"Aureliya Qriqoriu Moldovanın Ombudsmanıdır. Bu insan kifayət qədər insan hüquq və azadlıqlarının incəliklərinə yaxından bələd olan şəxsdir. Hesab edirəm ki, Xocalı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların Aureliyo Qriqoriunun dilindən səsləndirilməsi, Azərbaycan həqiqətlərinin təntənəsidir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Moldovanın Ombudsmanı Aureliya Qriqoriunun Ermənistan dövlətində təzyiqə məruz qalmasına münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, artıq insanlar ermənilərin ağ yalanını eşitməkdən beziblər: "Məhz buna görə də, bu fikrin Ermənistan parlamentindən səsləndirilməsi ədalətin təntənəsi kimi dəyərləndirilməlidir. Bəs gəlin görək, bu məsələlərə münasibət necə oldu? Biz bilirik ki, terrorizm Ermənistan dövləti tərəfindən dəstəklənir. Biz Azərbaycana, ölkə diplomatlarına, Türkiyəyə, türk doplomatlarına münasibətdə daima bunun şahidi olmuşuq. Bu terrorun çox dərin keçmişi var. Bu gün isə Ermənistan dövləti həqiqəti söyləyən hər bir şəxsə qarşı dövlət səviyyəsində rəsmi terror təşkil etməyə qadir olduğunu bir daha sübut etdi. Məsələ ondadır ki, bu günə qədər Avropada özünü insan hüquq və azadlıqlarının müdafiəçisi qismində təqdim edən Almaniyanın Ombudsmanı Markus Lüninq bu məsələyə münasibət bildirmir. Lakin onun həmkarı həqiqəti söylədiyinə, insan hüquqlarını müdafiə etdiyinə görə, təhqirə və terrora məruz qalır".Hikmət Babaoğlu hesab edir ki, Avropa Şurasının İnsan hüquq müdafiəçiləri Azərbaycanda dırnaqarası insan hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatları yaradıblar: "Hesab edirəm ki, Aureliya Qriqoriu həqiqəti söyləyib və onu müdafiə etmək lazımdır. Mövqeyindən, əqidəsindən, dilindən, dini etiqadından asılı olmayaraq, bütün dinlərdə həqiqət müdafiə olunur. Əgər beynəlxalq təşkilatlar doğrudan da insan hüquqları məsələsində səmimi olduqlarını göstərmək istəyirlərsə, belə məsələlərdə həqiqəti müdafiə etməlidirlər. Biz hesab edirik ki, bu cür insanlar, Azərbaycanın dostlarıdır".
sia.az