Dövlət Sosial Müdafiə Fondunda (DSMF) hər bir şəxs üzrə fərdi məlumatların öz sahibinə xüsusi məktublarla çatdırılması sisteminin tətbiqi ilə bağlı təqdimat keçirilmişdir.
Təqdimatda çıxış edən DSMF-nin sədri Səlim Müslümov bu sistemin tətbiqinin "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda mühüm vəzifələrdən biri kimi qeyd olunduğunu demişdir.
S.Müslümov vurğulamışdır ki, ötən dövr ərzində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı məqsədi ilə mühüm işlər görülmüş, 2 milyon 580 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılmışdır. Eyni zamanda, sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, bu məlumatların ünvanlara çatdırılması üçün mühüm işlər həyata keçirilmişdir.
Qeyd edilmişdir ki, fərdi şəxsi hesaba malik vətəndaşların heç də hamısının saytdan istifadə etmədiyi nəzərə alınaraq, fərdi məlumatların öz sahiblərinə xüsusi məktublarla çatdırılması sisteminin tətbiqinə başlanılmışdır. Bu məqsədlə fondda bir gün ərzində 38 min məktubun çap edilməsinə imkan verən avadanlıq quraşdırılmışdır. Bu avadanlıq avtomatlaşdırılmış sistemə daxil edilmiş hər bir sığortaolunanın fərdi hesabında müəyyən bir vaxtda toplanan ümumi məbləği, həmçinin həmin məbləğin hansı sığortaedən tərəfindən göndərildiyini əks etdirən xüsusi paketlənmiş məktublar çap etmək imkanına malikdir.
S.Müslümov diqqətə çatdırmışdır ki, həyata keçirilən bu islahat sistemdə şəffaflığın daha da artırılmasına gətirib çıxarmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə də imkan verəcəkdir. Hər bir işləyən şəxs isə özünün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsini nəzarətdə saxlamaq və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanı qazanacaqdır.
yap.org.az