PDF Oxu

Siyasət

  • 8

Bakıda BMT İnkişaf Proqramının Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosunun seminarı keçirilmişdir

Bakıda BMT İnkişaf Proqramının Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosunun seminarı keçirilmişdir

Bakıda BMT İnkişaf Proqramının (BMT İP) Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosu "Əməkdaşlıq və resursların səfərbərliyi" mövzusunda seminar keçirmişdir.

AzərTAc xəbər verir ki, seminarın məqsədi Şərqi Avropa və MDB ölkələrinin BMT İP ofislərinin insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində səmərəli fəaliyyətini təşkil etmək üçün BMT İP-nin maliyyə dayanıqlılığını və səmərəli planını hazırlamaqdır.

Seminarda, həmçinin BMT İP-nin aktuallığını və liderliyini əsas prioritet inkişaf sahələrinə tətbiq edilməsi məsələləri müzakirə olunmuşdur. Yeni strategiyanın qəbul olunması ilə BMT İP donor təşkilatı imicini dəyişəcək, əməkdaşlıq üçün yaxşı şərait yaratmaqla etibarlı tərəfdaş kimi hökumətlərlə əlaqələrini daha da gücləndirəcəkdir.

BMT İP-nin Regional Bürosunun direktor müavini Haoling Xu Azərbaycanda yoxsulluğun aradan qaldırılması sahəsindəki uğurları yüksək qiymətləndirmiş və ölkəmizin BMT İP ilə əməkdaşlığının regionun dövlətləri üçün gözəl nümunə olduğunu vurğulamışdır.

Bildirilmişdir ki, Azərbaycan maliyyə dəstəyi göstərməklə BMT İP-nin sadiq tərəfdaşı olduğunu bir daha sübut etmişdir. Son illərdə Azərbaycan hökuməti BMT İP-nin fəaliyyətində rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Əminliklə demək olar ki, Azərbaycan BMT İP-nin yeni strategiyasına hazırdır. Məhz buna görə də budəfəki seminarın Bakıda keçirilməsinə qərar verilmişdir.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev BMT İP sistemində Azərbaycanın artıq yardım alan ölkədən donor ölkəyə çevrildiyini vurğulamışdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbul edilməsi ilə Azərbaycanın yeni inkişaf dövrünün başlayacağını qeyd edən nazir müavini ölkəmizin xüsusilə kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə və idarəçilik sahələrində BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığının bundan sonra da davam edəcəyini demişdir.

Seminarda Şərqi Avropa və MDB ölkələrinin bütün BMT İP ofislərinin əməkdaşları iştirak etmişlər.

AzərTAc

Digər xəbərlər