki, bizim balaca amma müstəqli dövlətimizdən başqa çox böyük və "ac" dünya var ətrafımızda...Dünyanı daha bəsirətli baxışlarla seyr etməyə çalışmalıyıq. Buna görə dövlətimizin müstəqilliyini daha da möhkəmləndirmək, işğalda olan torpaqlarımızı qaytarmaq və nəhayət Azərbaycanın düşmənlərinin əlində bir anti-milli alətə çevrilməmək üçün gənclərimizi öz köklərini, dini mədəniyyətlərini və Heydər Əliyevin ictimai-siyasi irsini daha dərindən mənimsəməyə dəvət edirik.

Bizim bir xalq, bir dövlət olaraq kamilləşməyimiz üçün bütün potensialımız var. Zəngin milli-mədəni irsimiz, görkəmli tarixi şəxsiyyətlərdən ibarət olan nümunələr və Heydər Əliyev kimi böyük siyasi-ictimai mənəviyyat çeşməsi mövcuddur. Gənclərimiz bu çeşmədən doyunca istifadə etməli və təbii ki, o dahi siyasətçinin nümunəsini öz həyatlarına tətbiq etməyə çalışmalıdırlar. Fikrlərimi ümummilli lider Heydər Əliyevin cümləsi ilə bitirmək istəyirəm : "Azərbaycan xalqının gücü bir yerə toplanmalıdır, hamı bir hədəfə vurmalıdır. ... gərək hər kəs Vətən, torpaq, namus yolunda öz payını versin, öz borcunu versin... Xalqın övladları bu torpaqda doğulub dünyaya gəliblərsə, atalarımızın, babalarımızın ruhu bizim üçün müqəddəs və əzizdirsə, öz borcumuzu verməliyik".

Riyad Məmmədzadə

YAP Səbail rayon təşkilatının gənclər birliyinin idarə heyətinin üzvü

yap.org.az

Digər xəbərlər