PDF Oxu

Siyasət

  • 17

İcra katibi YAP Ağdaş rayon təşkilatının fəalları ilə görüşüb

İcra katibi YAP Ağdaş rayon təşkilatının fəalları ilə görüşüb

Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov YAP Ağdaş rayon təşkilatının fəalları ilə görüşüb. SİA-nın müxbirinin verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Ağdaş rayonunda fəallarla görüş keçirib.

Görüşdə millət vəkili Şəmsəddin Hacıyev, Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov iştirak edib. Əvvəlcə YAP-ın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb. YAP Ağdaş rayon təşkilatının binasında keçirilən görüşü giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov sözü YAP Sədrinin müavini-icra katibi Əli Əhmədova verib.

Ağdaşlı siyasi həmfikirlilərini salamlayan icra katibi YAP-ın namizədi prezident İlham Əliyevin 10 il müddətində respublikamızın iqtisadi, siyasi, mədəni, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində gördüyü işləri, əldə olunmuş nailiyyətləri diqqətə çatdırıb. Azərbaycanın daxili siyasətindəki uğurlarla yanaşı beynəlxalq aləmdə, dünya birliyində mövqeyinin möhkəmlənməsini, söz sahibi olmasını xüsusi vurğulayan Ə.Əhmədov iri enerji layihələrinin gerçəkləşməsindən və ölkəmizə mənfəət gətirməsindən danışıb. Bildirib ki, uğurlu siyasətin nəticəsidir ki, bu gün xalqımızın maddi rifah halını, güzaranını 15 il bundan öncə ilə müqayisə etdikdə böyük fərq yaranır. Odur ki, xalqımızın mütləq əksəriyyəti bu gün Heydər Əliyev siyasi kursunun İlham Əliyev tərəfindən davam etdirilməsini tələb edir. Əminik ki, ağdaşlı vətəndaşlarımız da bu inkişafın davam olunmasını istəməklə İlham Əliyevi növbəti 5 ildə ölkəmizin prezidenti olmasında israrlıdırlar. Azərbaycan hakimiyyətinin siyasətinin qayəsi insanların rahat yaşaması, güzəranın yüksəlməsidir.

İcra katibi çıxışında bildirib ki, hər bir sıravi YAP üzvü seçkilərdə aktiv olmalı, seçki günü məntəqələrə gəlib İlham Əliyevə səs verməlidirlər. Amma bununla vəzifələrinin bitmiş hesab edildiyini düşünməməlidirlər. Hər bir YAP üzvü İlham Əliyevin 10 illik fəaliyyətini olduğu kimi təbliğ etməlidir, - deyən Ə.Əhmədov sonda partiya üzüvlərinə tapşırıqlarını verib.

Millət vəkili Şəmsəddin Hacıyev görüşdə çıxış edərək İlham Əliyevin prezident kimi 10 illik fəaliyyətinin maraq doğuran hissələrindən və bunun əhəmiyyətindən danışıb.

Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək bildirib ki, seçkilərə hazırlıqla bağlı qanunla üzərimizə düşən vəzifəni artıq icra edirik. Rayonumuzu əhatə edən 90 saylı Ağdaş seçki dairəsinin 40 məntəqəsini və 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 17 məntəqəsinin təmirə ehtiyacı olanlarında işlər görülür: "Seçki məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması üçün İcra Hakimiyyəti olaraq tərəfimizdən tədbirlər görülür".

T.İbrahimov Ağdaşda görülən abadlıq, quruculuq işləri barəsində də məlumat verib.

Rayon sakinləri adından Lütvi Paşayev, qadınlar adından Hənifə Yusubova, gənclər adından Anar Şahmuradov çıxış edərək Ağdaş sakinlərinin 16 oktyabr tarixdə keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyərək ona səs vercəklərini bildiriblər.

sia.az

Digər xəbərlər