PDF Oxu

Siyasət

  • 27

Səbail rayon icra hakimiyyəti Milli Mətbuat Günü ilə bağlı jurnalistləri mükafatlandırdı

Səbail rayon icra hakimiyyəti Milli Mətbuat Günü ilə bağlı jurnalistləri mükafatlandırdı

Asif Əsgərov: "Mətbuatla əlaqələrini sağlam münasibətlər üzərində quran rayon icra hakimiyyəti bu əməkdaşlığın daha da möhkəmlənməsinə çalışır"

Dünən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının Şəhidlər Xiyabanındakı qərargahında keçirilən mərasimdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, eləcə də ölkədə fəaliyyət göstərən 50-dən çox televiziya, radio, qəzet və elektron portalın nümayəndəsi iştirak edib.

Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tədbiri açaraq jurnalistləri bayram münasibətilə təbrik etdi, 138 yaşını qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışdı. A.Əsgərov milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq şərəfli yol keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğunu vurğuladı: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşmişdir. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşdırıldı, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mətbuat üzərində senzura ləğv edildi, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları əvvəlcə donduruldu, sonra isə ləğv edildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün Onun davamçısı Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir."

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə 138 illik şərəfli və çətin bir dövr keçmiş Azərbaycan milli mətbuatının inkişaf tarixindən danışdı. Bildirdi ki, bu inkişaf 1875-ci ildə "Əkinçi" qəzetinin nəşrə başladığı dövrə təsadüf edir. "Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə yeni qəzetlər nəşr olunmağa başlandı. Ancaq onlar müstəqil deyildilər. Çünki medianın üzərində senzura tətbiq edilirdi. Yalnız 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mətbuatın üzərindən senzura ləğv olundu. Elə bu dövrdən başlayaraq, ölkədə müstəqil mətbuat formalaşmağa başladı."

V.Səfərli son dövrlər mətbuata göstərilən diqqət və qayğıdan da söz açdı. Bildirdi ki, Prezident İlham Əliyev 2008-ci il iyulun 31-də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Sərəncam imzaladı. "Daha sonra "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq olundu: "2009-cu ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Həmin ilin may ayında isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tərkibi formalaşdırıldı. Bununla da qurum rəsmi şəkildə fəaliyyətə başladı. Qeyd etmək lazımdır ki, bu illər ərzində fond çox böyük işlər görüb. Xüsusilə, keçirilən müsabiqələr nəticəsində bir çox KİV, ayrı-ayrı media nümayəndəsi mükafatlandırılıb, jurnalistikada peşəkarlığın daha da artırılması prosesi sürətlənib. Həmçinin, fond mətbuatın iqtisadi və sosial problemlərinin həllinə də dəstək olub."

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə Səbail RİH-in hər zaman belə tədbirlər keçirdiyini və media nümayəndələrinə diqqət və qayğı ilə yanaşdığını vurğuladı. Milli mətbuatın təməl prinsiplərindən danışan V.Rəhimzadə dövlət rəhbərliyi tərəfindən KİV-ə çox böyük dəstəyin göstərildiyini dedi və jurnalistlərə verilən böyük dəyərə görə bundan sonra daha məsuliyyətlə çalışmalı olduqlarını diqqətə çatdırdı.

Tədbirdə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov çıxış edərək Azərbaycan milli mətbuatının inkişaf tarixindən, Ümummilli Liderimizin, eləcə də Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışdı.

Tədbirin sonunda Səbail rayon icra hakimiyyəti tərəfindən jurnalistlərə qiymətli hədiyyələr təqdim olundu.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər