Yeni Azərbaycan Partiyası siyasi səhnəyə ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlsə də, qısa zamanda böyük nailiyyətlərin daşıyıcısına çevrildi. Partiyanın nüfuzu nəticəsində cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələrin ətrafında birləşməsi onun ümumxalq partiyası olduğunu təsdiqlədi. Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsi olduğundan, bu gün onun 600 mindən artıq üzvü var. Bu təsadüfi bir hal deyildir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü uğurlu siyasətindən, inamından qaynaqlanır. Yarandığı zamandan sınaqlardan şərəflə çıxan Yeni Azərbaycan Partiyası bu gün ölkənin, bölgənin əsas aparıcı siyasi təşkilatı kimi tanınır. YAP-ın tutduğu yol ona ümumxalq sevgisini günbəgün artırır, qələbələr partiyası kimi nüfuzunu daha da möhkəmləndirir.
Qarşıda Azərbaycanı tarixində görmədiyi növbəti bir sınaq gözləyir. Prezident seçkiləri ərəfəsindəyik. YAP-ın böyük seçki təcrübəsinə malik olması növbəti seçkilərin də demokratik, şəffaf şəkildə keçiriləcəyinə böyük inam yaradır. YAP-ın keçdiyi şərəfli yola nəzər salaraq qeyd edək ki, 20 ildən artıq fəaliyyət göstərən iqtidar partiyası dəfələrlə prezident, bələdiyyə, parlament seçkilərində iştirak edib və uğurlar qazanıb. Heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində böyük uğur qazanmaqla imicini daha da möhkəmləndirəcək.
Qeyd edək ki, bu yaxınlarda keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayı daha bir uğurlu hadisə olaraq yadda qaldı və tarixin səhifələrinə köçdü. Partiyanın ali orqanı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin prezidentliyə namizədliyinə yekdilliklə səs verdi. Bununla da, siyasi fəaliyyətinin kökündə demokratik, hüquqi dövlətin dəyər və normaları dayanan YAP, möhtərəm İlham Əliyevin hərtərəfli, çoxşaxəli və nəticə etibarilə uğurlu siyasətinin layiqincə həyata keçirilməsinin və ardıcıl olaraq davam etdirilməsinin ölkəmiz və xalqımız üçün tarixi zərurət olduğunu bir daha vurğulamış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin yekdilliklə irəli sürülməsi ölkə başçısının 10 illik fəaliyyyəti dövründə əldə etdiyi uğurların məntiqidir. Ötən dövr ərzində dövlət başçısının istər daxili, istərsə də, xarici siyasət sahəsində qazandığı uğurları xalqımızın tarixi seçimində yanılmadığını sübut etdi. Prezident İlham Əliyev həm seçki kampaniyası dövründə, həm də andiçmə mərasimində xalqımız qarşısında verdiyi bütün vədləri yerinə yetirmək istiqamətində mühüm addımlar atdı və sözlə əməlin üzvi vəhdətinə söykənən lider imici ilə həm də gələcək nəsillər üçün mükəmməl nümunə yaratdı.
Azərbaycanın çox mühüm, əzəmətli, möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dayanır. Azərbaycan son vaxtlar özünün tolerantlığı, humanitar məsələlərə diqqət göstərməyi ilə beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətini cəlb edib. Ölkəmiz beynəlxalq humanitar məsələlərə, dünya ictimaiyyətini düşündürən, narahat edən problemlərə töhfəsini vermək qüdrətindədir. Bu baxımdan, Azərbaycan dünyanın nəzər nöqtəsində olan ölkəyə çevrilib. Bu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.
Artıq ölkəmizdə, bundan əvvəlki seçkilərdə olduğu kimi, 15 oktyabr tarixində keçiriləcək prezident seçkilərində də Yeni Azərbaycan Partiyasının müəyyənləşdirdiyi seçki planlarına uyğun olaraq ciddi hazırlıq işlərinə başlanılıb. Prezident seçkilərinə hazırlıq işləri görülməkdədir. Partiyanın qarşıdan gələn prezident seçkilərinə hazırlıq, prezidentliyə namizədin qeydiyyatı ilə bağlı imzatoplama və digər məsələlərlə bağlı müzakirələr aparılır. Seçki ilə əlaqədar qərargahlar yaradılır.
Seçki kampaniyasını uğurla başa vurmaq və Cənab İlham Əliyevin qələbəsini təmin etmək üçün bütün qüvvələr səfərbər olunacaq.
Nəzakət ƏLƏDDİNQIZI