PDF Oxu

Siyasət

  • 29

Prezident İlham Əliyev ilin dövlət başçısıdır

Prezident İlham Əliyev ilin dövlət başçısıdır

Ölkə rəhbəri "İlin dövlət başçısı" nominasiyasında iştirak edib və İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilib

Məlum olduğu kimi, dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib. Bu barədə qərar iyulun 6-da DƏ-İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış mərasimində elan edilib.

"İlin dövlət başçısı" nominasiyasında iştirak edib və İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri islam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev bu nominasiyanın qalibi olub.

Tədbirin bağlanış mərasimində qərarı elan edən İƏT Modeli Sammitinin hazırlıq komitəsinin sədri və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru professor Abdulaziz Berqut bildirib ki, Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb. Üçüncü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin "İlin dövlət başçısı" mükafatının modelin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə təqdim edilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, bu nominasiya üzrə Prezident İlham Əliyevin qalib gəlməsi o qədər də təəccüblü deyil. Çünki Prezident İlham Əliyevin bu sahədə gördüyü işlərin həcmi o qədər genişdir ki, dövlətimizin başçısının belə bir nominasiyada rəqibsiz olmasını sübut edir. Bu isə ona görə, şübhəsizdir ki, Prezident İlham Əliyev reallaşdırılan uğurlu siyasətin davamını həyata keçirir.

Qeyd edək ki, Azərbaycan tarixin bütün dövrlərində dini-etnik, milli və mədəni dəyərlərə, həmçinin, müxtəlif dinlərin, millətlərin mənsublarına münasibətinə görə, sözün əsil mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif dövrlərdə işğallara məruz qalmasına, ayrı-ayrı xalqların mədəniyyətlərinin təsiri altına düşməsinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini-mənəvi dəyərlərin daşıyıcısı olub, eyni zamanda, birgə yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması və inkişafına mühüm töhfələr verib.

70 ilə yaxın bir müddətdə keçmiş sovet ideoloji təbliğ maşınının işlədiyi və hökm sürdüyü keçmiş SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi-dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində hazırda Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra islam ənənələrinə əsaslanan müqəddəs bayramların dövlət tərəfindən qeyd olunması, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.

Ümumiyyətlə, Azərbaycan dövlət-din münasibətlərinin tənzimlənməsinə və mövcud vəziyyətinə görə, dünyada nümunəvi ölkələrdən hesab edilir. Bu, təkcə azərbaycanlıların qürurla bəyan etdikləri fakt deyil, həm də beynəlxalq təşkilatların nümayəndələrinin, nüfuzlu din xadimlərinin və diplomatların etiraf etdikləri həqiqətdir. Hətta fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət-din münasibətləri bu gün nümunəvi model kimi qəbul olunur və öyrənilir. Bu sahədə çalışan beynəlxalq ekspertlər etiraf edirlər ki, ölkəmizdə dövlətlə dini qurumlar arasındakı qarşılıqlı etimad mühiti, eləcə də, dini konfessiyalar arasındakı əməkdaşlığın səviyyəsi ən demokratik cəmiyyətlərlə müqayisə oluna bilər. Eləcə də, qanunvericiliyin möhkəmləndirilməsi Azərbaycanın modern dünyada tolerantlıq nümunəsinə çevrilməsinə səbəb olub. Eyni zamanda, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif konfessiyalara mənsub dini ibadət evlərinin tikintisi və bərpasına lazımi şərait yaradılması prioritet istiqamətlərdən biri olub.

Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli Liderimiz Heydər Əliyevin bu sahədə əsasını qoyduğu mütərəqqi ənənələri uğurla davam etdirməsi nəticəsində Bibiheybət, Təzəpir, İçərişəhər Cümə, digər məscid və ziyarətgahlarda əsaslı bərpa və yenidənqurma işləri aparıldıqdan sonra dindarların istifadəsinə verilib. Bakıda Əjdərbəy, Həzrət Məhəmməd, Şamaxıda Cümə məscidlərində və Gəncədə İmamzadə ziyarətgah kompleksində bərpa və yenidənqurma işləri aparılıb.

Bu məqamda bildirək ki, Prezident İlham Əliyev bu il mayın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidinin açılış mərasimində iştirak etdi.

Məlumat üçün bildirək ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul edib. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülüb. Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmayıb, yenə də təbiətin sərt sınağına davam gətirməyi bacarıb. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilib. Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparıb. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmayıb. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlayıb.

1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən, milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub.

Bu dəfə isə məscidin yenidən qurulmasına 2010-cu ilin martında başlanılıb. Yenidənqurma işləri ilə yanaşı, Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılıb. Seyid Əzim Şirvani parkı da yenidənqurmadan sonra füsunkar görkəm alıb. Ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılmasına xüsusi diqqət yetirilib. Ötən əsrin 70-80-ci illərində burada təmir işləri yerinə yetirilərkən aparılan qazıntı işləri zamanı məscidin həyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb. Bərpa və yenidənqurma işləri zamanı məscidin əvvəlki görkəmi və Şirvan memarlıq məktəbinin ənənələri maksimum diqqətdə saxlanılıb. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə əsaslı şəkildə möhkəmləndirilib.

Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunub. Günbəzlər qədim memarlıq üslubunda ornamentlərlə bəzədilib. Məscidin dəhlizi təkrarolunmaz tərtibatı ilə diqqəti çəkir. Orta salon milli memarlıq üslubunda yenidən qurulub. Burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər. Nəfis işlənmiş şəbəkələr və digər naxışlar insanı xoş ovqata və milli mənəvi dəyərlərə kökləyir. Böyük günbəz yenidənqurmadan sonra xüsusi görkəm alıb. Sağ və sol günbəzlər də bənzərsiz tərtibatı ilə diqqəti çəkir. Minbərlər də yüksək keyfiyyətlə və ənənəvi üsluba uyğun bərpa olunub. Məscidin həyətində əsaslı abadlıq işi görülüb, iki hovuz inşa edilib, 6 qalereya yaradılıb. İkimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir. Məsciddə konfrans salonu və digər yardımçı otaqlar yaradılıb. 520 kvadratmetrlik məişət binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx yerləşir. Burada yaradılmış zəngin kitabxana dindarların istifadəsinə verilib. Ümumilikdə, Şamaxı Cümə məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına yüksək və həssas münasibətinin bariz nümunəsidir.

Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva dəfələrlə məscidə gəlib, burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olublar. Prezident İlham Əliyev işlərin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini verib. Beləliklə, dövlətimizin başçısı milli-mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olub, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verib.

Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə təmir edilən Bakı şəhərinin kənd və qəsəbələrindəki dini ocaqlar, Buzovna Cümə məscidi, Mərdəkanda Pir Həsən ziyarətgahı, Binə qəsəbəsində İmam Rza və Möhsün Səlim məscidləri, eləcə də, Daşkəsən şəhəri Cümə, Gəncə şəhəri Şah Abbas və Həzrət Zeynəb məscidləri dindarların istifadəsinə verilib.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev müsəlman ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, onların oxşar mənəvi dəyərlərini, mədəniyyətlərini, ənənələrini qoruyub saxlamağı və inkişaf etdirməyi həmişə xüsusi qeyd edib, bu istiqamətdə həmin dövlətləri birləşdirən beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə etməyin zəruriliyini hər zaman vurğulayıb. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən müsəlman dövlətlərini birləşdirən İslam Konfransı Təşkilatı ilə olduğu kimi İƏT-lə də əlaqələri intensivləşməyəvə fəallaşmağa başladı. Ulu Öndər Azərbaycanın İƏT-lə əlaqələrini nəzarətində saxlayıb, onun durmadan inkişafı üçün müvafiq tədbirlər görülməsinə, bu sahədə ardıcıl iş aparılmasına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev İƏT-in bir neçə sammitində iştirak edib.

Ulu Öndər Heydər Əliyevin müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş 3-cü fövqəladə zirvə görüşündə iştirakı, həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə 2006-cı ilin iyununda Bakıda İKT xarici işlər nazirlərinin növbəti 33-cü konfransının keçirilməsi və daha sonralar Bakıda bu quruma üzv dövlətlərin konfranslarının keçirilməsi bu siyasətin tərkib hissəsidir.

Məhz Prezident İlham Əliyevin fəaliyyətilə Azərbaycan-İƏT əlaqələri davamlı olaraq inkişaf edib, ölkəmiz əlverişli çoğrafi mövqeyindən, təbii resurslarından, artan maliyyə imkanlarından yararlanaraq təşkilata üzv olan dövlətlərlə iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verib. Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri ölkəmizlə bərabər İƏT üzvü olan Qazaxıstan və Türkmənistan üçün də karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq üçün ən əlverişli imkanlar yaradır. Bütün bunlar təşkilatın daha da inkişaf etməsini və dünyada öz mövqelərini möhkəmləndirməsini əsaslandırıb, təşkilat daxilində inteqrasiya proseslərini gücləndirib. Eyni zamanda, görülən işlərin nəticəsində bu gün regional əməkdaşlıq baxımından İƏT-in rolu artmaqdadır. Quruma üzv ölkələr arasında regional əməkdaşlığın inkişafında mühüm yer tutan İƏT ticarət-iqtisadi, sənaye, kənd təsərrüfatı, nəqliyyat, energetika, elmi-texniki və digər sahələrdə qarşılıqlı münasibətlərin sabitliyinə və inkişafına köməyin etibarlı və səmərəli mexanizmidir.

Beləliklə də, aydın olur ki, Prezident İlham Əliyevin fəaliyyəti onun həqiqətən, bu nominasiya üzrə rəqibsiz olmasını şərtləndirir. İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyəti bir daha Prezident İlham Əliyevin "İlin dövlət başçısı" seçilməsini əsaslandırıb.

"Səs" Analitik Qrupu

Digər xəbərlər