Ermənistanda beynəlxalq tədbirlərin keçirilməsi qadağan olunmalıdır
"Bu hadisə Ermənistanın siyasi hakimiyyətinin və erməni millətçilərinin separatizminin bir daha nümayiş olunması idi". SİA-ya açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriuna qarşı Ermənistan tərəfindən edilən təhqirlərə, hədələrə və təyziqlərə münasibət bildirərkən belə deyib. O bildirib ki, Ermənistanın başqa bir dövlətin toxunulmazlıq statusuna malik olan şəxsi, həmçinin bu ölkədə qonaq olan hüquq müdafiəçisi öz ədalətli və obyektiv mövqeyini səsləndirməsi səbəbilə təhqir olunur, təqiblərlə üzləşirsə, onun ölkədən çıxmasına qadağa qoyulursa və fikirlərinin geri götürülməsi tələb olunursa, bu artıq Ermənistanın beynəlxalq icmimaiyyətə üz çevirməsi deməkdir: "Çünki onlar haqsız olduqlarını bildikləri halda beynəlxalq skandala səbəb ola biləcək hərəkətlərə yol verirlər".
Millət vəkili Azərbaycan Ombudsmanının məsələ ilə bağlı verdiyi bəyanatı dəstəklədiyini deyib: "Təbii ki, məsələ ilə bağlı ombudsman Elmira Süleymanovanın mövqeyini dəstəkləyirəm. Lakin çox təəssüf hissi ilə qeyd edirəm ki, moldovalı ombudsmanın Ermənistanda öz otağından kənara çıxmaq barədə qadağası olduğu, həmçinin digər dövlətlərin səfirliklərinin bu məsələ ilə məşğul olduğu bir vaxtda Avropanın beynəlxalq təşkilatları və insan hüquqlarının müdafiəsilə bağlı bəyanatlar səsləndirən qurumları yaşanan skandala heç bir münasibət bildirmədilər. Hesab edirəm ki, bu hadisədən sonra Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları baş verənlələrlə bağlı bəyanatla çıxış etməlidirlər. Artıq Ermənistanda beynəlxalq tədbirlərin keçirilməsi qadağan olunmalıdır. Çünki hər an Ermənistanda istənilən məsələ ilə bağlı müstəqil fikrini bildirən insanı təhlükə gözləyir. Düşünürəm ki, yaxın vaxtlarda Avropa Şurası ATƏT-in toplantılarında bu məsələ ilə bağlı müvafiq qərarlar qəbul etməlidir".
sia.az