PDF Oxu

Siyasət

  • 36

Qreq Saunders: Azərbaycan dünyanın ən etibarlı və əməkdaşlığa açıq enerji tərəfdaşlarından biridir

Qreq Saunders: Azərbaycan dünyanın ən etibarlı və əməkdaşlığa açıq enerji tərəfdaşlarından biridir

İyulun 17-də ABŞ Konqresində Azərbaycan, Albaniya, Yunanıstan və İtaliya səfirliklərinin birgə təşəbbüsü və təşkilatçılığı ilə "Cənub qaz dəhlizi və onun Avropanın enerji təhlükəsizliyindəki rolu" mövzusunda brifinq keçirilmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, brifinqdə layihənin iştirakçı olan dövlətlərinin ABŞ-dakı səfirləri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov və bp-nın beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Qreq Saunders çıxış etmişlər. Böyük marağa səbəb olmuş tədbirdə Konqres üzvləri və əməkdaşları, müxtəlif analitik mərkəzlərin mütəxəssisləri, ABŞ Dövlət Departamentinin rəsmiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirin moderatoru səfir Elin Süleymanov Azərbaycan hökuməti tərəfindən Cənub qaz dəhlizi ilə bağlı verilmiş qərarın perspektivlərindən bəhs etmiş, layihənin reallaşmasının yeni geosiyasi reallıqlar yaratması ilə yanaşı, həmçinin iştirakçı dövlətlərin social-iqtisadi rifahının yüksəlməsinə xidmət edəcəyini diqqətə çatdırmışdır.

Albaniyanın ABŞ-dakı səfiri Gilbert Galanxhi öz çıxışında Trans-Adriatik qaz kəməri (TAP) layihəsi ilə bağlı verilmiş qərarın ölkəsi üçün çox önəmli və əlamətdar olduğunu bildirmiş, bu strateji xarakter daşıyan qərarın gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacağını vurğulamışdır. Ölkəsində qaz infrastrukturunun mövcud olmadığını bildirən səfir bu sahədə yeni obyektlərin yaradılması yolu ilə inkişafa nail olunacağına böyük ümidlər bəslənildiyini demişdir.

Bildirilmişdir ki, layihənin reallaşması yalnız region üçün enerji təhlükəsizliyinin təminatı deyil, həmçinin bütün Avropanın strateji təhlükəsizliyinin təminatında əsas amil olacaqdır. Səfir TAP layihəsinə iştirakçı dövlətlərlə yanaşı, digər qonşu dövlətlərin cəlb olunması yolu ilə əlavə birləşdirici kəmərlər çəkilməsi imkanını stimul kimi dəyərləndirmişdir. Albaniyalı diplomat Azərbaycan hökumətinin bu layihədə liderliyi öz üzərinə götürməsini xüsusilə qeyd etmiş, rəsmi Bakıya öz təşəkkürünü bildirmişdir.

Daha sonra çıxış edən Yunanıstanın səfiri Christos Panagopoulos Azərbaycanı Avropanın enerji sahəsində ən etibarlı müttəfiqi kimi xarakterizə etmişdir. TAP layihəsinin gündəlikdə olan digər layihələrlə müqayisəli şəkildə üstünlüklərindən bəhs etmiş, layihənin daha çox sərmayə cəlb etmə imkanını xüsusilə vurğulamışdır. TAP layihəsinin Yunanıstan üçün prioritet məsələ olduğunu bildirən səfir onun həyata keçməsi nəticəsində iqtisadi böhranın fəsadlarından əziyyət çəkən ölkəsinin iqtisadi inkişafına təkan verəcəyini bildirmişdir.

Tədbirdə iştirak edən İtaliya səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Lorenzo Galanti Xəzər dənizindən çıxarılan təbii qazını Avropa sərhədlərinə qədər daşıyacaq TAP layihəsinin ölkəsinin milli enerji təhlükəsizliyi konsepsiyasına daxil edildiyini və layihə sayəsində İtaliyanın enerji mərkəzi mövqeyini qazanacağını diqqətə çatdırmışdır.

Hər üç dövlətin nümayəndələri təmsil etdikləri dövlətlərin "Cənub qaz dəhlizi" layihəsinə tam siyasi dəstək vediklərini bəyan etmişlər. Daha sonra çıxış edən ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın enerji tarixindən bəhs etmiş, neft sahəsinə aid əksər "ilk"lərin Azərbaycanda həyata keçirildiyini diqqətə çatdırmışdır. TAP layihəsinin yalnız başlanğıc olduğunu və gələcəkdə digər Balkan dövlətlərinin cəlb edilməsi yolu ilə birləşdirici boru kəmərlərinin çəkilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. İlk addım kimi Yunanıstan-Bolqarıstan birləşdirici xəttin çəkilməsi və digər qaz yataqlarının istismarına başlanacağını bildirmişdir.

Sonda çıxış edən Q.Saunders Azərbaycanı dünyanın ən etibarlı və əməkdaşlığa açıq enerji tərəfdaşlarından biri kimi xrakterizə etmişdir. Q.Saunders "Əsrin müqaviləsi"nin imzalanması və reallaşdırılması ilə Azərbaycanın enerji siyasətinin birinci hissəsinin uğurla başa çatdırıldığını, ikinci hissə olan TAP layihəsinin isə böyük perspektiv və imkanlar vəd etdiyini bildirmiş, bu layihənin seçilməsi ilə bağlı verilən qərarda iştirak edən dövlətlərin cəsarətli addımını xüsusilə qeyd etmişdir. "Cənub qaz dəhlizi" layihəsindən faydalanacaq dövlətlərdən biri kimi Gürcüstanı qeyd edən Q. Saunders layihənin bu ölkə üçün yeni və birbaşa xarici investisiya mənbəyi olacağını bildirmişdir.

Qeyd edək ki, natiqlər TAP layihəsi ilə bağlı verilmiş qərarın birbaşa Azərbaycan hökumətinin siyasi iradəsinin və liderliyinin göstəricisi olduğunu qeyd etmişlər.

Vaşinqtonda bu səpkidə ilk dəfə keçirilən və regional əməkdaşlığın parlaq göstəricisi olan tədbirin məhz Konqresdə baş tutması böyük siyasi önəm daşıyır. Tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlardan Sevinc Fətəliyeva və Asim Mollazadə iştirak etmişlər.

yap.org.az

Digər xəbərlər