PDF Oxu

Siyasət

  • 29

Əflatun Amaşov: “Mətbuat Şurasına ümumilikdə 2871 müraciət daxil olub”

Əflatun Amaşov: “Mətbuat Şurasına ümumilikdə 2871 müraciət daxil olub”

SİA Azərbaycan Mətbuat şurasının sədri Əflatun Amaşovun Azərbaycan Jurnalistlərinin VI Qurultayındakı hesabat məruzəsini təqdim edir:

Hörmətli qurultay iştirakçıları!

Möhtərəm qonaqlar, xanımlar və cənablar!

Sizləri Azərbaycan jurnalistlərinin ali məclisində görməkdən məmnunluq duyur və hər birinizi salamlayıram. Bu, sayca 6-cı qurultayımızdır. Əlamətdar cəhətlərindən biri Azərbaycan Mətbuat Şurasının 10 yaşına təsadüf etməsidir. İçərinizdə 800 nəfərdən çox həmkarımızın 15 mart 2003-cü ildə maraqlı diskussiyalar şəraitində Azərbaycan Mətbuat Şurasını təsis etmələrini xatırlayanlar var. Əslində o təməl digər qurultaylar üçün də ənənəyə çevrilib. Lakin ən önəmlisi odur ki, jurnalist cameəmiz yaratdıqları qurumu 10 illik yubileyinə qovuşdura bilib. Bu, birgə zəhmət, səy, iradə və qayğı sayəsində mümkün olub. Mətbuat Şurasının daşıdığı funksiya - media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi isə ona digər qütblərin də sözün əsl mənasında dəstəyini qazandırıb. Biz bunu bütövlükdə ölkə mediasının, Mətbuat Şurasının inkişaf templərində, hər bir qurultayın spesifik orijinal vəzifələrin daşıyıcısı kimi xarakterizə olunmasında, yadda qalmasında görür və qiymətləndiririk. Gəlin, qısa da olsa xatırlayaq. İlk qurultayımızdan sonra Mətbuat Şurası təşkilatlanma mərhələsini yaşadı. İkinci qurultayımız Mətbuat Şurasının yaradılmasını milli jurnalistikamızın inkişafında yeni mərhələnin - özünütənzimləmə mərhələsinin başlanğıcı olduğunu bəyan etdi. Üçüncü qurultayımızda təşkilatlanmadan keyfiyyət dəyişikliklərinə doğru atılan addımları dördüncü və beşinci ali məclislərimiz yeni çalarlarla zənginləşdirdi.

İndi keçilmiş mərhələyə nəzər salarkən belə qənaət hasil olur ki, qurultayımız Mətbuat Şurasının ölkə mediasının qlobal inkişaf dövründə görəcəyi vəzifələri müəyyənləşdirməlidir. Ali məclisimizin gündəliyindən də bu, aydın görünməkdədir. Yəni istər təkmilləşdirilmiş yeni sənədlərin müzakirəyə çıxarılması, tənzimlənmənin əhatə dairəsinin genişləndirilməsi, medianın maddi-texniki bazasının daha da inkişaf etdirilməsi və digər məsələlər günün, dövrün tələbindən doğan reallıqlardır.

Hörmətli qurultay iştirakçıları, media və cəmiyyət qarşısında hesabatlılıq Mətbuat Şurasının on illik fəaliyyətinə xas cəhətlərdəndir. Ötən qurultaydan bəri biz dörd dəfə jurnalistlərimizə və ictimaiyyətə hesabatlar təqdim etmişik. Müzakirələr aparmışıq, səslənən fikir və təkliflərin reallaşması istiqamətində səylərimizi əsirgəməmişik. Lakin bu hesabatın əvvəlkilərdən fərqi özündə onları da əhatə etməsi, ümumiləşdirmələr aparılmasındadır. Təbiidir ki, bu zaman V qurultayın qətnaməsində müəyyənləşdirilən vəzifələrin necə həyata keçirildiyi xüsusi diqqətdə saxlanılıb.

Mən əvvəlki hesabatlardakı ənənədən kənara çıxaraq ilk növbədə mediamızın iqtisadi durumunun, maddi-texniki bazasının, jurnalistlərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsini vurğulamaq istərdim.

Dörd ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Qurumla MŞ arasında sıx əməkdaşlıq mövcuddur ki, bundan mediamız və jurnalistikamız fayda götürməkdədirlər. Milli mətbuatımızın 135 illik yubileyilə bağlı keçirilən tədbirləri, Gəncədə Azərbaycan Demokratik Cumhuriyyətinin 90, müstəqil respublikamızın 20 illiyinə həsr olunmuş konfransları və sair mötəbər tədbirləri misal göstərmək mümkündür. Bakıda türkdilli ölkələrin və toplumların media təmsilçilərinin bir araya gətirilərək Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun keçirilməsi də birgə səylərimiz sayəsində mümkün olub.

2010-cu ilin Milli Mətbuat Günündə mənsub olduğumuz qurum və jurnalistlərimiz unudulmaz anlar yaşadı. Mətbuat Şurasının müasir tələblərə cavab verən yeni binasının açılış mərasimi oldu. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdi. O, Şuranın İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə müstəqil mətbuatın, azad sözün inkişafının ölkəmiz üçün prioritet səciyyə daşıdığını vurğuladı. Arzu və təklifimizə həssaslıqla yanaşaraq həmin gün jurnalistlər üçün mənzil tikintisini nəzərdə tutan sərəncam imzaladı ki, artıq inşa edilmiş bina istifadə üçün tam hazırdır. Cənab prezident həmin il iyulun 22-də həmkarlarımızın "Əməkdar jurnalist", "Əməkdar mədəniyyət işçisi" fəxri adları, orden və medallarla təltif olunması barədə sərəncam da imzaladı. Ümumən ötən beş il mediamıza dövlət dəstəyi kimi fundamental prosesin başlanması, təkmilləşməsi baxımından uğurlu olub və bu uğuru şərtləndirən cəhətlər sırasında qurultay qərarlarının da böyük rolu var. Mediamıza və jurnalistlərimizə göstərdiyi diqqət və qayğıya, həssas münasibətə görə Sizlərin - qurultay iştirakçılarının adından prezidentimiz cənab İlham Əliyevə təşəkkürümüzü yetirir, ona can sağlığı, dövlət başçısı kimi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Burada haşiyə çıxım ki, müasir tələblərə cavab verən bina tezliklə sakinlərinin istifadəsinə veriləcək. Order almağa namizədlər kütləvi informasiya vasitələrində Mətbuat Şurası İdarə Heyəti üzvlərinin iştirakı ilə keçirilən yığıncaqlarda bilavasitə redaksiyaların özləri tərəfindən müəyyənləşdirilib. Ümumi siyahı Prezident Administrasiyasına göndərilib və orada baxılmaqdadır.

İndi isə Sizləri Mətbuat Şurasının ötən müddətdəki konkret fəaliyyət istiqamətləri ilə tanış etmək istərdim. İlk növbədə qurumun başlıca missiyasına uyğun olaraq şikayət və müraciətlərin araşdırılmasından başlamağı zəruri sayıram.

Şikayətlər və müraciətlərin araşdırılması

V qurultaydan bəri Azərbaycan Mətbuat Şurasına ümumilikdə 2871 müraciət daxil olub. Bunlardan 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. İlkin mərhələdə baxılan 2871 məsələdən 1399-u Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 744 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.

Ötən müddətdə Şuraya daxil olan şikayətlərin 728-nə komissiyalarda baxılıb. Bunlardan 511-i Şikayətlər üzrə Komissiyada, 96-ı "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında, 17-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 24-ü Sosial-iqtisadi komissiyada araşdırılıb.

2871 müraciətdən 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil etdiyi halda, yerdə qalan 728 müraciətdən 51-i Mətbuat Şurasının "qara siyahı"sında olan KİV-lərdəndir. Prosedur qaydalara əsasən belə müraciətlərə Şuranın "apellyasiya qrupu"nda baxıldıqdan sonra cavablandırılıb. 10 məsələ Bölgə mətbuatının inkişafı üzrə Komissiyada, 10 məsələ Hüquq komissiyası, 9 məsələ Dil Komissiyası tərəfindən araşdırılıb.

Şikayətlər üzrə Komissiyada baxılan 511 məsələdən 363-ü komissiya səviyyəsində həllini tapıb. Digər 148 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

"Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 96 şikayətdən 78-i barədə təqdimat hazırlanaraq yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə verilib. 18 şikayət isə komissiyada həllini tapıb.

Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 161 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 148 rəyindən 130-u, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının isə 11 təqdimatından 10-u əsas götürülüb. Şikayətlər üzrə Komissiyanın 148 rəyindən 10-u təkrar baxılmaq üçün Katibliyə təqdim edilib.

İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 20-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 135 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 86 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının "qara siyahı"sına salınmasını nəzərdə tutub.

Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında baxılan 17, Sosial Komissiyada baxılan 24 şikayətin hər biri həllini tapıb, bu barədə İdarə Heyətinə müvafiq məlumat verilib.

Bundan başqa, İdarə Heyətinin cari məsələlərlə bağlı digər 95 qərarı var ki, bunlardan da 8-də "qara siyahı"dakı KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətləri araşdıran "apellyasiya qrupu"nun təqdimatına əsaslanılıb.

Qurultaylararası dövrdə Şuranın İdarə Heyətinin 54, Şikayətlər üzrə Komissiyanın 62, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının 18, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 14 iclası keçirilib. Bundan başqa müxtəlif məsələlərlə bağlı Şuranın Sosial Komissiyasının 13, Hüquq, İqtisadiyyat, Dil, Təhsil, Bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 12 iclası keçirilib. Şuranın "apellyasiya qrupu" 8, Ahıl Jurnalistlər Məclisi 15 dəfə toplanıb.

Diffamasiya təşəbbüsləri

Son illər Azərbaycan cəmiyyətində ən çox söhbət açılan mövzulardan biri də diffamasiyadır. Diffamasiyanın dekriminallaşdırılması ilə bağlı ardıcıl müzakirələr gedir. Ümumən Azərbaycanda diffamasiya haqqında qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir. Lakin müzakirələrdə cəmiyyətin qanunun qəbuluna hazır olmadığı ilə bağlı fikirlər də səslənir. Əksini iddia edənlər də var. Mövcud durumda hər iki qütbün düşüncələrinin geniş və sistemli şəkildə ifadə olunmasına, onların bütövlükdə cəmiyyətin mənafeləri nöqteyi-nəzərdən uzlaşdırılmasına ehtiyac duyulur. Mətbuat Şurasının diffamasiya təşəbbüsü də məhz bundan və V qurultayın qətnaməsindən qaynaqlanır.

Azərbaycan Mətbuat Şurası 2010-cu ili "Diffamasiya ili" elan etdi və buna uyğun olaraq ATƏT-in Bakı ofisi ilə birgə fəaliyyət planı həyata keçirdi. İlk olaraq 2010-cu il martın 15-də Şuranın İdarə Heyəti üzvləri və ATƏT-in Bakı ofisinin rəhbərliyi bir araya gəldi. Ölkəmizin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin də qatıldıqları toplantıda Şuranın cəmiyyətdəki yeri və rolu, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması yolları ətrafında fikir mübadiləsi aparıldı. "Diffa¬masiya ili"ndə diffamasiya haqqında qanunun qəbulu ilə bağlı təşəbbüslərin sürətləndirilməsi və paralel olaraq "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın təkmilləşdiril¬mə¬si ilə bağlı birgə fəaliyyətə dair razılıq əldə olundu.

Mövcud istiqamətdə ikinci tədbir Bakıda medianın özünütənzimləməsi ilə bağlı geniş beynəlxalq kon¬fransın təşkili oldu. Konfransda dünyanın müxtə¬lif ölkələrində fəaliyyət göstərən mətbuat şuralarının rəhbərləri, həmçinin aparıcı xarici media qurumlarının təmsilçiləri də iştirak etdilər. Tədbirdə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qayda¬la¬rı"nin yeni variantı ətrafında təhlillər aparıldı. Qaydaların yeni variantı qəbul olundu və bununla da Mətbuat Şurasının ATƏT-lə birgə layihəsinin birin¬ci hissəsinə yekun vuruldu. Bu gün peşə davranışı qaydalarına dəyişikliklər də qurultayımızın müzakirəsinə təqdim olunub.

Əlavə və dəyişikliklər bizlərə peşəmizə daha məsuliyyətli olmağa, dünya mediasının önəm verdiyi prinsiplərə daha həssas yanaşmağımızı təlqin edəcək. Nədir o prinsiplər? İlk nöbvədə jurnalistin şəxsi həyatla ictimai həyatı bir-birindən ayırmasının vacibliyini qeyd etmək istərdim. Hər bir şəxsin təqsirsizlik prezumpsiyasına hörmət, uşaqlar və yeniyetmələrlə bağlı materiallara, şərəf və ləyaqətin qorunmasına diqqətli yanaşılması - əslində bütün bunlar peşəkar jurnalistlərin hər birinə yaxşı məlum olan incəliklərdir. Ancaq düşünürük ki, onların Mətbuat Şurasının fəaliyyət sənədində - Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında əksini tapması prinsipial baxımdan vacibdir. Çıxarılacaq qərar Sizin ümumi rəylərinizdən asılı olacaqdır.

2011-ci ildə Azərbaycan Mətbuat Şurası ATƏT-lə birgə layihəsinin birbaşa diffamasiya məsələləri ilə bağlı fəaliyyət mərhələsinə start verdi. Mayın 11-də Bakıda ATƏT-in və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi. Toplantıda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç, xarici media ekspertləri, ölkəmizin KİV rəhbərləri, həmçinin dövlət rəsmiləri iştirak etdilər.

Konfransda MŞ-nin "Diffamasiyadan müdafiə haqqında" Qanun layihəsi təqdim olundu. Sənəd ətrafında gedən müzakirələr onun beynəlxalq standatrlara cavab verdiyi barədə rəy yaratdı Həmin layihə hazırda müvafiq qurumlarda araşdırılmaqdadır.

Azərbaycan demokratik dövlət quruculuğu yolunu tutubsa, bu yolda başlıca dəyər olan söz və ifadə azadlığı üçün hətta nəzəri maneə belə olmamalıdır. Bu cəhətdən diffamasiyanın cinayət müstəvisindən mülki müstəviyə keçirilməsi jurnalistikamız üçün prinsipial əhəmiyyət daşımaqdadır. Yəni, diffamasiya bizim üçün gedilməsi vacib yoldur. Hazırkı dövrdə praktiki olaraq heç bir jurnalist yazdığı yazıya görə azadlıqdan məhrum edilmir. Ancaq biz yazdığımız yazıya görə azadlıqdan məhrum edilə bilmə ehtimalının nəzəri aspektlərindən də uzaqlaşmalıyıq. Ümid edirəm ki, məsələ tezliklə müsbət həllini tapacaqdır.

"Reket jurnalistika"ya qarşı mübarizə

Keçən qurultayın qətnaməsində "reket jurnalistika"ya qarşı mübarizə də Mətbuat Şurasının prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilmişdi. Qurultaydan sonra bu iş keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası yaradıldı. Mətbuat Şurası tərəfindən 2009-cu ilin "reket jurnalistika"ya qarşı mübarizə ili elan edilməsi bu istiqamətdəki səylərin artırılmasında özünü göstərdi. Əgər 2008-ci ildə adları "qara siyahı"ya salınan qəzet və jurnalların sayı 36 idisə, 2009-cu ildə bu rəqəm 94-ə, 2010-cu ildə 110-a çatdı.

Mətbuat Şurası etik prinsiplərə sayğısız yanaşan, peşə fəaliyyətilə bir araya sığmayan hallara mütəmadi yol verən mətbu orqanlarla bağlı məsələləri yalnız onların adlarının "qara siyahı"ya salınması ilə yetərli saymayıb. Şuranın tərkibində yaradılan "Apellyasiya qrupu"nun apardığı araşdırmalara istinadən düz yola qayıtmaq istəyənlərin müraciətlərinə baxılıb. Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə "qara siyahı"dan 26 qəzet və jurnalın adının çıxarılması barədə qərar qəbul edib. Sonrakı illərdə daha 14 qəzet siyahıdan çıxarılıb. Hazırda "qara siyahı"da 84 KİV-in adı yer alıb.

Jurnalist hüquqları ilə bağlı fəaliyyət

Mətbuat Şurası KİV-lərin və jurnalistlərin müxtəlif dövlət qurumları və məhkəmə orqanları ilə münasibətlərdə üzləşdikləri problemləri öyrənib, onları aradan qaldırmaq üçün müvafiq tədbirlər görüb. Bunun üçün MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası fəaliyyət göstərməkdədir. Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Daxili İşlər, Ədliyyə Nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları daxildirlər. Qurumun üzvləri kütləvi iğtişaşlar, küçə aksiyaları zamanı jurnalistlərin peşə prinsiplərini yerinə yetirmələrinə yaradılan şəraitin monitorinqini də aparıb. Jurnalistlərin üzləşdikləri insidentlərlə bağlı müvafiq qurumlara müraciətlər ünvanlayıb, bir çox hallarda onların hüquqlarının bərpasına nail olub.

Keçirilən tədbirlər

Ötən müddətdə Mətbuat Şurası medianın müxtəlif sahələrinə dair çoxsaylı tematik tədbirlər də reallaşdırıb. 41 tədbirdə konkret olaraq cəmiyyətdə söz və mətbuat azadlığı pinsiplərinin dərinləşməsinə, jurnalistlərin peşəkarlıq vərdişlərinin artırılmasına xidmət edən vəsaitlərin təqdimatını reallaşdırıb. Mətbuat tariximizdə mühüm yeri olan media orqanlarının yubiley mərasimlərinin təşkili məqsədilə 44 tədbir keçirib. Şuranın qurultaylararası dövrdə keçirdiyi 53 tədbiri ölkədə jurnalistikanın, publisistik fikrin və ədəbi mühitin inkişafında xidmətləri olan jurnalistlərlə bağlı yubiley və anım mərasimlərinə həsr olunub. Dünyada söz və mətbuat azadlığı ilə bağlı əlamətdar günlərə dair 10 mərasim düzənləyib.

Qurum bilavasitə jurnalistlərin müəllifləri olduqları kitabların təqdimatına da yer ayırıb. Bununla əlaqədar 18 "dəyirmi masa" təşkil edib. Azərbaycan mediasında müxtəlif sahələrin işıqlandırılması xüsusiyyətləri ilə bağlı toplantıların sayı isə 37 olub.

Beynəlxalq əlaqələr

Hesabat müddəti Mətbuat Şurasının beynəlxalq əlaqələri baxımından da önəmli olub. Şuranın təşəbbüsü ilə ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq toplantılar reallaşdırılıb. Onların bir çoxu barədə məlumat verdim. Bundan başqa qurum Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbut İnstitutu kimi mötəbər təşkilatlarla təmaslar qurub. Hesabat müddətində Şurada 65 dəfə xarici media nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Həmçinin Şuranın İdarə Heyətinin üzvləri və məsul əməkdaşları media ilə bağlı xarici ölkələrdə baş tutan 38 tədbirə qatılıblar.

Perspektiv vəzifələr

Hörmətli qurultay iştitakçıları, hər qurultay qarşıdakı illərdə həllini gözləyən vəzifələr ətrafında həm də bir diskussiya mahiyyəti daşıyır. Mətbuat Şurasının bu ali məclisi məruzədən də göründüyü kimi, medianın qlobal inkişaf dövrünün vəzifələrini müəyyənləşdirməlidir. Onların bəziləri gündəliyimizə daxil olan məsələlər sırasındadır. Biz onlayn medianı necə görmək istəyirik, necə etməliyik ki, tənzimləmə prosesindən bütün cəmiyyət fayda götürsün. Proses qarşılıqlı anlaşmanın daha da dərinləşməsinə xidmət etsin. Jurnalist təhsili, peşəkarlığı spesifik xüsusiyyətlərə malik yeni mərhələyə nə dərəcədə hazırdır? Təkmilləşdirmə klassik üsulla aparılmalıdır, yoxsa ona yeni çalarlar əlavə olunmalıdır? Mediamızın iqtisadi asılılığının aradan qaldırlması, tam müstəqilləşməsi istiqamətində başlanan prosesin uğurla yekunlaşması üçün hansı tədbirlər həyata keçirilməlidir. Nəhayət, reklam bazarımızın müasir tələblərlə ayaqlaşması vacibdir. Elə bilirəm, bu gün Sizlərin fəal mövqeyi sayəsində sualların böyük qisminə cavab alacağıq.

Hələliksə bir daha deyim ki, Mətbuat Şurası müasir dövrün tələbləri ilə ayaqlaşmaq üçün özünün inretnet media resursları üzrə komissiyasını yaradıb. Məsələ Şuranın missiyasına uyğun şəkildə ictimai tənzimlənmədən gedir. Əgər qurum indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, bu andan etibarən internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məqamlar nəzərdən keçiriləcək. Meyarlarımız və prinsiplərimiz isə dəyişməzdir. Çünki cəmiyyətin ümumi mənafelərinə zidd, insanların dinc birgəyaşam qaydalarını təhdid edən peşə dəyərlərindən uzaq materiallar harada dərcindən asılı olmayaraq eynidir. Onlar barədə də müvafiq ölçü götürülməlidir. Mətbuat Şurasına daxil olan çoxsaylı şikayətlərdəki konkret motivlər də bu zərurəti ortaya qoyur. Ümid edirəm ki, Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklərə tərəfdar çıxmaqla mediamızın mənafeyi baxımından zəruri olan prosesə dəstəyinizi əsirgəməyəcəksiniz.

Bir daha Sizləri qurultayımız münasibətilə təbrik edir, hər birinizi fəal diskussiyalara səsləyirik.

sia.az

Digər xəbərlər