Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb. Amma etiraf etmək lazımdır ki, Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq, 1969-cu ildə respublikada ilk dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Unutmaq olmaz ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb.
Bu bir fakt idi ki, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi.
Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu.
Ulu öndər Heydər Əliyev fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə atırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.
Strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi.
Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Sonralar Ulu öndər Heydər Əliyev bu missiya və prosesi məhz belə dəyərləndirirdi: "O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan".
Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı. 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı.
Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental strateji tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın SSRİ səviyyəsində ən yüksək inkişaf tempinə malik olan ölkəyə çevrilməsinin təminatçısı qismində çıxış etdi.
Ölkəyə rəhbərlik etdiyi 13 il ərzində Ümummilli lider Heydər Əliyev gördüyü işlərin sayəsində sanki müstəqil Azərbaycan dövlətinin əsaslarını formalaşdırırdı. Bütün sahələr üzrə intibah dövrünü yaşamış Azərbaycan artıq XX əsrin 80-ci illərinin sonunda müstəqil yaşamaq əzminə sahib olmuşdu. Məhz, ona görədir ki, keçmiş SSRİ imperiyasının dağılmasına ən böyük ideoloji zərbəni Azərbaycan vurdu. Amma çox təəsüflər olsun ki, müstəqillik əldə olunandan sonra Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən başlayaraq, qurub-yaratdığı Azərbaycan təsadüfi insansların əlinə keçdi. Bununla da, AXC-Müsavat hakimiyyəti güclü dövlət kimi öz sözünü deməyə qadir bir ölkənin iqtisadi-sosial, siyasi və ideoloji əsaslarını dağıtdılar. 1992-1993-cü illərdə demək olar ki, respublika total böhran içində idi və vətəndaş müharibəsinin başlanması an məsələsinə çevrilmişdi. 1993-cü il may ayının 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları işçilərinin müşavirəsində Əbülfəz Əliyev hakimiyyətin ölkədə yaranmış vəziyyətə nəzarət etməkdə gücsüzlüyünü etiraf edərək deyirdi: "Xalq deyir: - "kaş canımız bu Xalq Cəbhəsinin əlindən qurtaraydı" – prokurorluqdan, məhkəmədən xahiş edirəm buna cavab versinlər. Bu gün respublika niyə dağılır?"…
Bir daha qeyd edilməlidir ki, bütün bunlar həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş vermişdi. Ona görə də, o dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbrsizliklə gözləyirdi.
Bu illərdə Naxçıvan Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyə doğru irəliləməsində bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış Heydər Əliyev xalqının bu ağır günündə onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi. Belə bir vaxtda 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın Ali qanunvericilik orqanında Onun təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı. Elə o vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı. Sərhəd məftillərinin söküldüyü gün – dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Blokada şəraitində olan Naxçıvanın müdafiəsini təmin etmək məqsədilə Müdafiə Komitəsi yaradıldı. Erməni hücumlarına tutarlı cavablar verildi. Respublikada ilk dəfə olaraq Sovet ordu hissələri Naxçıvanda bütün əmlaklarını qoyaraq Muxtar Respublikanın ərazisini tərk etdilər. Qonşu Türkiyə və İranla münasibətlər normallaşdırıldı, əlaqələr genişləndirildi, Sədərəkdə "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı. Bir sözlə, Ulu öndər Heydər Əliyev başa vurduğu tarixi missiyanın davamı olaraq, artıq milli missiyanı reallaşdırmağa başlamışdı.
Heydər Əliyev xalqla birgə addımlayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevin Sədrlik etdiyi bu partiya böyük təzyiqlərə, təqiblərə və təxribatlara baxmayaraq, tezliklə Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranaraq təşkilatlandı və respublikanın siyasi həyatında öz dəst-xətti, yeri olan qüdrətli bir siyasi qüvvəyə çevrildi. Bununla da, Azərbaycanın siyasi sisteminin formalaşmasına impuls verən YAP Heydər Əliyevin timsalında yeni sivil siyasi mübarizə metodlarını, kütləvi siyasi mədəniyyəti, siyasi şüuru, davranışı, milli xarakteri və formalaşdıra bildi. 1995-ci ildə ölkə Konstitusiyasını qəbulu isə bütövlükdə, ölkənin siyasi və hüquqi əsaslarını yaratdı.
Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Azərbaycanın ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, ideoloji blokadaya alındığı bir vaxtda-1994-cü ildə dünya ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə çoxlarına xəyal kimi görünən "Əsrin müqaviləsi"nin imzalanması ilə üç dəniz əfsanəsini gerçəkləşdirən Ulu öndər misli görünməmiş, mühüm əhəmiyyətli, qlobal bir layihənin müəlliflik hüququnu qazandı. Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirlərin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bununla da, Heydər Əliyev neft strategiyasından bəhrə götürən respublikanın iqtisadi, sosial və digər istiqamətlərdə uzunmüddətli inkişafını təmin edən siyasi kurs ortaya qoydu.
Neft strategiyasının tətbiqini sürətləndirməklə qeyri-neft sektorunu inkişaf etdirən, bazar iqtisadiyyatı yolu ilə irəliləmənin mexanizmlərinin təkmilləşdirilməsi üçün ölkəyə xarici investisiya axınının təməlini qoyan Ulu öndər inanırdı ki, yaxın illərdə ən böyük arzusu olan Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınmasına nail olunacaq.
Bütün bunlara görədir ki, vətənimizin hər bir sakininə, ölkəmizin hüdudlarından kənarda isə çoxlarına məlumdur ki, Azərbaycanın mövcudluğu tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan Azərbaycanın milli qürurunu özünə qaytaran, dövlətimizi öz tükənməz sərvətlərinin sahibi edən ən müdrik və ən cəsarətli rəhbər Ümummilli liderimiz Heydər Əliyev olub. Prezident İlham Əliyev isə Azərbaycan xalqının müdriklik, mərdlik və cəsarət simvolu Heydər Əliyev kursunun layiqli davamçısı olmaqla, respublikamızın siyasi hakimiyyətinə rəhbər seçilməyi ilə xalqı gələcəyə inamlı etdi; müstəqilliyimizin əbədiliyinin, dövlətçiliyimizin inkişaf səviyyəsinin və beynəlxalq nüfuzunun daim artmasının, xalqın rifah halının durmadan yaxşılaşmasının təminatlarını daha da möhkəmləndirir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dahiyanəlik və uzaqgörənliklə işləyib hazırladığı inkişaf xəttinin ən böyük uğuru Prezident İlham Əliyevin başladığı hər hansı işi, həcmindən, mahiyyətindən asılı olmayaraq, həmişə ən yüksək nəticə ilə sona yetirmək iqtidarında olduğunu tam şəffaf prosedurlarla təzahür etdirdi və xalqımıza bir daha bəlli oldu ki, müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı, əhalinin rifahının yaxşılaşdırılması sahəsində Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin təminatı etibarlı əllərdədir. Bu mənada, bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür.
44 il öncə Azərbaycan siyasi rəhbərliyə gəlmiş və genişspektrli fəaliyyətilə Azərbaycan dövlətçiliyi ənənələrini bərpa etmiş, gücləndirmiş şəxsiyyət kimi Ümummilli lider Heydər Əliyev və Onun siyasi varisi Prezident İlham Əliyev daim xalqın rəğbətini qazanıb. Əminik ki, cəmiyyətimiz bu inkişafın davamlı olmasını istəyir və bu səbəbdən də, qarşıdan gələn prezident seçkilərində yenidən cənab İlham Əliyevin dövlət başçısı seçilməsi üçün Ona səs verəcək.
"Səs" Analtik Qrupu