"Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri istehlakçı hüquqlarının qorunmasıdır". Bu fikri İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev deyib.
A.Əliyev bildirib ki, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlər daha da gücləndirilib.
İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran Araz Əliyev Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan mühüm önəm kəsb etdiyini vurğulayıb.
"2013-cü ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 30 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1200 yaddaş kitabçası hazırlanaraq paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb.
Maarifləndirmə tədbirləri hazırda da davam etdirilir. KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.
İstehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən müxtəlif nəzarət tədbirləri də həyata keçirilir"- deyə, A.Əliyev vurğulayıb.
yap.org.az