Elman Nəsirli: "Ermənistan rəhbərliyi nəzarətdən kənarda qalan Dağlıq Qarabağ ərazisində narkotiklərin qeyri-qanuni dövrüyəsi ilə məşğul olur"
Dağlıq Qarabağ narkotiklərin becərildiyi və daşındığı nəzarətsiz zonaya çevrilib. Bu məsələdə Ermənistan rəhbərliyinin xüsusi əməyi, rolu olduğu faktlarla öz təsdiqini tapmaqdadır. Təbii ki, dünya birliyinin bu məsələdə susması təəccüb doğurur. Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Ermənistan rəhbərliyi nəzarətdən kənarda qalan Dağlıq Qarabağ ərazisində narkotiklərin qeyri-qanuni dövrüyəsi ilə məşğul olur: "Son vaxtlar Azərbaycan milli təhlükəsizlik nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində məlum oldu ki, təkcə nəzarətdən kənarda qalmış Dağlıq Qarabağ ərazisində erməni zabitləri və əsgərləri başlanğıcını Əfqanistandan götürən İrandan keçməklə bu əraziyə daxil olan narkotiklərin satışını reallaşdırmaqla məşqul deyil, eyni zamanda, narkotiklərin əkilməsi, becərilməsi, yetişdirilməsi, toplanması və satışı funksyasını həyata keçirirlər. Bunu bir müddət öncə saxlanılan İran vətəndaşları bildirdilər ki, Dağlıq Qarabağdan İran ərazisinə də narkotiklər daxil olur və bu narkotiklər öz keyfiyyətinə görə daha üstün hesab edilir. Artıq necə illərdi ki, Dağlıq Qarabağdan erməni zabit və əsgərləri narkotiklərin becərilməsi sahəsində o qədər peşəkarlaşıblar ki, hətta İranda onların hazırladığı narkotiklərə daha yüksək qiymət verirlər".
Politoloq Dağlıq Qarabağda narkotikanın becərilməsi və satışının həyata keçirilməsinə əsaslanaraq bildirdi ki, separatçı rejim və onun Ermənistandan olan "ordusu" əslində narkobizneslə məşğul olurlar: "Yəni, onların öz peşələri ilə bağlı heç bir peşəkarlığından söhbət gedə bilməz. Onlar nə əsgər, də də zabit kimi peşəkar deyillər. Bir sözlə, onlar daha çox narkoman və narkotik becərənlər kimi peşəkardılar. Eyni zamanda, nəzarətdən kənarda qalmış Dağlıq Qarabağ ərazisində narkotiklərin becərilməsi beynəlxalq birlik üçün həyəcan təbilidir. Çünki narkotiklərin qeyri-qanuni dövrüyəsindən gələn maliyyə vəsaiti terrorizm maliyyələşdirilməsinə xərclənir. Bu da bütün dünya üçün təhdiddir. Yəni, qondarma Dağlıq Qarabağ Respublikasında becərilən narkotik maddələr dünya üçün təhlükə mənbəyinə çevrilir".
"Beynəlxalq birliyin susması nə ilə bağlıdır" sualını cavablandıran E.Nəsirli bildirdi ki, dünya birliyinin qondarma Dağlıq Qarabağ Respublikasında narkotiklərin becərilməsi və satışının həyata keçirilməsinə susmasından təəssüf edilir: " Bu da dünya birliyinin ikili standartlardan hələ də qurtula bilməməsini göstərir. Bu gün hələ də dünyada yaxşı və pis terrorçu yanaşmaları var. Nə qədər ki, belə yanaşmalar mövcuddur, heç bir halda beynəlxalq terrorizmə qalib gəlmək mümkün olmayacaqdır. Əgər dünya birliyi separatçı rejimi cəzalandırılmırsa, separatçılıq meyilləri daha da genişlənir. Cinayətkar cəzasız qalanda isə o daha ağır cinayətlərə həvəsli olaraq məsuliyyətsiz bir vəziyyətdə öz fəaliyyətini davam etdirir. Bu gün qondarma Dağlıq Qarabağ Respublikası ərazisində narkotiklərin qeyri-qanuni dövrüyəsi ilə məşğul olan separatçı rejim və onu himayə edən tərəflər öz fəaliyyətləri ilə təkcə regiona deyil, həm də beynəlxalq aləmi hədəfə götürmüş olurlar. Bir sözlə, bu məsələyə lazımı hüquqi qiymət verilməlidir".
GÜLYANƏ