Bu gün YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın İsmayıllı rayon təşkilatının fəalları ilə görüşüb. Görüşdə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova çıxış edərək təşkilatın qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar həyata keçirdiyi tədbirlər, bu yöndə işlərin hazırki vəziyyəti haqqında məlumat verib.
Daha sonra YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edib. Partiyanın yerli strukturlarında belə görüşlərin mütəmadi olaraq keçirildiyini deyən Əli Əhmədov bildirib ki, əsas məqsəd prezident seçkiləri ilində yerli təşkilatların işini daha da gücləndirməkdən ibarətdir.
Əli Əhmədov vurğulayıb ki, YAP yarandığı vaxtdan etibarən ölkəmizdə keçirilən bütün seçkilərdə qələbələr qazanıb. Onun sözlərinə görə, partiyanın artan gücü növbəti seçkilərdə də qələbəni şərtləndirən əsas amillərdən biridir.
YAP Sədrinin müavini bildirib ki, son 10 il ərzində Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, uğurlu siyasət xalqımız tərəfindən dəstəklənir və insanlar növbəti beş ildə də cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyirlər.
Əli Əhmədov bildirib ki, seçki ilə bağlı partiyanın yerli strukturları, o cümlədən ilk təşkilatlar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. O qeyd edib ki, seçki kampaniyası dövründə gənclərin, qadınların, ziyalı insanların potensialından səmərəli istifadə olunmalıdır.
YAP Sədrinin müavini qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar YAP İsmayıllı rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verib.
Tədbirdə həmçinin, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, partiya fəalları Həşim Həşimov və Zaur Muradov çıxış ediblər.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak edib.
yap.org.az