İlham Əliyev: "Biz bu gün iqtisadi cəhətdən bölgənin ən inkişaf etmiş ölkəsiyik və bizdə olan inkişaf başqa ölkələrlə müqayisə oluna bilməz"
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən birini təşkil edir. Artıq ölkəmizin, xüsusilə regionların sosial-iqtisadi inkişafını müəyyən edən ikinci Dövlət Proqramı (2009-2013-cü illərə dair) başa çatmaq üzrədir. Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. Bütövlükdə, demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 10 ilə yaxın müddətdə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib.
Qeyd etmək yerinə düşər ki, dövlət başçısı İlham Əliyev ötən illərdə bütün rayonlara səfər edərək aparılan hər bir işlə yaxından tanış olub, müxtəlif infrastruktur və sosial obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyev ötən illərdə regionlara 284 dəfə səfər edib, 560-dan artıq respublika əhəmiyyətli sənaye müəssisəsinin, obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib. Eyni zamanda, bu səfərlər hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir. Son olaraq isə dövlətimizin başçısı iyulun 5-də Qərb bölgəsinə səfəri çərçivəsində Tovuz, Qazax və Ağstafa rayonlarında bir sıra istehsal və sosial obyektlərin açılışlarında iştirak edib.
Qeyd edək ki, dövlət başçısı baş çəkdiyi hər bir rayonun, qəsəbənin, kəndin mövcud problemlərin, çatışmayan kommunal xidmət növlərinin vəziyyəti ilə tanış olduqdan sonra dərhal mövcud problemlərin operativ həllinə nail olmaq üçün müvafiq sərəncamlar imzalayır. Həmçinin, Prezident İlham Əliyevin hər dəfə yerli sakinlərlə görüşü bir daha təsdiq edir ki, dövlət başçısının səfərləri ölkə vətəndaşlarında böyük ruh yüksəkliyi yaradır və onları daha əzmlə çalışmağa sövq edir. Cənab Prezident daim vətəndaşlarla açıq şəkildə təmas quraraq onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə, insanlarda dövlətə olan dərin inamı daha da mökəmləndirmiş olur.
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"
Prezident seçildiyi gündən taleyüklü problemlərin həllinə diqqət yetirən Cənab İlham Əliyev Azərbaycanın daha böyük uğurlara nail olacağını əminliklə ifadə edir: "Biz xalqla birlikdə Azərbaycanı inkişaf etdirəcəyik, ölkəmizi zəngin və qüdrətli dövlətə çevirəcəyik."
Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarının daha yaxşı yaşamaları, hər bir sosial infrasturktur və kommunal xidmət növləri ilə təmin olunmaları, rahat istirahət etmələri üçün lazım olan bütün şəraitin yaradılacağını bildirir. "Çünki bizim siyasət sosialyönümlü siyasətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən Prezident İlham Əliyev hər bir rayonda insanların normal yaşaması, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün dövlət siyasətinin gücləndiriləcəyini bəyan edib: "Bu, bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosialyönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır".
2009-cu ildə qəbul olunmuş ikinci Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası nəzərdə tutulan istiqamətdə davam etdirilir. Son 10 ilə yaxın müddət ərzində əldə olunmuş nailiyyətlər, ölkəmizin iqtisadi inkişaf tempinə görə ən qüdrətli dövlətlərlə eyni səviyyəyə yüksəlməsi Prezident İlham Əliyevin özünə və xalqına inamının vəhdətindən yaranan tərəqqidir. Regionların sosial-iqtisadi inkişafına dair iki mərhələli dövlət proqramlarını qəbul etməklə bölgələrin dinamik inkişafını təmin edən, qarşıya qoyulan vəzifələrin həllini daim nəzarətdə saxlayan Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərlərində də məqsəd insanları düşündürən məsələləri yerindəcə öyrənmək, həlli yollarını müəyyənləşdirməkdir: "Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda güclü hakimiyyət və sabitlik- budur bizim inkişafımızı şərtləndirən amillər". Məhz 10 il müddətində dünya birliyində analoqu olmayan ÜDM-nin 3 dəfə artması, sənaye istehsalı 3 dəfə artan ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə qoyulması da deyilənləri təsdiqləyir. Ötən il sərmayə qoyuluşunun 22 milyard dollardan çox olması, həmin vəsaitin 13 milyard dollarının yerli investisiyalar hesabına formalaşması da müsbət təcrübə kimi diqqət çəkir. Beynəlxalq maliyyə qurumlarının Azərbaycanda davam edən quruculuq işlərini, infrastruktur layihələrinin həyata keçirilməsini dəyərləndirməsi, ölkəmizin kredit reytinqini artırması bir daha təsdiqləyir ki, bütün sahələrdə müşahidə olunan inkişaf təkcə statistik rəqəmlərlə ölçülmür. Bu, əhalinin davamlı olaraq şahidi olduğu həqiqətdir. ÜDM üzrə adambaşına düşən pul gəlirlərinin 13,8, əmək haqqının 10 faiz artması insanların sosial həyat tərzinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin uğurla nəticələnməsi deməkdir. Qeyri-neft sektorunda 9,7 faiz, qeyri-neft sənayesində 7,8 faiz artım sahibkarlığın inkişafına göstərilən diqqətin məntiqi ifadəsidir. Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 85 faizinə sahiblik edən Azərbaycanda düzgün parametrlərə əsaslanan siyasətin qətiyyətlə davam etdirilməsi inkarolunmaz faktdır. Aparılan islahatlar, sahibkarlığa dövlət dəstəyinin güclənməsi ilə ÜDM-də özəl sektorun payı 85 faizə çatdırılmış, dövlət büdcəsi 26 milyard dolları ötmüşdür. İqtisadiyyata investisiya qoyuluşu 4,2 dəfə çoxalmış, strateji valyuta ehtiyatları 14 dəfədən çox artaraq 46 milyard dolları ötmüşdür ki, bu da xarici dövlət borcundan on dəfə çoxdur. İşsizlik səviyyəsinin 5,2, yoxsulluğun 6 faizə endirilməsi dövlət proqramlarının tələblərinə uyğun həyata keçirilən layihələrin müasir, təkmil texnologiyalar əsasında tətbiqi sayəsində mümkün olmuşdur. Hazırda ölkə üzrə orta əmək haqqı təxminən 500, orta pensiya 200 dollar səviyyəsindədir. Sahibkarlığın inkişafı ilə çox ciddi addımların atıldığını diqqətə çatdıran Prezident İlham Əliyev, eyni zamanda vurğulayır ki, bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlığın inkişafı üçün gözəl zəmin yaradır, ixracyönümlü məhsulların istehsalı artır. Sahibkarlara münasibətdə qanunsuzluqlara yol verilməsini bağışlanılmaz hal kimi tənqid edən Prezident İlham Əliyev vurğulayır ki, iş adamlarının sosial məsuliyyəti könüllülük prinsipləri əsasında formalaşmalıdır. Məmurların özəl bölmənin fəaliyyətinə yersiz müdaxiləsi bütünlükdə ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyi üçün qanunsuz yoxlamalara da son qoyulmalıdır.
Göründüyü kimi, Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına səbəb olur.
RƏFİQƏ KAMALQIZI