"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi illərdir ki, müzakirə edilir. Təəssüflər olsun ki, danışıqlara baxmayaraq, Minsk qrupu hələ də bu məsələ barədə heç bir uğur əldə edə bilməyib və münaqişə hələ də həll edilməmiş qalır". Bu fikirləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, münaqişənin həllində irəliləyişin olmaması Minsk konfransının çağırılmasını zəruri edir. Onun fikrincə, bu barədə Azərbaycan tərəfinin təklifləri müsbət qarşılanmalıdır.
"Hesab edirəm ki, konfransın çağırılması ilə ATƏT-in Minsk qrupuna üzv olan bütün ölkələrin məsələni müzakirə etməsi problemin hərtərəfli və birdəfəlik həllinin tapılması baxımından əhəmiyyətli ola bilər. Həmsədr ölkələrin prezidentləri də son bəyanatlarında mövcud status kvonun qəbul edilməz olduğunu bildiriblər. Biz də razıyıq ki, mövcud status kvo dəyişdirilməlidir. Bunun dəyişməsi üçün ilk növbədə Azərbaycanın torpaqları Ermənistanın işğalından azad olunmalıdır"- deyə, B.Səfərov qeyd edib.
yap.org.az