Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlamışlar.
AzərTAc xəbər verir ki, məktubda Azərbaycanda mediaya göstərilən böyük diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxşaxəli siyasi kursun mühüm tərkib hissəsi kimi jurnalist ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılandığı bildirilir.
Qeyd edilir ki, kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müstəqilliklərinin genişləndirilməsinə, onların ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərinin dəstəklənməsinə, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına və sair bu kimi vəzifələrin gerçəkləşməsinə yönələn tədbirlər etibarlı media mühitinə sahib olduğumuzu təsdiqləyir. Bu gün Azərbaycanda dinamik sahə olan media ilə bağlı mühüm konfrans və seminarların keçirilməsi ölkəmizin beynəlxalq imicinin də yüksəlməsinə xidmət edir.
Məktubda daha sonra bildirilir: "Jurnalistlər özlərinin fikir və düşüncələrini sərbəst şəkildə bölüşür, arzu və istəklərini ifadə edən təşəbbüslər irəli sürürlər. Media ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması Sizin mediaya həssas münasibətinizdən qaynaqlanır. Bu həssaslığın növbəti nümunəsinin ağır xəstəliyə düçar olmuş həmkarımız Nicat Dağlara şamil olunmasına dair aldığımız xəbər bizləri ürəkdən sevindirdi".
Məktubda Prezident İlham Əliyevə Azərbaycan jurnalistlərinin VI qurultayına ünvanladığı təbrik məktubunda ifadəsini tapan istiqamətlərin hər birinin jurnalistlər üçün böyük etimad nümunəsi olduğu vurğulanmışdır.
AzərTAc