PDF Oxu

Siyasət

  • 23

Binəqədi rayonu yeni inkişaf mərhələsində

Binəqədi rayonu yeni inkişaf mərhələsində

Bu gün yeraltı və yerüstü zəngin təbii sərvətləri ilə seçilən Azərbaycanın sosial sferasında, iqtisadi inkişafında əldə edilən yüksək göstəricilər təkcə kəmiyyəti ilə deyil, yeni keyfiyyət dəyişiklikləri ilə də özünü təsdiq edir. Azərbaycanın iqtisadi-sosial inkişafı ölkə ərazisinin hər yerində uğurla davam edir. Görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində görülən işlər nəticəsini verib.

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı çərçivəsində Binəqədi rayonunda da görülən işlərin məntiqində rayon bu gün simasını dəyişərək, yeni nailiyyətlərə imza atır. Tarixi dövrü özündə ehtiva edən rayon ərazisindəki maddi abidələri və müasir tikililər bu məkanın görkəmində fərqli cizgiləri əks etdirir. Binəqədi rayonunun ümumi görkəmindən söz açarkən rayonun sosial həyatına rəng verən, onu gözəlləşdirən, əhalinin istirahət yerinə çevrilən parklarını da qeyd etməliyik. Yeni salınan və bərpa olunan parklar ekoloji mühitin də sağlamlaşdırılmasında əhəmiyyətlidir. Bu günlərdə rayonun simasına daha bir gözəllik əlavə edən Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasını, eləcə də rayon icra hakimiyyətinin inzibati binasını istifadəyə verilməsi rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin göstəricisidir. Açılış mərasimində iştirak etmiş Azərbaycan Prezidenti İlham Əliyev görülən işləri qənaətbəxş hesab etmişdir.

Qeyd edim ki, ölkə başçısının son zamanda 3 dəfə Binəqədi rayonuna səfər etməsi heç də təsadüfi deyildi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdu. İnşa olunacaq məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənəcək ki, bu da rayona xüsusi gözəllik verəcək. Rayona gözəllik verən Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında da iştirak edən dövlət başçısı görülən işlərdən məmnun qalmışdır. Bütün bu uğurlar bir daha göstərir ki, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun dediyi kimi, rayon paytaxtın birincisinə çevriləcək.

Rayon yeni inkişaf mərhələsini yaşayır

Rayonun ümumi mənzərəsinə nəzər salarkən inzibati ərazisində 4 mikrorayonun və Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə və 28 May qəsəbələrinin mövcud olduğunu da vurğulamalıyıq. Belə bir ərazini özündə birləşdirən Binəqədi rayonunda "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" uğurla icra olunur.

Dövlət Proqramı çərçivəsində Binəqədi rayonunun qəsəbələrində, mikrorayonlarında və digər yaşayış məntəqələrindəki binaların həyətlərində nümunəvi, abad məhəllə layihəsinə uyğun geniş abadlıq-quruculuq işləri aparılır. Rayon sakini olduğumdan hər gün yolum elə Binəqədi rayon ərazisindən keçdiyindən hər gün bir yeniliklə tanış oluram. Demək mümkündür ki, hər gün rayon ərazisində aparılan yeni abadlıq və quruculuq işlərinin canlı şahidi oluram. Əhalinin sosial rifahı, istirahəti ilə bağlı görülən hər bir iş insanların rahatlığının təminatçısıdır. Binəqədi rayonunda metronun "Dərnəgül" stansiyası, Bakı Tennis Akademiyasının mərkəzi tennis kortu, "Bakı" futbol klubunun təlim-məşq kompleksi kimi iri obyektlər istər-istəməz rayonun inkişaf dövrü yaşadığından xəbər verir.

Bu gün Binəqədi rayonu demək olar ki, müasir standartlara uyğun olaraq tamamilə yenidən qurulur. Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri bu fikirləri qələmə almağa əsas verir. Rayonda həyata keçirilən tikinti-quruculuq işləri, müasir standartlara uyğun səviyyədə çəkilən yollar, tikilən körpülər, yeraltı və yerüstü piyada keçidləri, milli-memarlıq üslubunda qurulan abidələr, Bakının keçmişini özündə yaşadan binalara verilən yeni görkəm həqiqətən də böyük abadlıq-quruculuq işlərinin davamlılığından xəbər verir.

Əhalinin rahatlığının təminatı məqsədi ilə Binəqədi rayonunun qəsəbələrində Dövlət Proqramının icrasından irəli gələrək məhəllədaxili yolların asfaltlanması sahəsində də xeyli işlər görülüb, yaşayış məhəllələrində uşaq meydançalarının, məhəllədaxili yolların təmiri davam etdirilib. Belə ki, Sulutəpə, M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbələrində, 1 May yaşayış massivində yollara asfalt döşənilib. "Azəryolservis" ASC-nin xətti ilə Binəqədi-Mehdiabad yolu və Binəqədi şossesi yenidən qurulub.

Ölkə Prezidentinin təsdiqlədiyi dövlət proqramları çərçivəsində rayonda əhalinin elektrik enerjisi, içməli su, təbii qaz ilə təminatının yaxşılaşdırılması, təhsil və səhiyyə müəssisələrinin, idman və mədəniyyət obyektlərinin tikintisi, sosial problemlərin həlli və başqa istiqamətlərdə işlər görülüb, bu gün də planlı şəkildə davam etdirilir.

Rayon icra hakimiyyətinin başçısı Binəqədi qəsəbə sakinləri ilə mütəmadi olaraq mühüm görüşlər keçirir, onların problemləri ilə maraqlanır, hətta bəzi müraciətlər yerindəcə həllini tapır. Bu görüşlərdə sakinləri narahat edən bəzi nöqsan və çatışmazlıqlarla tanış olur. Rayon icra hakimiyyəti başçısı Xaləddin İskəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar qurum rəhbərlərinə müvafiq tapşırıqlar verir. Axı özünün dediyi kimi, hər bir vərəqin arxasında bir insan taleyi görünür. Onu da bildirim ki, Binəqədi rayon icra hakimiyyətində sakinlərin müraciəti üçün yaradılmış "1646" xidməti problemlərin yerində həllinə böyük şərait yaradır. Sakinlər icra hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə telefonla çatdıra və məlumat ala bilərlər.

Binəqədi rayonu sənaye mərkəzinə çevrilir

Müasir dövrümüzdə Binəqədi rayonu sənaye mərkəzinə çevrilib. Rayonda fəaliyyət göstərən əsas iri sənaye müəssisələrindən "Binəqədi Oil Company" Neft Şirkəti, "Bot" MMC, "B.Sərdarov adına Maşınqayırma zavodu", "Bakı Poladtökmə"ATSC və digər sənaye müəssisələrinin Azərbaycanın istehsalında yeri var.

Əhalinin sağlamlığının qorunması dövlətin prioritet məsələlərindən biridir. Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yenidən qurulması və bərpası istiqamətində xeyli işlər görülüb. Bu baxımdan, Binəqədi rayon ərazisində də səhiyyə sahəsində qazanılan uğurlar göz önündədir. Rayondakı 18 dövlət və 9 özəl tibb müəssisəsi tərəfindən əhaliyə səhiyyə xidməti göstərilir. Səhiyyə müəssisəsinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə bir sıra tibb müəssisələrində bərpa və təmir işləri davam etdirilir. O cümlədən, Ə.Məlikov adına 6 saylı Birləşmiş şəhər Xəstəxanasında isə əsaslı təmir işləri aparılmaqdadır. İnsan amili əsas şərtlərdən biri olduğundan, bu sahəyə xüsusi önəm verilir. Sağlam bədəndə sağlam ruh olar. Məhz bu prizmadan insan sağlamlığına diqqət yetirlir.

Gələcəyimiz olan uşaqlara qayğı da undulmur. Sabahımızı düşünərək görülən işlərin miqyası geniş və şaxəlidir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına əsasən 298 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunub, istifadəyə verildi. Açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əsaslı təmirdən sonra istifadəyə verilən körpələr evi-uşaq bağçasında uşaqların ilkin biliklərə yiyələnmələri, əylənmələri üçün hər cür yaradılan şəraitlə tanış olmuşdur.

Gənclərin fiziki sağlamlığı istiqamətində genişmiqyaslı layihələr gerçəkləşir

Gənclərin fiziki sağlamlığı da daim diqqətdə saxlanılır. Onların sağlamlığının qorunması, idman kütləviliyinə nail olunması, bədən tərbiyəsi və idmanın inkişafında keçirilən tədbirlər də diqqətin təzahürüdür. Ölkəmizin bir çox məkanlarında istifadəyə verilən idman kompleksləri yeniyetmə və gənclərin fiziki hazırlığına və sağlamlığına yönəldilib. Rayon ərazisində 6 iri idman-sağlamlıq kompleksinin fəaliyyətdə olması gənclərin sağamlığına dəlalət edir. "Bakı Tennis Akademiyası", "Respublika Stend Atıcılığı İdman Kompleksi", "Binəqədi İdman Sağlamlıq Kompleksi", "Bakı" Futbol Klubunun Təlim-Məşq Bazası və s. məkanlarda süni örtüklü futbol meydançası, mini-futbol meydançası, güləş, voleybol, trenajor, masaj zalı və s. gənclərin ixtiyarındadır.

Gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması dövlətin qarşıya qoyduğu məsələlərdən biridir. Gənclərin əqli sağlamlığı, elmi potensiala malik olması və digər istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir. Bu yaxınlarda rayonda daha bir mühüm layihə gerçəkləşdi. Prezidentin müvafiq Sərəncamı əsasında "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində Binəqədi rayon Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb.

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə möhtərəm Prezidentimiz tərəfindən verilən fərman və sərəncamlar əsasında rayonun aztəminatlı ailələrinin, əlillərin, yaşlı nəslin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra işlər görülüb. Rayon ərazisində yaşayan və məskunlaşan aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi rayon icra hakimiyyətinin diqqətində saxlanılır, onlara müxtəlif yardımlar edilir. "Ünvanlı dövlət sosial yardımı haqqında" və "Sosial müavinətlər haqqında" qanunlara uyğun olaraq il ərzində əlil və imkansız ailələrə müavinət ödənilir, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlər planı həyata keçirilir.

Qeyd olunanlardan belə qənaətə gəlmək mümkündür ki, rayon ərazisində sosial-iqtisadi inkişafa önəm verilir və dövlət proqramları uğurla icra edilir.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər