"1992-ci il martın 24-də yaradılmış ATƏT-in Minsk qrupunun əsas vəzifəsi münaqişənin həllinə nail olmaqdan ibarət idi. Paradoksal hal ondan ibarətdir ki, bu qrup yarandıqdan sonra problem nəinki həll olunmadı, əksinə 92-ci ilin martından sonra Şuşa işğal edilməklə Dağlıq Qarabağın ilhaq edilməsi prosesi başa çatdırıldı və bununla kifayətlənməyərək Ermənistan ətrafda olan 7 rayonu da zəbt etdi". Bu fikirləri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, sonradan yaradılan həmsədrlik institutunun da heç nəyə nail ola bilməməsi və işğal faktorunun aradan qaldırılması göz qabağındadır. Ona görə də, bu gün Azərbaycanın tam haqqı var ki, bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün Minsk konfransının çağırılmasını ciddi şəkildə ortaya qoysun.
"Minsk qrupuna daxil olan 11 ölkənin - ABŞ, Rusiya, Fransa, Belarus, Almaniya, İtaliya, İsveç, Türkiyə, Azərbaycan və Ermənistanın iştirakı ilə münaqişənin həlli məsələləri və indiyə kimi danışıqların nəticə verməməsinin səbəbləri müzakirə edilsin. Ona görə də, Minsk konfransında bir neçə suala aydınlıq gətirilməlidir: Nə üçün danışıqlar nəticəsiz qalıb? Başlıca maneələr nədir? Minsk Qrupunun həmsədrlik institutunun hazırkı formatı problemi həll etməyə qadirdirmi və yaxud bunu istəyirmi? Məhz elə bu səbəbdən də biz təkid edirik ki, Minsk qrupu tam tərkibdə toplanmalı və bu suallara cavab tapmalıdır. Siyasi iradə və istək olarsa Minsk konfransının çağırılması üçün heç bir hüquqi baryera yoxdur. Bu həm də həmsədrlərin fəaliyyətlərinin reabilitasiyası üçün də yeni bir fürsət olar"- deyə, A.Quliyev qeyd edib.
yap.org.az