"Təəssüflə qeyd etmək istərdim ki, bəzi müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin, habelə müxalifətə yaxınlığı ilə seçilən QHT və KİV nümayəndələrinin təmsil olunduğu "milli şura" adlanan qurumun təmsilçisi həmin tədbirdə Azərbaycan haqqında absurd, əsassız, qeyri-obyektiv və dezinformasiya xarakterli çıxış edib və eyni məzmunlu məlumat yayıb. Məlumat üçün bildirim ki, həmin tədbirdə Azərbaycan ilə bağlı iki tənqidi çıxış olub. Bunlardan birini "milli şura"nın nümayəndəsi, o birisini də ABŞ Erməni Milli Assambleyasının təmsilçisi edib. Eyni zamanda, hər ikisi də tənqidi arayış yayıblar. Azərbaycan qanunvericiliyini təhrif edən, ölkədə baş verən hadisələrə, cərəyan edən proseslərə öz subyektiv siyasi maraqları prizmasından yanaşan, subyektiv siyasi iddialarını reallaşdırmağa cəhd göstərən "milli şura" və orada təmsil olunan antimilli ünsürlər indi də ermənilərlə sinxron şəkildə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün konkret fəaliyyətə başlayıblar". Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ Helsinki Komissiyasının Azərbaycan ilə bağlı brifinqdə milli şuranin rəhbər şəxslərindən olan Eldar Namazovun Azərbaycan hakimiyyətinə qarşı sərt ittihamlar səsləndirilməsinə münasibət bildirərkən qeyd etmişdir.
Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, müxalifət təmsilçiləri müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarır, Azərbaycan xalqının rəyi ilə hesablaşmadan onun taleyini xaricdə həll etməyə çalışırlar. Bu gün Azərbaycan hakimiyyətinə qarşı absurd iddialarla çıxış edən, Azərbaycan Prezidentinin qanuna müvafiq şəkildə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququnu şübhə altına almağa çalışan "milli şura"nın qondarma müraciət müəlliflərinin özlərinin keçmişi kifayət qədər qaranlıqdır və hüquqi qaydada araşdırılmalıdır. "Nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq QHT-lər Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar barədə danışarkən, "milli şura" təmsilçisi Azərbaycanı az qala kriminal ölkə kimi qələmə verməyə cəhd göstərir. Onun nəzərinə çatdırırıq ki, "Transparency İnternational" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" hesabatında Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlər əldə etdiyi bir daha təsdiq olundu. Hesabata görə, Azərbaycanda respondentlərin 68 faizi hesab edir ki, korrupsiyaya qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirləri səmərəlidir. Bu, dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz göstəricisindən 3 dəfə artıqdır. Dünya üzrə respondentlərin 50 faizindən çoxu hesab edir ki, korrupsiyanın səviyyəsi son iki ildə artıb. Azərbaycanda isə respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb" - deyə, Əli Həsənov bildirmişdir.
Əli Həsənov qeyd etmişdir ki, bu gün Azərbaycan hökuməti, siyasətçilər, nüfuzlu ictimai təşkilatlar, media, tanınmış ziyalılar, Azərbaycan diasporunun fəalları bütün imkanlardan istifadə edərək Ermənistanın və erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinin ifşa olunmasına, işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsinə çalışırlar. ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz "907-ci maddə"nin aradan qaldırılması üçün məqsədyönlü fəaliyyət daha da qətiyyətlə davam etdirilir. "Milli şura"nın təmsilçisi isə Helsinki Komissiyasının "dinləmələrində" çıxış edərək Azərbaycana qarşı yeni sanksiyaların tətbiq olunması tələbini irəli sürür. Bu fakt "milli şura"da cəmləşmiş insanların anti-Azərbaycan xislətinin bariz nümunəsidir.
Əli Həsənov "Milli şura" təmsilçisinin iddiaları qarşıdan gələn prezident seçkilərinin şəffaf, demokratik keçiriləcəyini indidən şübhə altına almaq cəhdindən başqa bir şey deyildir. Bu qrupun anlamında ədalətli seçki yalnız onların maraqları çərçivəsində təşkil olunmuş seçkidir. Yəni, yalnız müxalifətin qələbəsinə təminat verən seçki mexanizmi qanunauyğun, seçki prosesi isə ədalətli və şəffaf ola bilər. Opponentlərin gücü, iddiaları, real imkanları, ən əsası isə Azərbaycan xalqının rəyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Lakin Azərbaycan müstəqil dövlətdir və ölkə həyatı, sosial, iqtisadi, siyasi, ictimai, mədəni proseslər, seçki kimi ümummilli məsələlər cəmiyyətin daxili tələbatına və xalqın rəyinə uyğun tənzimlənir. Buna görə də seçki prosesi heç vaxt hakimiyyətə iddialı olan, lakin iddiaları ilə real imkanları bir araya sığmayan daxili siyasi qrupların ambisioz planlarına uyğun təşkil oluna və tənzimlənə bilməz" - deyə qeyd etmişdir.
yap.org.az