İyulun 9-da Vyanada ATƏT-in İnsan Ölçüsü Komitəsinin iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Azərbaycanda gender siyasəti" mövzusunda çıxış etmişdir. H.Hüseynova iclas iştirakçılarına ölkəmizdə qadın hüquqlarının, gender bərabərliyinin təmin edilməsi, qadınların sosial, mədəni, siyasi, hüquqi, hərbi və digər sahələrdə təmsilçiliyi haqqında, məişət zorakılığı, erkən nikah, insan alveri ilə mübarizəyə dair ətraflı məlumat vermişdir.
Komitə sədri təqdimatında qadın siyasəti ilə bağlı dövlət proqramları çərçivəsində və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələrdən də danışmışdır. Həmçinin Azərbaycan- Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 400 mindən artıq qaçqın və məcburi köçkün qadınların cəmiyyətə reinteqrasiyası və onlara hökumət tərəfindən göstərilən dəstəkdən bəhs etmişdir.
Tədbirdə iştirak edən üzv dövlətlərin nümayəndələri, səfirlər, diplomatlar, insan hüquqları sahəsində mütəxəssislər bu mövzuda şərhlər verməklə, natiqə suallar ünvanlamışlar.
Avropa İttifaqı adından çıxış edən Litvanın nümayəndəsi Azərbaycanda məişət zorakılığı ilə mübarizə sahəsində aparılan islahatlarla əlaqədar məmnunluğunu bildirmiş, məişət zorakılığının qarşısının alınması sahəsində ölkəmizdə qəbul olunmuş qanunvericilik aktlarını və aparılan təlimləri yüksək qiymətləndirmişdir.
ATƏT-in İnsan Ölçüsü Komitəsinin sədri, Serbiyanın ATƏT yanında daimi nümayəndəsi səfir Vuk Zuqiç geniş və məzmunlu təqdimatına, habelə tədbirdə maraqlı dialoq yaratdığına görə məruzəçiyə təşəkkürünü bildirmişdir.
Səfər zamanı Hicran Hüseynova Vyanada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmişdir. Burada yaradılmış şəraitlə tanış olan komitə sədri Azərbaycan mədəniyyətinin, milli musiqinin və incəsənətin təbliği məqsədi ilə xarici dövlətlərdə yaradılan bu cür mərkəzlərin əhəmiyyətini vurğulamışdır.
yap.org.az