"Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi" layihəsi uğurlu nəticələr verməkdədir. Bu layihə gənclərimizin hərtərəfli inkişafına müsbət təsirini göstərir". Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, builki "Yay məktəbi"ində də partiyanın üzvü olan yüzlərlə fəal gənc iştirak edir. Bu layihənin 2007-ci ildən həyata keçirildiyini xatırladan S.Orucovun sözlərinə görə, tədbirin keçirilmə qaydaları daha da təkmilləşdirilib.
"Layihədə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil edirlər. Hər il olduğu kimi bu dəfə də "Yay məktəbləri" ölkəmizin gözəl guşələrində təşkil olunur. Gənclərin qaldığı otellərdə yüksək şərait var, onlar bu otellərin bütün xidmətlərindən istifadə edə bilirlər.Bildiyiniz kimi layihənin məqsədi odur ki, gənclər həm asudə vaxtlarını yaxşı keçirsinlər, həm bir-birilə təmas, münasibət qursunlar, eləcə də onlar üçün intellektual və əyləncəli yarışlar təşkil olunur. Eyni zamanda, "Yay məktəbləri"ndə partiyamızı təmsil edən deputatlar, Milli Məclisin komitə sədrləri, eləcə də hökumət nümayəndələri gənclərin qonağı olurlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlarından suallara cavab verirlər. Artıq YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov və partiyamızın digər rəhbər şəxsləri "Yay məktəbi"nin iştirakçıları ilə belə görüşlər keçiriblər. Bu cür görüşlər gənclərimizdə yüksək təəssüratlar yaradır" - deyə, YAP Gənclər Birliyinin sədri qeyd edib.
yap.org.az