PDF Oxu

Siyasət

  • 36

Diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məntiqi olaraq Azərbaycan diasporu dünya ölkələrində yetkin və formalaşmış şəkildə fəaliyyətdədir

Azərbaycan diasporunun tarixən keçdiyi yol uzun bir zaman məsafəsində tarixi araşdırmalar zamanı aydın və dolğun görünür. Tarixin dönəmlərində dünya ölkələrinə səpələnmiş soydaşlarımız milli düşüncəni, ziyalı mövqeyini ortaya qoysa da diasporun təşkilatlanmasına müvəffəq ola bilməmişdilər. Mənbələrdən bizə məlumdur ki, ümumbəşəri sivilizasiya xəzinəsinə misilsiz töhfələr bəxş etmiş yüzlərlə azərbaycanlı düha dünyanın bir sıra ölkələrində yaşamış və şöhrət tapmışdılar. Azərbaycan dünyaya səpələnmiş ziyalıların qismində elm, sənət ocağı kimi tanınsa da dünya ictimaiyyətinə öz həqiqi ictimai-siyasi-mədəni palitrasını tanıda bilməmişdir.

Ulu Öndər Heydər Əliyev ölkənin ictimai-siyasi həyatının bütün sahələrində sürətli inkişafa aparan köklü islahatlara yol açdı. Azərbaycan qısa vaxt ərzində iqtisadi göstəricilərinə, intellektual potensialına görə SSRİ miqyasında ön sırada yer tutdu. Dahi Öndər Heydər Əliyevin ardıcıl surətdə apardığı islahatlar yalnız iqtisadi sahəni əhatə etmirdi. Bu köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə də böyük sıçrayışlarla nəticələndi. Azərbaycanda elmin inkişafının stimullaşdırılması istiqamətində bir çox mühüm addımlar atıldı. Respublikada azad fikirli ziyalıların təqibinə birdəfəlik son qoyuldu. Təsadüfi deyildir ki, məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1969-cu ildən Sovet İttifaqı dağılana kimi Azərbaycanda bir nəfər də olsun dissident qeydə alınmayıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli Lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, onları yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Beləliklə, Azərbaycan diasporu yeni bir inkişaf yoluna qədəm qoydu. Bu yolun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildi və davamlı olaraq həyata keçirilir. Böyük Şəxsiyyət Heydər Əliyevin uzaqgörən müdrik siyasəti dünya ölkələrində Azərbaycanın tanımasına böyük yollar açmış oldu. Dünyanın hər bir nöqtəsində formalaşmış Azərbaycan diasporu məhz Heydər Əliyevin diaspora qurucluğu siyasətinin məntiqidir.

Ümummilli Lider Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalamışdır. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsini və s. nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayın 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdir. Bu ideyanın sonrakı mərhələlərdə davam etdirilməsi diaspora quruculuğuna töhfələrini verməkdədir.

Bu gün Azərbaycan diasporu ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Niderland, Almaniya, İspaniya, Norveç, Belarus, İsveç, Özbəkistan, Belçika, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirliyi, İsveçrə, Qazaxıstan, İtaliya kimi onlarla dövlətlərdə fəaliyyət göstərir. Belə ki, dünya ölkələrində "Azərbaycan Evi" Cəmiyyəti, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Azərbaycan Kültür Mərkəzi, Azərbaycanlı Tələbələr Assosiasiyası, Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası, Avstraliyada Avstraliya-Azərbaycan-Türk dostluq birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi, Azərbaycan-İsveçrə Türk Cəmiyyəti, İsveçrə Azərbaycan Türkləri Kültür Dərnəyi, İsveçrə-Azərbaycan Dərnəyi, Azərbaycan Türk Kültür Dərnəyi, Azərbaycan-İsveçrə Əməkdaşlıq Cəmiyyəti, İsveçrədə Azərbaycanın Demokratik Tələbə və Gənclər Birliyi, Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi, Amerika-Azərbaycan Ticarət Palatası, Hyuston Azərbaycanlıları Cəmiyyəti, Amerika-Azərbaycan Şurası, Qafqaz Yəhudiləri Cəmiyyəti və onlarla belə qurumlar müstəqillik dövründə məhz Ulu Öndərin diaspora quruculuğu siyasətinin məntiqi olaraq təşəkkil tapmışdır. Bu və ya digər qurumlar dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaqda əhəmiyyətli rola malikdir.

Həqiqətən də Azərbaycan diasporunun məskunlaşma coğrafiyası genişlənir. Dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi diaspor siyasəti uğurla həyata keçirilir.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması ilə bağlı görülün faktlar da kifayət qədərdir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bu da Ulu Öndərin təməlini qoyduğu diaspora siyasətinin məntiqi nəticəsidir.

ZÜMRÜD

Digər xəbərlər