İlham Əliyev: "Azərbaycanda iş görmək üçün yaxşı şərait, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur"
Azərbaycanın bölgədə güclü sərmayədar ölkə statusuna malik olması artıq dünyanın ən nüfuzlu analitik tədqiqat mərkəzlərinin son illər apardığı əsas təhlil mövzularından birinə çevrilib. Respublikamızın dünyada potensial investor olmasını öz hesabatında xüsusi qeyd edən beynəlxalq reytinq agentlikləri hesab edirlər ki, Azərbaycan regionda xalis kreditor mövqeyi çox güclü olan dövlətdir. Xarici biznes dairələri ölkəmizdəki investisiya mühitini ciddi şəkildə təhlil edərək, şəffaf biznes mühitini və xarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici sərmayə atmosferini təqdir edirlər.
Azərbaycan bölgə dövlətlərinin iqtisadiyyatının real sektoruna sərmayə yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən əsas investor kimi özünü təsdiq etməkdədir. Ölkəmiz region ölkələrinin neft-qaz, neft-kimya, yanacaq-energetika,sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək, iqtisadiyyatın inkişafına töhfəsini verir. Bu gün Azərbaycan dünyanın ən modern və potensial investorlarından biri kimi qəbul edilməkdədir və ölkəmizin sərmayəsini istəyən xarici dövlətlərin sayı artmaqdadır. Azərbaycan Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirməkdədir. Ölkəmizin xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi sərmayələrin həcmi 10 milyard dollardan çoxdur. Xaricə yatırılan investisiyalar Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, onun ümumi maraqlarının təmin edilməsində əhəmiyyətli rol oynayır.
İnvestisiyalar Azərbaycanın iqtisadiyatını gücləndirməklə yanaşı, onun ümumi maraqlarının təmin edilməsində əhəmiyyətli rol oynayır
Nəhəng maliyyə resurslarına malik olan ölkəmiz iqtisadi maraqlarının təmin olunması çərçivəsində son illərdə xarici ölkələrə dəyəri milyardlarla dollar həcmində olan sərmayələr yatırır. Həmin investisiyalar Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, onun ümumi maraqlarının təmin edilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, xarici ölkələrə qoyulan investisiyalar mövqelərimizi möhkəmləndirir, regiondakı rolumuzu artırır: "Azərbaycanda iş görmək üçün yaxşı şərait, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur".
Dünya investisiya bazarında öz potensial gücünü dünyaya nümayiş etdirən Azərbaycanın iri şirkətlərinin fəaliyyətinin təhlili isə göstərir ki, respublikamızın xaricə sərmayə yatıran investorları yalnız bir məqsədi- azad bazar prinsiplərini və ədalətli rəqabət mühitinin təmin olunmasını, eyni zamanda, şəffaflığı başlıca meyar hesab edirlər. Dünyada inkişaf etmiş potensial investor dövlətin investisiya reytinqinin formalaşmasında şəffaflıq elementi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın xarici dövlətlərin iqtisadiyyatına sərmayə yönəldən şirkətləri fəaliyyətlərini şəffaf şəkildə quraraq, nüfuz və etimad qazanıblar. Bunun nəticəsidir ki, bölgədə son illər elan olunan iri investisiya müsabiqələrində Azərbaycan şirkətləri qalib gəlir. Bu, şəffaflıq, antikorrupsiya, azad rəqabətlə bağlı Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Respublikamızın korrupsiya ilə mübarizə strategiyası, göründüyü kimi, xarici iqtisadi fəaliyyət sahələrində də öz mühüm nəticələrini göstərməkdədir.
Son 10 ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb
Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb. Son 10 ildə qeyri-neft sektoruna qoyulan investisiyalar 18,7 dəfə, daxili investisiyalar isə 22,1 dəfə artıb. Bu nailiyyətlər ölkədə yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradıb. Belə ki, əgər 2002-ci ildə ölkədə yoxsulluq səviyyəsi 46,7% təşkil edirdisə, 2012-ci ildə bu göstərici 6% təşkil etmişdi. Bununla da 2015-ci il üçün hədəf kimi müəyyən edilmiş yoxsulluq səviyyəsinə artıq nail olunub. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası çərçivəsində sahibkarlığın inkişafına geniş imkanlar yaratmaq, biznes mühitinin daha da yaxşılaşdırılması, innovativ, bilik iqtisadiyyatının formalaşdırılması, iqtisadiyyatın intellektual-texnoloji səviyyəsinin artırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda, ölkədə yaradılan iş yerlərinin sayı son 10 ildə 1,1 mln-u keçib. Bunlar arasında regionlarda 869 min yeni iş yeri yaradılıb və bununla da ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində işsizliyin səviyyəsi 5,2%-ə qədər enib.
Qeyri-neft sektoruna ayrılan xarici vəsaitlər artır
Son illərin, xüsusən də, qlobal iqtisadi böhranın qabarıq şəkildə büruzə verdiyi dövrün təhlili bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir. Elə bu səbəbdən də xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür və ölkəmizə qarşıdakı dövr ərzində də yatırılacaq sərmayələrin həcmi milyardlarla dollar həcmində ölçüləcək. Bunun başlıca səbəbləri, əlbəttə ki, Azərbaycanda investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə cəzbedici mənfəətlər əldə olunması və bu qəbildən olan digər amillərdir. Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanın çox gözəl imkanları var. Biz özümüzü etibarlı tərəfdaş kimi göstərdik və Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir".
Beləliklə də, bütün bunlar ölkəmizə yatırılan sərmayələrin ümumi həcminin davamlı artmasına yol açır, Azərbaycan iqtisadiyyatını daha güclü hala gətirir, ümumi inkişaf prosesində mühüm rol oynayır.
RƏFİQƏ KAMALQIZI