PDF Oxu

Siyasət

  • 31

Azərbaycan tarixində yeni siyasi mərhələnin təməli qoyuldu

Azərbaycan tarixində yeni siyasi mərhələnin təməli qoyuldu

1969-cu il iyul ayının 14-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı zamanın ağır və sərt sınaqlarından uğurla çıxardı

Azərbaycanın son otuz ildən artıq dövrünü əhatə edən tarixi taleyi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Heydər Əliyevin ardıcıl fəaliyyətinin, xalqına məhəbbətinin təzahürüdür.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçdi. Azərbaycanı dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxardı.

44 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycanın tarixində dönüş mərhələsinin təməli qoyuldu. Ümummilli Lider Heydər Əliyevin həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı oldu. Ötən əsrin 60-cı illərinin sonlarında çətin iqtisadi durumda olan Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev qısa zamanda böyük uğurların qazanılmasına nail oldu. 1969-cu il iyulun 14-dən başlanan bu yol Azərbaycanın gələcək tarixinə yeni-yeni salnamələr yazdı. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Azərbaycan xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə ölkəmizin iqtisadi və sosial sahələrdəki çətinliklərinin aradan qaldırılmasına nail oldu. Mövcud vəziyyətdən istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxardı. Bildiyimiz kimi, ötən əsrin 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Heydər Əliyevin səyi ilə iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlandı. Xalq təsərrüfatında köklü struktur dəyişikliklər aparıldı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1969-1982-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır. Bu gün Azərbaycan iqtisadiyyatının inkişafını təmin edən bir çox istehsal obyektləri həmin dövrün məhsuludur. Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev ötən əsrin 70-ci illərində bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur.

Zəngin idarəçilik təcrübəsi olan Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən dahiyanə uzaqgörənliklə çıxara bildi. 1969-1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrü kimi xarakterizə olunur. Həmin illərdə xalqın milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları da baş qaldırdı.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar Azərbaycanın uğurlu gələcəyininə təminat verirdi. Odur ki, hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühası yaşayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət idarəçiliyi məktəbinə çevrildi.

Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda Azərbaycanın, paytaxtının görkəmi də tamamilə dəyişmişdi. Paytaxtımızın simasını müəyyənləşdirən müasir memarlıq üslubunda inşa edilmiş çoxsaylı binalar, mədəniyyət obyektləri, abidələr ucaldılmış. yaşayış evləri tikintisinin həcmi ağlagəlməz dərəcədə artmışdı.

Heydər Əliyevi Liderlik zirvəsinə qaldıran da məhz Onun əməli fəaliyyəti, azərbaycançılıq məfkurəsi oldu. 1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması oldu. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

Mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, zənginləşdirilməsinə, gənclərin fiziki və mənəvi tərbiyəsinə həsr edən Heydər Əliyev ölkəmizin bütün sahələrində qazandığı nailiyyətlərin ilhamçısı və təşkilatçısı kimi tariximizə imza atdı. Şanlı tariximizin yaradıcısı oldu.

Ötən əsrin son illərində yaşanan ictimai-siyasi böhran dövründə Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, qanunçuluğu bərpa etdi və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsil xilaskarı şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazdı.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsi müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik və s. ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsası qoyuldu.

Yalnız Heydər Əliyev zəkası həm sovet dövründə, həm də müstəqilliyimizin ilk illərində Azərbaycanı düçar olduğu bəlalardan xilas etdi. Bütün gücünü və iradəsini yalnız müdrik və qədirbilən xalqından aldığını səmimi etiraf edən Heydər Əliyev həyatının təhlükə qarşısında olmasına baxmayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran zamanı öz müdrikliyini bir daha nümayiş etdirdi. Azərbaycanı dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan xilas etdi.

1993-cü ilin iyunundan başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitlik təmin olundu. Heydər Əliyevin çoxtərəfli gərgin fəaliyyəti sayəsində cəmiyyətin bütün sahələrində həyata keçirilən islahatların nəticəsi olaraq, Azərbaycan Respublikası Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşdu və burada layiqli yerini tutdu. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edir.

Öz gücünü və iradəsini xalqdan alanlar Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycanın gələcək uğurları Heydər Əliyevin siyasəti ilə bağlıdır. Bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət Azərbaycanı uğurlu gələcəyə aparacaqdır."

Ümummilli Lider Heydər Əliyevin yadigarı olan müasir Azərbaycan gündən-günə qüvvətlənir, çiçəklənir, gələcəyə qətiyyətlə və inamla addımlayaraq Prezident İlham Əliyevin siyasəti nəticəsində inkişaf dövrünü yaşayır.

NƏZAKƏT

Digər xəbərlər