PDF Oxu

Siyasət

  • 15

Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələr Azərbaycan ilə tanışlıq coğrafiyasını genişləndirir

Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələr Azərbaycan ilə tanışlıq coğrafiyasını genişləndirir

Dünya ölkələrində gerçəkləşən tədbirlərdə Azərbaycanın ümumi panoraması aydın görünür

Dünyanın lider dövlətləri ilə ayaqlaşan və müstəqil, suveren dövlət kimi potensialını, iqtisadi-mədəni inkişafını ortaya qoyan ölkəmiz zəngin dövlətin tarixi kökləri ilə müasirliyin vəhdətində də diqqətdədir. Son illər Azərbaycanın bir çox beynəlxalq təşkilatlarla, eləcə də YUNESKO ilə əlaqələrinin genişlənməsi və belə möhtəşəm qurumla yaradıcılıq münasibətlərinin yüksək müstəvidə olması, xalqımıza məxsus olan şah, nadir əsərlərin Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi milli maddi-mənəvi dəyərlərimizin möhtəşəmliyinə söykənir. Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılıq sənətinin beynəlxalq siyahıda adının yer alması Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr çərçivəsində reallaşmışdır. Şərq ilə Qərb sivilizasiyasının qovuşduğu məkanda yerləşən Azərbaycan tolerantlığı, müxtəlif etnik qrupların mədəniyyətinə, dininə və dilinə xüsusi qayğı ilə yanaşan ölkə olaraq tanınmaqla yanaşı, bəşəriyyətə nadir mədəniyyət nümunələrini də təqdim edir. Fondun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində reallaşan çoxşaxəli layihələr dünya xalqlarını Azərbaycana daha da yaxınlaşdırır. Müxtəlif məzmunlu tədbirlər çərçivəsində həyata keçirilən layihələrdə Mehriban xanım Əliyeva Azərbaycanı təbliğ etmək məqsədini həyata keçirir. Son zaman reallaşan tədbirlərin əsasında Azərbaycanın panaraması aydın görünüb. Belə ki, Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi Azərbaycan incəsənətinin uğurlu təqdimatlarından biridir. Sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu bugünkü Azərbaycanının mənzərəsidir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Azərbaycan tarixinin və mədəniyyətinin bütün dövrlərinin yüksək səviyyədə təmsil olunduğu sərginin əsas cəhətlərindən biri də ölkəmizin mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi kimi təqdim olunmasıdır. Heydər Əliyev Fondunun bu missiyası demək olar ki, geniş coğrafi məkanı əhatə edib. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Reallaşdırdığı layihələr Azərbaycanın milli dəyərləri, mədəniyyəti, incəsənəti, tarixinin təbliği ilə yanaşı, ölkələrarası mədəniyyət və qarşılıqlı münasibətlərin inkişafında önəmlidir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə milli-mənəvi dəyərlərin təbliği istiqamətində keçirilən tədbirlərdə milli xalçalar, misgərlik, dulusçuluq nümunələri, musiqi alətləri və s. təqdimi xalqımızın zəngin tarixini, mədəniyyətini əks etdirir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya ölkələrində keçirilən "Azərbaycan mədəniyyət" günləri də mədəniyyətimizin təbliği baxımından daha bir uğurlu addımdır.

Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə bu günlərdə Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimizin təqdiminə önəm verilib. Sərgidə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilib. Festivallar sarayının sərgi salonunda təşkil edilən ekspozisiyada Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunub. Sərgidə milli geyimlərimiz, qədim misgərlik nümunələrimiz, milli musiqi alətlərimiz, Heydər Əliyev Fondunun ölkəmizin və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər müxtəlif nəşrlərinə də xüsusi diqqət yetirilib.

Bu mədəniyyət günləri çərçivəsində milli dəyərlərimizlə yanaşı, dünya ölkələrinə Müsəlman Şərqində ilk parlament respublikasının Azərbaycanda qurulduğu, hətta Avropadan çox əvvəl qadınlara seçmək və seçilmək hüququnun məhz bu ölkədə verildiyini, müstəqilliyini yenidən bərpa edən gənc respublikada demokratiyanın uğurla inkişaf etdiyini, Cənubi Qafqaz bölgəsində aparıcı və lider dövlət olduğunu, beynəlxalq aləmdə imicinin yüksəldiyini, yeraltı sərvətlər ilə yanaşı, milli dəyərlərinin də zəngin olduğu da diqqətə çatdırılır. Dünya xalqlarına iyirmi birinci yüzillikdə Azərbaycanın yeniləşdiyi, inkişaf etdiyi, ümumi görkəminin dəyişdiyi də ümumi panoramadan aydın olur. Sıçrayışlar Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri ilə müqayisəyə sövq edir. Ölkə ərazisində yeni binaların inşası, yeni iş yerlərin açılması, turizim obyektlərinin, yeraltı keçidlərin istifadəyə verilməsi, körpülərin salınması və onlarla belə yeniliklər Azərbaycanın sürətli inkişafının göstəriciləridir.

Heydər Əliyev fondunun gerçəkləşdirdiyi layihələr Azərbaycan ilə tanışlıq coğrafiyasının genişlənməsində əhəmiyyətlidir. Sərgilər, festivallar və konsertlərin təşkili Azərbaycanı təkcə yeraltı sərvətləri ilə deyil, həm də bu yeraltı sərvətlərdən daha zəngin tarixi mədəni irslərə malik ölkə olduğunu dünya ictimaiyyətinə təqdim edir. Belə məzmunlu tədbirlər Azərbaycanı təkcə neft və qazla zəngin bir ölkə kimi tanıtmır. Ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər