"Təəssüf ki, bu günə qədər radikal müxalifət liderləri gənclərdən daha çox öz şəxsi maraqları üçün istifadə edirlər. Bununla da şəxsi maraqların üzərində qurulan şouların nəticəsi olaraq, bəzi gənclərimiz qanunsuz aksiyalarda iştiraka görə həbs olunurlar". Bunu SİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov müxalifət nümayəndələrinin gənclərlə görüşmək istəmələrinə münasibət bildirərkən deyib.ATGTİ sədrinin sözlərinə görə, müxalifət dairələri gənclərin qanunsuz aksiyalarda iştiraka görə həbs olunmasından maksimum yararlanmağa və bunu şou aləti kimi əllərində bayraq etməyə çalışırlar: "Düşünürəm ki, bu insanlar gənclərlə görüşmək əvəzinə, onları düzgün istiqamətə yönəltsələr, daha yaxşı olardı. Əminəm ki, onların gənclərlə görüşü həm say, həm də keyfiyyət baxımından o qədər də yüksək nəticə verməyəcək. Belə hesab edirəm ki, bu, müxalif liderlərin növbəti siyasi oyunlarıdır. Düşünmürəm ki, onlar bununla hər hansı bir uğur əldə edəcəklər. Həmin insanlar müxalifət deyillər, onlar sadəcə olaraq hakimiyyətə gəlməyin müxalifliyini edirlər. Bunların məqsədi odur ki, seçkiqabağı hər hansı bir siyasi oyunlar həyata keçirib, proseslərə təsir göstərsinlər. Təbii ki, bu da absurddur. Hamı bilir ki, real qüvvə haradadır, gənclik kimin ətrafındadır".
sia.az