Azərbaycan və Türkiyənin dövlət qurumları arasında əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında mövcud əməkdaşlıq əlaqələri gündən-günə genişlənir və daha mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr olunmuş "XXI əsrdə Konstitusiya ədalət mühakiməsi: xüsusiyyətləri və inkişaf yolları" mövzusunda Beynəlxalq elmi konfransın iştirakçısı, Türkiyə Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç müsahibəsində demişdir.
Haşim Kılıç yubiley münasibətilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivini təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkədə bütün qanunları tənzimləyir, demokratik cəmiyyət quruculuğunun inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Azərbaycanın dünya demokratik dəyərlər sisteminə inteqrasiya prosesində də mühüm rol oynayır.
Türkiyə Konstitusiya Məhkəməsinin sədri qeyd etmişdir ki, Azərbaycan Konstitusiya Məhkəməsi beynəlxalq tədbirlərin keçirilməsində çox fəal iştirak edir.
Haşim Kılıç Türkiyə ilə Azərbaycan arasında mövcud əlaqələri, o cümlədən məhkəmə-hüquq əməkdaşlığını yüksək qiymətləndirmişdir. Gələcəkdə bu əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu demişdir.
yap.org.az