"Əgər "Milli Şura" adlanan qurumda təmsil edilən qüvvələr Azərbaycanda iqtidara gəlsə, işğal olunmuş torpaqlarımızı ermənilərə güzəştə gedəcəklər". Bunu SİA-ya Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə Eldar Namazovun ABŞ Helsinki Komissiyasının Azərbaycanla bağlı keçirdiyi brifinqindəki əsassız ittihamlarına münasibət bildirərkən deyib.A.Əlizadənin sözlərinə görə, həmin brifinqdə Azərbaycana qarşı yalnız Erməni Milli Assambleyasının üzvü və Eldar Namazovun çıxış etməsi bunu bir daha mümkün edir: "Onların prezidentliyə vahid namizəd olaraq irəli sürdüyü Rüstəm İbrahimbəyov bəyan edib ki, Dağlıq Qarabağ erməni torpağıdır. İsa Qəmbər isə ümummilli erməni hərəkatı ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Bundan başqa bildiriblər ki, hakimiyyətə iki illik gələcəklər və ona görə də hələ Dağlıq Qarabağ münaqişəsindən danışmırlar. Hərçənd ki, onların hər biri Qarabağ deyərək siyasətə gəliblər. Münaqişə başlayandan bəri Rüstəm İbrahimbəyov ağzına su alıb oturub. Bir sözlə, bu insanlar Azərbaycan dövlətçiliyi və xalqının əleyhinədirlər. Məqsədləri hakimiyyətə gələrək Azərbaycan xalqını qarət etməkdir. Əgər onlar xalqa inansaydılar, xaricdən havadar axtarmazdılar".
sia.az