"Yay məktəbi"ndə gənclərimiz istirahət etməklə yanaşı, ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında, eyni zamanda, dünyada baş verən mühüm hadisələrlə bağlı fikir mübadiləsi aparır, müxtəlif mövzularda tədbirlər keçirir, dövlətçiliyimizin inkişafı ilə bağlı öz düşüncələrini açıqlayırlar. Bu fikri YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, bu gün Azərbaycan gəncinin bütün sahələrdə fəallığı göz qabağındadır. Onun sözlərinə görə, müasir Azərbaycan dövlətinin dünəni, bu günü və gələcəyi bugünkü gənclərimizi hər zaman düşündürür, onlar ölkənin inkişafına dəstək olmaq üçün ciddi səylər göstərirlər.
"Bu gün Azərbaycanın bölgədə və dünyada yeri hər bir ölkə vətəndaşında qürur hissi yaradır. Azərbaycan sürətlə inkişaf edir. Böyük enerji layihələrinin əsas iştirakçısı və təşəbbüskarı olan Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihələrin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin artan mövqeyinin təsdiqidir. Sözsüz ki, bu uğurlarımız gənclərin də diqqətindən kənarda qalmır. Onlar bu məsələlərin müzakirəsində, Azərbaycanın uğurlarının təbliğində mühüm rol oynayırlar. YAP-ın ənənəyə çevrilmiş "Yay məktəbi" digər təşkilatlar üçün də nümunə olmalıdır. Bu gün ölkə gəncləri bir araya gələrək keçirilən tədbirlərdə fəal iştirak etməklə yanaşı, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, ölkə həqiqətlərinin təbliğində fəal iştirak edirlər"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
yap.org.az