Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirilib.
Konfransda 270 nəfər nümayəndə iştirak edib. Konfransda çıxış edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə tarixi zərurət nəticəsində Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı, Ulu öndər Heydər Əliyevin isə rəhbərliyi ilə yaranıb: "YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır".
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 21 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb: "Partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlara özünün böyük töhfələrini verir". YAP-ın Icra katibinin müavini müstəqillik illərində Azərbaycanda bütün sahələrin inkişaf etdiyini, o cümlədən həm neft, həm də qeyr-neft sektoru sahəsində nailiyyətlər qazanıldığını vurğulayıb.
Siyavuş Novruzov ötən dövr ərzində YAP-ın daha da gücləndiyini deyərək, partiya üzvlərinin sayının 600 mini ötdüyünü qeyd edib: "Yeni Azərbaycan Partiyasının V qurultayı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd kimi irəli sürüb. Hazırda V Qurultayın bu qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində partiyanin uğurlu fəaliyyəti davam edir".
Qeyd edək ki, açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət şurası və 11 nəfərdən ibarət idarə heyətinin üzvləri seçildi. Manaf Manafov YAP Pirallahı rayon təşkilatının sədri seçildi.
yap.org.az